Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

-

Alpay Azər

Alpay Azər

Yox, yox, ən yaxşısı qanadlı paraşütdü, istədiyin qədər uç Bakının, Xəzərin üstüylə. Sonra süzə-süzə enəsən ilıq qumu olan adamsız sahilə. Orda da iki dənə közdə qızardılmış qarğıdalı ola. Yeyə-yeyə dənizə baxasan, axırda da quma uzan, lap öl.

Alpay Azər

QƏRİBƏ XAHİŞ

İldə yeddi-səkkiz dəfə universitetin müəllimləri, tələbələri, süpürgəçiləri, bənnaları səhər birinci mərtəbədə, divardakı çərçivəyə salınmış, üstündən qara lent keçən şəkil görəndə, qəfildən əyləci basıb mexaniki özlərinə sual verirlər: “Hmm, görən, kimdi?” Sonra yaxınlaşıb şəklə baxır, altındakı elanı oxuyurlar: “Filan kafedranın professoru, (ya dosenti) Əliyev Vəli dünyasını dəyişmişdir. Universitet rəhbərliyi mərhumun ailəsinə başsağlığı verir. Allah rəhmət eləsin”. Şəklin altında dörd dənə qırmızı qərənfil.

Hələ uzaqdan baxıb şəkildəkini tanımayanda, Nahid müəllimin, bəlkə də çoxunun ürəyindən keçən ilk arzu bu olur: “Ölən bircə dost-tanış olmasın”. Görəndə ki, tanımadığı, az qala heç vaxt üzünü görmədiyi birisidi, rahat olurlar, ürəklərində Allaha şükür edir universitetin diri müəllimləri. Rəhmətlik onun şəklinə baxanın həmyaşıdı olanda, ölüm diriyə sanki ilğım şəklində yaxınlaşıb bir dəfə sığal çəkib gedir.

Adətən, həmin lövhədə iclaslar, konfranslar, xaricdə pullu təhsillə bağlı elanlar, bir də, bayram təbrikləri asılır vənadir hallarda kiminsə yaxınlaşıb orda yazılanları oxuduğunu görmək olur. Elə ki, ölüm xəbəri, şəkil cüt qərənfillərlə bir yerdə divarda peyda olur, müəllimli-tələbəli ürkək addımlarıyla yaxınlaşırlar ora.

Dünən divardan asılmış şəkil görəndə, Nahid məllimin ayaqları onu elanlar divarına tərəf apardı, tanıdı, şəkildəki gözlüksüz olsa da. Hardasa altmış-yetmiş yaş arasında olardı politologiya kafedrasının baş müəlliməsi olan mərhumə. “Hmm, deməli, illəriymiş müdafiə eləmiyibmiş, yoxsa ən azından, dosent kimi bu dünyadan gedərdi”. Az qala dünənə qədər nahar vaxtı universitetin yeməkxanasında görürdü o qadını. Rəhmətlik adətən, sifariş elədiyi yeməyə qalınşüşəli gözlüyündən bir xeyli baxandan sonra qaşığı əlinə götürüb iştahla, tez-tez yeyirdi. Ona baxa-baxa hərdən Nahid fikirləşirdi ki, görən, bunun axırına nə qədər qalıb? “Bu da sənə sualın cavabı, indi şəklinin qabağında dayanmışam”.

Bir-biriylə tanış olmayan üç müəllimnövbəti vaxtsız vəfat edən dosentin şəklinin qabağında dayanıb.

Görən, nədən rəhmətə gedib? – dəblə geyinmiş, makiyajlı, sifətində həyat eşqi parlayan ortayaşlı müəllimə həyəcanla soruşur, hiss olunur ki, öləni tanımır.

İnfarktdan. İnanırsız, xanım, sapsağlam kişiydi, yəni son vaxtlara qədər ürəyindən elə bir şikayəti yoxuydu, – suala cavab verən isə onun yanında dayanan incəsəsli kişi müəllimdir.

Bəlkə qapalı adam olub, gizlədirmiş xəstəliyini? – makiyajlı xanım təşvişlə soruşur.

Yox, xanım, – sualı gözləyirmiş kimi həvəslə cavab verir, – elə məsələ orasındadı ki, qapalı adam deyildi, mən rəhmətliyi yaxşı tanıyırdım. Yəni elə bir şey olsaydı, bu universitetdə birinci elə mən....

Neçə yaşı var idi? – makiyajlı müəllimə səbirsizliklə soruşur.

Qırx iki yaşı təzəcə tamam olmuşdu, – incəsəsli müəllim cavab verir.

Zəhrimar infarkt, – xanım “zəhrimarı” xüsusi vurğuyla deyir. – Qırx iki yaş nə yaşdı ki.

Xanım, zəhrimar xərçəngdi, infarkt yox, – bayaqdan onları dinləyən Nahid çönüb qadına reaksiya verir.

Amma dalınca izahat vermir: yəni, xanım, biri var, adam ayların, illərin əzab-əziyyətli metastazından ölə, biri də var oturduğu yerdə məsələ beş-on dəqiqənin içində həll oluna. “Zəhrimar xərçəngdi” sözlərini eşidən xanım çaşır, sifətində həm “Məllim, tanımadığınız adamladanışmaq olmaz”, həm də “Danışmaq olar” yazılıb. Xanım ümumiyyətlə, başa düşmür Nahid ciddidir, yoxsa ciddi-ciddi məzələnir onunla və heç nə demədən ordan aralanır.

Bir dəfə elanlar lövhəsində iki şəklin yan-yana asıldığını görəndə, Nahid az qaldı dəli olsun: mərhumlardan biri cavan kişi müəllimi, o birisi isə cavan laborant xanımıydı. Kişini tanımadı, xanımla hansı tədbirdə tanış olduğunu heç cür yadına salammadı, amma dünənə qədər üz-üzə gələndə salamlaşırdılar. İnstinktiv fikirləşdi: “Bu, lap ağ oldu, vallah. Axı nə məcburdu bir gündə iki cavan adamın şəklini asasız”. Elə həmin gün başa düşdü ki, universitetdə işləyə-işləyə o, özü də bu həyatla vidalaşa bilər. Ölümə praqmatikcəsinə (“bir gün gələn, bir gün də gedər”) yanaşırdı. Amma...

...Növbə tutmuş müəllimlərə “Sonuncu kimdi?” sualını verməzdən əvvəl Nahid məllim katibəyə yaxınlaşdı, rektorun otağının qapısına başıyla işarə edərək, o birilər eşitməsin deyə, sakitcə soruşdu:

Kefi necədi Eldar məllimin?

Yaxşıdı. Görüşmək istiyisən?

Hmm.

Nə məsələdi ki?

Heç, şəxsi söhbətdi.

Oldu, indi özünə deyərəm, qəbul eliyər səni.

Qaldı ki, “şəxsi söhbətlə” bağlı Nahid məllimin kafedra müdirinin, ya dekanın yox, rektorun qəbuluna düşmək istəməyinə, məsələ burasındaydı ki, rektorla arası şit olmayan zarafatlar eləmək dərəcəsində açığıydı. Üstəlik, Nahidin atası rektorun tələbə yoldaşı və dostuydu. Katibə Nahidi qəbula tez saldı. İki-üç dəqiqəlik giriş söhbətindən sonra rektor Nahidin üzünə baxıb susdu, – yəni, bildim, yaxşısan, dədən də yaxşıdı, dərslərin qaydasında gedir, indi de görək niyə gəlmisən. Nahid boğazını arıtlayıb dilləndi:

Eldar məllim, heç bilmirəm, necə deyim ki, düzgün başa düşəsiz məni.

De, de, utanma.

Dediklərim sizə qəribə gələcək, amma deyim də.

De, Nahid, qoy qəribə gəlsin, həyat onsuz da qəribəliklərlə doludur.

Eldar məllim, bizdə deyək ki, kimsə rəhmətə gedir, düzdü?

Başa düşmədim, bizdə, yəni kimdə, harda? – rektor təəccüblə soruşdu.

Burda, universitetdə.

Hə, kimsə rəhmətə gedir, düzdü. Nədi ki? – qəribə nəzərlərlə Nahidə baxdı.

Kimsə rəhmətə gedəndə, aşağıda, birinci mərtəbədə elanlar vurulan divarda başsağlığı elanı verirlər, şəkilnən, gülnən bir yerdə.

Uff, səbrim daraldı, sözünün canını de görək, vaxtımı alırsan axı.

Demək istədiyim odur ki, dünyanın işini bilmək olmaz, işdi-şayət, mən də birdən bu dünyadan getsəm, mənimlə bağlı elan, güllərlə bir yerdə şəkil vurmaq lazım deyil.

Bu cümlələri Nahid az qala birnəfəsə dedi və araya ölü sükut çökdü. Nahid gözlərini qarşısındakı bir nöqtəyə, rektor isə düz onun gözlərinə zilləmişdi.

Həə, – rektor dilləndi, – yatsam da, yuxuma girməzdi ki, hansısa müəllim, üstəlik, sənin kimi cavan məllim bu cür xahişnən yanıma gələr.

Həyat qəribəliklərlə doludu, Eldar məllim, – Nahid qımışdı.

Onu bildik, dediyimi təkrar eləməyə ehtiyac yoxdu. Mənə de görüm, neçə yaşın var sənin?

Otuz beşin içindəyəm.

Mənim otuz beş yaşım olanda... Nəysə, doktorluğu başlamısan yazmağa?

Yox, hələ mövzu seçməmişəm. “Gör hardan vurdu e”.

Niyə?

Gərək araşdırma aparam, görəm hansı mövzular seçilib, yəni təkrarçılıq olmasın mövzu seçimində, yoxsa koordinasiya şurasında qəbul...

Onu bildim, araşdırma apar da, mövzu seç də. Sənə nə mane olur ki?

Nahid dinmədi, yenə sükut yarandı və ona elə gəldi ki, rektor söhbətin mövzusunu azdırmaq üçün doktorluq məsələsini ortaya atdı. “Bəlkə də elə bilir, ölümdən qorxduğumçün başsağlığı elanı məsələsini bundan xahiş eliyirəm. Buna axı necə deyim ki, mən şəxsən öz ölümümə praqmatikcəsinə yanaşıram. Sadəcə, şəkil, cüt güllər əsəblərimə toxunur”. O, ölümə praqmatikcəsinə yanaşma məsələsini orijinal tapıntı-söz hesab edirdi, elə bilirdi, bunu desə, rektor onun xahişini nəzərə alacaq. Deməyə imkan tapmadı, rektor sükutu pozdu:

Bura bax, bəlkə, bu il səndə dərs yükündə problem olub?

Yox, yox, Eldar məllim, o barədə heç narahat olmayın.

Bir dəyqə, – cavab deyəsən, rektora səmimi gəlmədi, nəydisə, telefonu götürüb Nahidin işlədiyi kafedra müdirinin daxili nömrəsini yığdı. – Salam Fikrət məllim... Necəsən?... Yaxşıyam, sağ ol. Sizin, elə bizim, – Nahidə göz vurub, – Nahidin bu ilki dərs yükü necədi?... Tam ştat.... Yəni əvvəlcədən özü elə istiyib, düz?.... Oldu, sağ ol.... Yox, narahat olma, elə-belə soruşdum.... Hələlik, – dəstəyi yerə qoyub Nahidə: – Dedim bəlkə tam yox, ştat yarım dərs yükü istiyirmişsən, ona görə sənin müdirinə zəng elədim.

Yox, bir yarımı çatdırmaram, – söhbətin bu cür gediş almasına görə Nahidi gülmək tutdu.

Hmm, yaxşı, onda mənə de görüm, sənin problemin nədi? – rektor soruşdu.

Yox, inanın mənə, Eldar məllim, elə bir ciddi problemim yoxdu. Amma dediyim o xahişi, zəhmət olmasa...

O xahişi unut. Bəlkə pula-zada ehtiyacın var? Amma utanma, düzünü de.

Yox, narahat olmayın, pulum var.

Maaşın nə qədərdi?

Üç yüz yetmiş səkkiz manat.

Dosentlik, elmi dərəcə, maddi yardımla bir yerdə?

Bəli.

Rektor yenə telefonu götürüb həmkarlar işinə baxan prorektoru yığdı:

Cahangir, salam...

Bu vaxt Nahidin mobil telefonuna sms gəldi. ”Eldar müəllimin yanından çıxandan sonra mütləq yanıma gəl”. Kafedra müdirindəniydi. “Oldu” – Nahid cavab sms yazdı. Rektor isə prorektora bunları deyirdi:

...Deməli, Nahid müəllimə, sosiologiya kafedrasının dosenti, gələn ay üçün yüz əlli manat mükafat yaz, özü bir azdan düşəcək yanına. Mühasibata təqdimat yazarsan... Oldu, sağ ol, – dəstəyi yerinə qoyub Nahidə baxdı: – Belə, yüz əlli manat qabağa düşdün, pis variant deyil hə?

Hə, yaxşı variantdı, – Nahid gülməyə başladı.

Belə gülərsən ha, – rektor dedi. – Oldu, Nahid, burdan çıxanda elə birbaşa düşərsən Cahangir məllimin yanına, pulu götürüb qoyarsan cibinə. Axşam gedib oturarsan Hiltonun lap yuxarıdakı mərtəbəsindəki fırlanan kafedə, çaydan, kofedən içə-içə baxarsan Bakının gecə peyzajına. Nə bilim, kafedə qəşəng qızlar olsa onlara da baxarsan, oldu?

“Oldu”nu “Gedə bilərsən” tonunda dediyindən, Nahid avtomatik dik yerindən qalxdı:

Oldu, çox sağ olun, Eldar məllim. Xəcalət verdiz, vallah.

Xəcalət-zad deyil. Özünü yaxşı aparsan, tez-tez mükafat almaq şansların var.

Çox sağ olun. Onda, son olaraq bir xahiş, – rektor onun şəkil, elan xahişini yaxına buraxmayandan sonra qəfildən ağlına gələn, amma deməyə tərəddüd edən xahişinə keçdi. – Mümkünsə, heç olmasa, şəkilsiz, bir də qərənfilləriz elanım vurulsun.

Fikirləşirdi ki, şəkilsiz, cüt güllərsiz iki-üç adam xaric çətin ki, kimsə birinci mərtəbədəki elanlar divarına yaxınlaşsın. Adamların çoxunun divardakını iclas elanı bilib maraqlanmayacağı ağlına gəlmişdi.

Çıx burdan, bu dəyqə dədənə zəng eliyəcəm, – əsəbiləşən rektor masanın üstündəki mobil telefonunu götürdü.

Yox, zəng eləmək lazım deyil, çıxıram. Sağ olun, – Nahid gülə-gülə otaqdan çıxdı.

“Nəysə, alınmadı. Belə də ki, başqa cür alındı, yüz əlli manat qabağa düşdüm. Heç bir Hilton, ancaq teleqüllə, çay içərəm, uzağı, otuz-qırx manat xərcim çıxar, əvəzində çoxdankı arzuma çataram. Ölsəm, bu xahişimdən sonra çox güman göstəriş verər ki, şəklimi asmasınlar. Hər halda səmimiyyətimə inandı...”

Kabinetdən çıxıb prorektorun yanına düşdü. Cahangir müəllim:

Hə, gəl görək, – salamlaşdılar.

Oturduğu masanın siyirməsini açdı, ordan yüzlük və əllilik çıxardıb Nahidə uzatdı.

Çox sağ olun, – Nahid təşəkkür etdi.

Sağ ol əslində, hörmətli rektorumuza düşür. Amma mən də ürəklə verirəm. Burdan qol çək, – masanın üstündəki kağızda imza yerini göstərdi, – Hmm, maraqlıdı, hansı yaxşı hərəkət eləmisən ki, Eldar məllim sənə birdən-birə bu qədər mükafat yazıb? – prorektor qımışdı.

Sənədə qol çəkib, pulu şalvarının cibinə qoyan Nahid də qımışdı.

Nə demisən ki? – prorektor yenə soruşdu. – Çünki biz nadir hallarda məllimlərə yüz əlli manat mükafat veririk.

Bəs nə qədər olur mükafat?

Yüz manat. Sən sualdan qaçma, nə məsələdi?

Heç, rektorun xoşuna gəlib seçdiyim doktorluq mövzusu, ­­– ilk ağlına gələni dedi.

Nə mövzudu ki?

Azərbaycan cəmiyyətində mortafobiya problemləri.

Nə? O nə olan şeydi? – prorektor riyaziyyatçıydı deyə, termindən baş açmadı.

Mortafobiya, yəni ölüm fobiyası.

Prorektor boğazını arıtladı, hiss olundu ki, mövzu xoşuna gəlməyib, amma rektorun xoşuna gəlmişdi deyə, bir şey deyə bilmədi.

Nahid məllim, doktorluğu yazmaqda sənə uğurlar arzu edirəm. Necə deyərlər, qələmin iti olsun, – bunları isə hiss olundu ki, məcburən dedi.

Oldu, Cahangir məllim, siz də sağ olun.

Universitetin binasından çıxıb beş addım atmışdı ki, öz adını eşidib başını yuxarı qaldırdı. Kafedra müdiriydi:

Ay kişi, mən sənə nə dedim? Hara gedirsən?!

Fikrət məllim, narahat olmuyun, sizlik bir şey yoxdu, hər şey aydınlaşdı.

Çıx yuxarı deyirəm sənə!

Doktorluq işiylə bağlı söhbət eliyirdik, yəni dərs yükü mane olmasın deyə...

A kişi, çıx demirəm sənə!! – kafedra müdiri səs tonunu bir az da qaldırdı.

“Bu da, səhərdən dayanıb pəncərənin ağzında məni güdür,” – fikirləşdi.

Yaxşı, gəlirəm, – Nahid geri qayıtdı.

Kafedraya girən kimi müdir gizlətməyə çalışdığı həyəcanla soruşdu:

Nə məsələdi, Nahid? Nə baş verib?

Heç nə baş vermiyib, Fikrət məllim. Hər şey qaydasındadı.

Bəs onda rektor səni niyə yanına çağırmışdı?

Doktorluq məsələsinə görə. Soruşurdu ki, hansı mövzunu götürmüsən işləməyə.

Yaxşı, dərs yükü məsələsi nə idi? Mənə olan zəngə görə deyirəm.

Rektor bilmək istəyirdi ki, bu semestr məndə olan dərs yükü doktorluğu yazmağa mane olmaz ki.

Nahid, sən yüz faiz məndən nəyisə gizlədirsən.

Fikrət məllim, sizdən axı nəyi gizlədəcəm?

Yaxşı, sənə bir sual verəcəm, ancaq mənə and içəcəksən ki, düzünü deyəssən.

Vallah, and içmək deyəndə, mən uşaq-zad deyiləm ki.

Yaxşı, and içmə, amma mənə düzünü de görüm, pula-zada ehtiyacın yoxdu?

Yox, o barədə narahat olmayın.

Cavab Fikrət müəllimə qeyri-səmimi gəldi, nəydisə, bir göz qırpımında şalvarının sağ cibindən çıxardığı sarı əlliliyi Nahidin cibinə basdı və geri çəkildi. Geri çəkilən kimi sifətində xoşbəxtlik ifadəsi yarandı, sanki rektorun tapşırığını yerinə yetirmişdi kafedra müdiri və üstündən ağır yük götürmüşdülər.

Ay məllim, siz neynədiz? – Düzü, Nahid bunu heç gözləmirdi.

Narahat olma, Nahid. Mən də sənin böyük qardaşın. Yeri gəlmişkən, mənə də bu yaxınlarda kömək eliyiblər. Hələ üzümüzə gələn semestr, dərs yükündə sənə əlavə saat hesabı dərslər də yazacam ki, bir az artıq pul olsun.

Fikrət müəllim, vallah, bu gün elə bil...

Sən buna layiqsən, əzizim, – sözünü kəsdi, – narahat olma.

Təşəkkür edirəm diqqətinizə görə.

Dəyməz...

“Yəqin buna da biznesmen qardaşı premiya verib. Hmm, bu da belə. Yüz əlli üstəgəl əlli eliyir iki yüz. Yaşasın yuvarlaq rəqəmli manatlar. Üstəlik, gələn semestrdə də saat hesabı, o da hardasa əlli-atlmış manat eliyər. Bu gün heç kim mənə inanmır ki, əlimyandı pula ehtiyacım yoxdu. Lap yaxşı”. Universitetdən çıxanda əlini cibinə salıb pulları bir-birinə sürtdü. Pul xışıltısı ona ləzzət elədi.

...“Uxx, varam bu yüksəkliyə,” – qabağında bir fincan yarısına qədər içilmiş ilıq çay və çiyələk mürəbbəsi teleqüllədəki restoranın pəncərəsindən yerə baxırdı. Paraşüt versəydilər, bir-iki gün hündürlükdən hoppanmağın qaydasını öyrətsəydilər, bir az da ürək-dirək məsələsi, məmnuniyyətlə təyyarədən hoppanardı. “Yox, yox, ən yaxşısı qanadlı paraşütdü, istədiyin qədər uç Bakının, Xəzərin üstüylə. Sonra süzə-süzə enəsən ilıq qumu olan adamsız sahilə. Orda da iki dənə közdə qızardılmış qarğıdalı ola. Yeyə-yeyə dənizə baxasan, axırda da quma uzan, lap öl. Şəkillə bağlı yəqin ki, rektor xahişimi nəzərə alar. Həssas adamdı, üstəlik, atamla dost olub. Məncə, nəzərə alar”.

2 noyabr, 2014 – 14 oktyabr, 2015,

Bakı

Günün bütün mövzuları

XS
SM
MD
LG