Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

Üç yeni kitab çapdan çıxdı


Qanun nəşriyyatından üç yeni kitab
Qanun nəşriyyatından üç yeni kitab

-

İyun ayında Azərbaycanda üç yeni kitab daha çapdan çıxıb. Qanun nəşriyyatından "Oxu Zalına" verilən məlumata görə bunlar dünya şöhrətli, nobel mükafatı lauriyyatı Svetlana Alekseyeviçin romanı, Azərbaycanlı ictimai xadim Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlunun atası barədə xatirələri və türk yazarı Ahmed Hamdi Tanpınarın romanıdır

Svetlana Aleksiyeviç

“MÜHARİBƏNİN QADIN OLMAYAN ÜZÜ”

Müharibənin qadın olmayan üzü” romanı İkinci Dünya müharibəsində iştirak edən yüzlərlə müharibə iştirakçısı olan qadının dilindən qələmə alınan, bədii psixoloji rənglərlə zəngin bir əsərdir. Müəllif bu romanı ilə müharibəyə olan nifrətini tam olaraq aça bilib və bütün bəşəriyyəti müharibəyə nifrət bəsləməyə səsləyib. Roman emosional duyğular, kövrək anlar, müharibə iştirakçısı qadınların müxtəlif dövrlərindən bəhs edən həyat lövhələri ilə diqqət çəkir.

Tərcümə: Əyyub Qiyas

Səməd Ağaoğlu

"ATAMIN DOSTLARI"

Azərbaycan əsilli görkəmli türk yazıçısı, siyasətçi və dövlət xa­di­mi Səməd Ağaoğlu (1909-1982) çağdaş Türkiyədə memuar ədəbiyya­tının görkəmli nümayəndələrindən biri kimi tanınır. Onun oxuculara təqdim olunan “Atamın dostları” kitabında atası, XX əsrin ilk on­illik­lərində Azərbaycanın və Türkiyənin fikir həyatında müstəsna xid­­mətlər göstərmiş Əhməd Ağaoğlunun (1869-1939) türkçülük hərə­katında, sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda mübarizədə çiyin-çiyinə addımladığı bir sıra görkəmli şəxsiy­yətlərin portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi ciz­gilərlə rəsm etdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır.

Kitab tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətləri ilə məşğul olan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün maraqlı ola bilər.

Tərcümə Vilayət Quliyev

Ahmet Hamdi Tanpınar

“BEŞ ŞƏHƏR”

“Beş şəhər” tarixi xatirə üslubunda qələmə alınıb. Ahmet Hamdi Tanpınar bu əsərdə həyatının təsadüfləri olan Ankara, Ərzurum, Konya, Bursa və İstanbul şəhərlərindən söz açır.

Səyahət kitabından, yaxud səyahətnamədən fərqli olaraq, yazıçı tarixi məlumat, quru gəzinti bələdçiliyi, şəhər coğrafiyasından kənara çıxır, mənəviyyat, sənət, estetika, mədəniyyət və elm xəzinəsinə müraciət edir.

“Beş şəhər” əsəri, əslində, köhnə ilə yeninin daimi toqquşmasından bəhs edir. Tanpınar xatirələriylə zənginləşdirdiyi keçmişə bu günün pəncərəsindən baxır.

Tərcümə: Nəriman Əbdülrəhmanlı

XS
SM
MD
LG