Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40

“Formula 1 nüfuzundan istifadə edib Azərbaycan hakimiyyətini insan haqları pozuntularına son qoymağa çağırmalıdır”. Bu çağırışla Amnesty International beynəlxalq insan haqları təşkilatı çıxış edib.

“Neft gəlirlərinin azalması və beynəlxalq təzyiqlə üzləşən hakimiyyət bu ilin əvvəlindən onlarla məhbusu azad edib. Buraxılanlar arasında səkkiz vicdan məhbusu, da var”.

Amma qurum bildirir ki, bu əfvlər Azərbaycan insan haqları problemini həll edə bilməyib. Buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir. Şərti cəzayla buraxılanlar isə fəaliyyətlərini davam etdirə bilmirlər.

Amnesty International Azərbaycanda hazırda 14 vicdan məhbusunun olduğunu bildirir.

Azərbaycanda son əfvlər, amnistiya nə ilə bağlıdır? Neftin qiyməti duşüb, gəlirlər azalıb, indi hökumət Qərbdən pul axtarır?

Yoxsa bu qədər məhbusu saxlamağın özü puldur, qənaət edirlər?

Və yaxud hökumət siyasətini dəyişir, bəlkə?

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, son amnistiya aktı hər il aparılan siyasətin davamıdır.

“Birinci dəfə deyil ki, ölkədə amnistiya aktı həyata keçirilir. Bir neçə il əvvəl amnistiya olmuşdu. Sadəcə olaraq mən bunu siyasət adlandırmazdım. Növbəti amnistiya aktı adlandırardım. Bundan əvvəl də əfv olmuşdu. Hətta biz əfvin daha çox olmasını gözləyirdik.

Deməzdim ki, bu xarici kreditlərin cəlb olunması ilə əlaqədardır. Azərbaycan 95-96- cı ildən kredit almağa başlayıb. Düzdür, beynəlxalq maliyyə institutlarının missiyasında, onların əsas mandatında yazılıb ki, o ölkəyə kredit ayrılmalıdır ki, o ölkədə insan hüquqlarına hörmət olunur. Əgər sübutlar göndərilsə, o zaman o məsələ qaldırılar ki, kredit verilsin ya verilməsin. Yəni konkret aparılan addımlar kredit məsələsi ilə bağlı deyil, hər il aparılan siyasətdir”.

Vəkillər Kollegiyasından uzaqlaşdırılmış keçmiş vəkil Xalid Bağırov hesab edir ki, amnistiya ilə məhbus sayı azalmayacaq. Çünki hər gün məhbus sayı artır.

“Hesab etmirəm ki, son amnistiya hansısa yeni bir formada tətbiq olunur. Adi qaydada, uzun illərdir bu hakimiyyətin yaratdığı praktikaya uyğun qaydada amnistiya verilir. Bu amnistiya nəticəsində məhbusların sayının ciddi şəkildə azalacağını da düşünmürəm. Bu əfvlərin və yaxud da amnistiyaların verilməsi amplitudası məhbusların sayını dəyişmir. Yəni bir o qədər də məhbus qalır, hətta məhbusların sayı artır. Azərbaycan məhbus sayına görə dünyada ən çox məhbus olan ölkələrdən biridir. Buna görə də ümumiyyətlə Azərbaycanda pentensiar xidmətin mahiyyəti dəyişməlidir. Bu sovetdən qalma bir sistemdir. Təlim –tərbiyə rolunu oynayır. Burda amnistiya və əfvin də elə bir ciddi rolu yoxdur.”

Hüquqşünas Ələsgər Məmmədli isə amnistiya qərarını hökumətin siyasətindəki dəyişikliklə əlaqələndirməyi yersiz hesab edir.

“Amnistiya əslində yeni deyil. İllərdir Azərbaycanda 57 amnistiya və əfv fərmanı imzalanıb. Bu o deməkdir ki, bu artıq ciddi bir tendensiyadır. Bunun da səbəbi Azərbaycanda ədalət sisteminin işləməməsidir. Yəni çox sayda insan həbsxanalara doldururlur və daha sonra onların bir formada yenidən həbsxanaların boşaldılmasına ehtiyac var ki, yenə bu dalğa davam etsin. Bu çərçivədir. Yəni ədalətin işləməməsindən doğan problemdir. Ona görə bunu hökumətin politikasında dəyişikliklə əlaqələndirməyi doğru hesab etmirəm. Mütəmadi olaraq Azərbaycanda ədliyyə sistemi işləmədiyindən, məhkəmə-hüquq sistemindəki problemlər nəticəsində ancaq ya əfv ya da amnistiya ilə insanlar azadlığa çıxa bilir. Hakimlər siyasi qərarlar daha çox verdiyindən məhkəmədə insanlar bəraət ala bilmir.”

XS
SM
MD
LG