Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:26

«Türkiyə Atatürk ideologiyasından imtina edir»


R.T.Erdoğan Atatürk Beynəlxalq Hava Limanında mətbuat konfransı keçirir.
R.T.Erdoğan Atatürk Beynəlxalq Hava Limanında mətbuat konfransı keçirir.

-

Ucuz neft erası bitir; Putin bolşevik deyil, çar kimi davranır - 15 iyun Qərb mediasının icmalı.

Türkiyədə dövlət qulluqçularının dünyəvi respublikanın qurucusu Mustafa Kemal Atatürk ideologiyasına xidmət göstərməsi vacib sayılmaya bilər. Ölkə liderləri həmin maddələri konstitusiyadan çıxarmağı hədəfləyir. Bu barədə Bloomberg.com saytında Selcan Hacaoğlu və Fırat Kozok yazırlar.

«Əsas baxış odur ki, yeni konstitusiyada hər hansı spesifik ideologiyaya istinad olunmasın», - Prezident Recep Tayyip Erdoğan-ın baş müşaviri Mehmet Uçum deyib. «Konstitusiyanın girişində deyilir ki, Mustafa Kemal Atatürk Türkiyə Respublikasının yaradıcısıdır, bu, daha məqsədəuyğundur».

Müəlliflər yazır ki, bu maddələrin çıxarılması Türkiyədə ziddiyyət doğura bilər, çünki Atatürk irsi bu müsəlman dövlətinin dünyəvi strukturunun toxunulmaz təməli sayılır. Qərb demokratiyaları ilə tarixi sıx bağların əsas istinad yeri də konstitusiyadır. Erdoğan və hakim AKP isə islamçı siyasi hərəkatdan gəlib, boğucu və antidemokratik saydıqları Atatürk irsindən qismən geri çəkiliblər.

«Bu respublika qərbpərəst, maarifçi, modernist dövlət quruculuğu layihəsinə çevrilib. Bu da «fundamentalist» adlandırılan, siyasətdən sıxışdırılan dindarların hesabına edilib», - deyən Uçum müasir Türkiyəni 20-ci əsr prinsipləri ilə idarə etməyi «çap maşınıyla e-mail göndərmək cəhdinə» bənzədib.

Türkiyənin indiki konstitusiyasına görə, deputatlar və prezident dünyəviliyə və Atatürk «prinsip və islahatları»na sədaqət andı içir. Əlavə maddələrdə tələb olunur ki, təhsil sistemi ölkə gənclərini Atatürk prinsiplərinə uyğun tərbiyə etdirsin. Atatürk 1938-ci ildə İstanbulda dünyasını dəyişib.

Uçum-un sözlərinə görə, hökumət yeni konstitusiya üzərində bir il işləyə bilər. İlkin layihə iyuladək hazırlanıb ictimai müzakirəyə çıxarıla, yekun variant isə dekabrda parlamentə təqdim oluna bilər. O deyir ki, Erdoğan məsələyə dair referendum keçirilməsində təkid edəcək, onun parlamentdən keçməsindən ötrü gərəkən 367 səsin əldə olunmasından asılı olmayaraq.

Müşavir söyləyib ki, konstitusiya hələ başlanğıcdır, hökumət bürokratik sistemi dəyişmək məqsədilə minlərlə qanuna dəyişikliklər edəcək, yaxud yenidən baxacaq. «AKP dövründə ciddi dəyişikliyin baş verməsinə baxmayaraq, Türkiyə ədliyyəsi və ordusu daxil olmaqla, antidemokratik qurumlar seçilmiş hökumətlərə «böyük təhlükə» yaradacaq mövqe tutublar», - Ucum deyib. O, sözlərinə əlavə edib ki, bu sistem islahatları antidemokratik dövlət aparatını dəyişmək məqsədi daşıyır.

Hökumət seçki sistemini də dəyişməyi planlaşdırır. Bir variant ölkəni əhali sayı bərabər olan 550 regiona bölməkdir ki, 550 yerlik parlamentə deputat seçsinlər. Digər varianta görə, ölkə 450 regiona bölünür, hərəsi bir təmsilçi seçir. Qalan 100 deputat isə proporsional qaydada, azı bir faiz səs toplamış siyasi partiyalar tərəfindən təyin olunur.

Neft
Neft

UCUZ NEFT ERASI BİTİR

«Foreign Policy» dərgisində Keith Johnson yazır ki, neftə tələbin artması, təklifin isə azalması qiymətləri qaldırmaqdadır. Təklif Kanada, Nigeriya, Liviya kimi ölkələrin hesabına azalıb.

Çərşənbə axşamı Beynəlxalq Enerji Agentliyi (BEA) bildirib ki, ilin sonunadək neft bazarında tarazlığın yaranmasını gözləyir. Bu o deməkdir ki, dünyada istehlak olunan qədər neft çıxarılacaq. Müəllif yazır ki, bu da qiymətləri qaldıracaq.

«Bazarın normal balansa qayıtmasına görə OPEC istehsalçılarına, özəlliklə Səudiyyə Ərəbistanına təşəkkür düşmür. Onlar qiymətlərin düşməsinə rəğmən, əlavə neft çıxarıblar. Bazar neft təchizatındakı pozuntulara minnətdar olmalıdır», - müəllif yazır.

Kanadada meşə yanğınları hasilatı günə 1 milyon barreldən çox azaldıb. Yanğınlar səngisə də, Nigeriya və Liviyada problemlər uzun müddətə qalacaq, - BEA belə deyir.

«Təklifdəki bu kəsilmələr xam neftin qiymətinin əsaslarını möhkəmləndirdi, qlobal təkliflə tələb arasında yenidən balanslaşmanı sürətləndirdi», - «Rapidan Group» enerji konsultasiya şirkətinin təsisçisi və prezidenti Robert McNally deyir.

Nigeriyadakı durum xüsusilə narahatlıq yaradır. Bu ölkədəki vandalizm və hücumlar mayda gündəlik hasilatı 1 milyon barrelədək azaldıb. Digər tərəfdən yaraqlıların yeni nəsli öz sələfləri kimi hökumətlə danışıqlara meylli deyil. Təhlilçilərin fikrincə, Nigeriyada 2006-09-cu illərdəki kimi, uzunmüddətli pozulma riski var. O zaman yaraqlılar sistematik olaraq xarici neft şirkətlərinə hücum edirdilər.

V.Putin
V.Putin

PUTIN BOLŞEVİK DEYIL, ÇAR KİMİ DAVRANIR

Bunu «Newsweek» dərgisində Luke Coffey yazır. «Ağ Evə seçkini kimin udmasından asılı olmayaraq, ilk gündən Rusiya prezidenti Vladimir Putin-lə işləməli olacaq. Ümid edək, ABŞ-ın yeni prezidenti keçmişin səhvlərindən dərs çıxaracaq», - müəllif yazır.

Luke Coffey-nin fikrincə, Obama administrasiyasının xarici siyasətində ön böyük səhvlərdən biri Rusiya ilə münasibətləri «yenidən qurmaq» qərarını verməsidir. 2009-cu ilin martında Hillary Clinton və rusiyalı həmkarı Sergei Lavrov simvolik olaraq «reset» (yenidən başlamaq) düyməsini basdılar və bununla da ABŞ-Rusiya münasibətlərində yeni başlanğıca start vermiş olduqlarını göstərdilər.

Müəllif yazır ki, ABŞ bu siyasətdən ciddi bir şey qazanmadı. Ancaq Putin-lə bağlı yanlış mühakiməyə təkcə Obama administrasiyası deyil, vaxtilə prezident George W.Bush da yol vermişdi. O, Putin-in gözlərində «birbaşa, inanılası» adamı gördüyünü deyirdi.

«Şərhçilər adətən Putin-in davranışını «Soyuq müharibə» ilə əlaqələndirirlər. Bu, böyük bir səhvdir. Bu gün Qərb imperiya Rusiyası ilə işləyir. Putin-in rəhbərliyi altında Rusiyanın siyasəti 1917-ci il inqilabından əvvəlki çarın dövrünü xatırladır», - yazan müəllif Putin-in konstitusiya «gimnastikası» etməklə, gah baş nazir, gah da prezident olduğunu və ömrü boyunca bu vəzifələrdən birini tutacağını qeyd edir.

«Böyük Pyotr Arktik regionunda ən böyük elmi ekspedisiya başlatdı. 1724-cü ildə bu ekspedisiyaya dövlət büdcəsinin 1/6-i xərclənmişdi. Bu gün isə Putin-in rəhbərliyi altında Rusiya regionu hərbləşdirir və Arktikaya 2015-20-ci illərdə ümumi investisiya 5 milyard dollara çatacaq. Bu məbləğ bir çox kiçik Afrika ölkələrinin ümumdaxili məhsulundan böyükdür», - müəllif yazır.

«Rusiyanın Ukrayna və Suriyaya müdaxiləsinə ayrıca hal kimi baxmamalıyıq bu, Rusiyanın bütün dünyada nüfuzunu maksimum möhkəmlətməyi hədəfləyən yaxşı düşünülmüş strategiyanın bir hissəsidir».

XS
SM
MD
LG