Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:16

Jurnalistin ölüm işi üzrə proses ertələndi


Rasim Əliyevin döyülməsi
Rasim Əliyevin döyülməsi

-

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsi ilə bağlı apellyasiya məhkəməsinin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə şikayət verilib.

Bu iş üzrə təqsirləndirilən şəxslərdən biri Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tədqiq olunmadan baxılmasına dair qərardan narazı qalıb. Bu barədə iyunun 17-də Bakı Apellyasiya Məhkəməsində bu işə baxan hakim Qədim Babayev məlumat verib.

Hakim eyni zamanda, digər dörd təqsirləndirilən şəxsin - Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev və Samir Mustafayevin müdafiəçisi Şəmsəddin Quliyevin ötən məhkəmə iclasında qaldırdığı vəsatətlə bağlı qərarı açıqlayıb. Vəkil həmin vəsatətdə mərhum Rasim Əliyevin döyüləndən sonra 1 saylı Kliniki Tibbi Mərkəzdə rentgen müayinəsinin nəticələrinin alınıb işə əlavə olunmasını istəmişdi. Hakim vəsatətin təmin olunmadığını açıqlayıb.

Mərhum jurnalistin anası Teyfurə Əliyevanın nümayəndəsi, vəkil Fariz Namazlı da ilkin baxış iclasının qərarından kassasiya şikayəti verəcəklərini məhkəmənin nəzərinə çatdırıb.

Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə proses Ali Məhkəmə kassasiya şikayətlərinə baxıb qərar çıxarana qədər - qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar onları qane edə bilməz: «Məhkəmənin bu işə sübutlar araşdırılmadan baxılması barədə qərarı bizim mənafeyimizə ziddir. Şəxslər dindirilmədən, sübutlar araşdırılmadan obyektiv məhkəmə araşdırmasından söhbət gedə bilməz».

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşi - Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək, 9 ildən 13 ilə qədər azadlıqdan məhrum edilib. «Qəbələ» futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovun işi isə istintaqın sonunda ayrılıb və o, bu yaxınlarda CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsi ilə 4 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG