Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:23

"Mama, mən heç nə eləmədim, o özü sevdi!"


Gürcüstan, Əli və Nino heykəli
Gürcüstan, Əli və Nino heykəli

-

Aqşin Evrən
Aqşin Evrən

AQŞİN EVRƏN

UŞAQLIQ İLLƏRİNDƏN BƏHS EDƏN ŞEİRLƏR

Uzaqlığın son gecəsi

Uşaqlığın son gecəsi beləcə başlamışdı

“Mama, mən heç nə eləmədim, o özü sevdi” demişdin

Gəl, sənə bir sirr də açım:

Dodağına toxunmaq üçün

sənin şirin çörəyindən gizlicə dişləmişdim

O vaxt sevgi sənin üçün “klas-klas” oyunuydu

Xar tut sürtüb dodağına boya çəkirdin hərdən

Siçan dişlərinlə də qolunu dişləyərək

Guya saat “düzəldirdin” nazik biləklərindən

Hörüklərini açdıqca taleyin dolaşırdı

Hə, elə danışmışkən qoy bunu da deyim e,

O pırpızbaş Ələddinlə, o cüllüt Ağayarla

Gecə-gündüz sənə görə küçədə dalaşırdım.

Onda sevgi bizim üçün Əlifba kitabıydı

Sən də məni müəlliməyə qısqanırdın – yadımda

Hər dərs eyni partada mənimlə oturardın

Niyə gəlib bu həyatda oturmadın yanımda?

“Gündəliyə” sabahın dərslərini bir-bir yaz

Uşaqlığım qayıdıb səni yenə sevəcək...

Çantanı tez hazırla, saçını da keçi yığ

Mən də səni ötürüm məktəbimizdən evəcən.

Həə, artıq uzaqlığın son gecəsi başlayıb

İndi evimdən getmir, qovuram... yenə getmir

O müqəddəs saçların... Allah əllərin

Ehh sən indi canımdakı azara baxma

Mən bir az yaxşıyam... indi qəlbim yox,

Əllərim ağrıyır, vallah, əllərim...



Tək taylı əlcək

O zəhrimar döyüşlərdən qayıdıb

Gəlib mənim yanağımda göz yaşımı qurutdun

Axı niyə o savaşdan gələndə

sağ əlini cəbhələrdə unutdun?

Həmin gecə yuxuda barmaqlarını tapdım,

tez götürüb gizlətdim yastığımın altında...

Sonra hara çıxıb getdi, bilmədim

Ata, mənim uşaqlığım sənin nəmli gözlərində itdi... bilmədin

Hə, elə doğum günümdə...

Qonşuda balıq bişəndə gözümdə öldü dəniz

Ata, sən ağladığın gün

elə bil dəryadan çıxıb üstümə gəldi dəniz

O vaxt həyat getməmişdi,

qapımız da sağ idi

“Şərikli çörək”iydi uşaqların yuxusu

Qardaşım ağlayanda bir “Sana” yağı üçün

Onda mən öyrəndim ki,

vahiməli üfunətdi ac uşağın burnuna gələn yemək qoxusu

Əlimi üşüdürdü cibində gəzdirdiyin o tək taylı əlcəyin

Yadımdan çıxmaz o gün

Heç özün də bilmirdin

anama necə verəsən aldığın çiçəkləri

Bilirəm sənin üçün evə əliboş gəlmək

biləyində daşıdığın zənbil qədər ağırdır

İndi məni nə bu həyat, nə də ölüm...

indi məni o vaxt vura bilmədiyin şillərin ağrıdır

İndi əlinə baxmağa bircə yol qalıb:

Şəkillər, şəkillər, qəşəng şəkillər

Gülümsə, ata, gülümsə,

Çəkirlər...

XS
SM
MD
LG