Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:56

-

Son vaxtlar dünya futbolunda populyarlıq qazanan belə bir baxış var ki, Çempionlar Liqası kimi nüfuzlu turnirin fonunda yığma səviyyəsində yarışlar – lap elə Avropa və dünya çempionatları da - əhəmiyyətini itirib. Guya futbolçular klub maraqlarına yenilərək, yığma formasında bütün gücünü meydanda qoymur, lazımi fədakarlıq göstərmirlər. Həm bu məqama, həm də ötən il noyabrın 13-də Parisdə yaşanan qorxunc terror olayına görə çoxları Avropa çempionatını səbirsizliklə gözləyirdi. Bəs ilk dəfə 24 komandanın qatıldığı qitə birinciliyi ümidləri doğrultdumu? Qrup mərhələsinin ilk turunun arxada qaldığı indiki anda müəyyən qənaətləri bölüşməyə dəyər.

YÜKSƏK OYUN SƏVİYYƏSİ, TRİBUNALARDA ANŞLAQ

Bəribaşdan qeyd edim ki, Avropa futboluna simpatiya bəsləyənlər şadyanalıq edə bilər. Yəni iştirakçı sayının 24-ə çatmasıyla oyun keyfiyyətinin aşağı düşə biləcəyi ilə bağlı gümanlar elə güman kimi qaldı. Hər oyunda final fitinə qədər azarkeşləri həyəcanda saxlayan gərginlik, sürət, mübarizə əzmi, futbolçuların milli formada fədakarlığını görürük. Özü də bütün bunlar Avropada yetərincə ağır keçən futbol mövsümündən, bir neçə turnirdə qüvvəsini sınayan futbolçuların ifasında baş verir. Düzdür, 12 oyuna 22 qol (hər oyuna orta hesabla 1.83) vurulub ki, müəyyən mənada məhsuldarlığın aşağı olmasından gileylənməyə dəyər. Amma bunun da özünəxas səbəbi var: qruplarda 3-cü yeri tutanlar arasından ən yaxşı nəticə göstərən dörd komandanın da 1/8 finala adlayacağına dair şərt komandaları daha ehtiyatlı oynamağa, hər qola böyük dəyər verməyə sövq edir. Hətta bu ehtiyatlılıq fonunda da heç bir oyun qolsuz bitməyib.

Türkiyə-Xorvatiya oyunu

Türkiyə-Xorvatiya oyunu

PARLAQ HAKİMLİK

12 oyun arxada qalıb və faktiki bir dəfə də ciddi hakim səhvi qeydə alınmayıb. İstər qapı xəttindən qaytarılan topların qol kimi qeydə alınıb-alınmaması, istər sarı və qırmızı vərəqələrin göstərilməsi, istərsə də penaltilərin təyin olunması baxımından ideal qərarlar verilir. Heç şübhəsiz, bunda hakimlər briqadasının üzvlərinin əla qarşılıqlı əlaqəsi əsas rol oynayır. Daha bir önəmli tendensiya odur ki, avropalı hakimlər futbolçulara, demək olar ki, bütün oyun epizodlarında sona qədər mübarizə aparmağa imkan verir, «üstünlük» qaydasına riayət edir, yersiz fitlərlə oyunun tempini aşağı salmır. Avropa çempionatında gördüyümüz idarəçilik səviyyəsi ilə hazırda davam edən Amerika Kubokunu müqayisə edəndə, fərq yerdən göyə qədərdir. 12 oyuna 36 sarı, 2 qırmızı vərəqə göstərilib ki, bu da çox aşağı göstəricidir. Yəni hər oyuna 3 sarı, 6 oyuna 1 qırmızı vərəqə düşür.

FAVORİTLƏR NƏ EDİR?

Turnir ərəfəsində mütləq favorit kimi göstərilən komandalardan üçü də - Fransa, Almaniya və İspaniya ilk turda qələbə qazandı. İtaliya partlayış edəcəyi gözlənilən Belçikaya yerini göstərdi, İngiltərə isə ənənəvi «uğursuz start» tendensiyasından qurtula bilmədi. Heç Ronaldo-lu Portuqaliya da turnir perspektivlərinə dair böyük ümid vermədi. Açığı, ilk turun oyunları növbəti Avropa çempionunun kimliyinə dair proqnoz vermək istəyənlərin işini bir qədər də çətinləşdirdi. Çünki mütləq favorit yoxdur, hər komanda, hətta hamının autsayder saydığı Macarıstan da sona qədər mübarizə aparır, qitə futbolunda iz buraxmaq istəyir. Bəlkə də proqnoz vermək üçün 2-ci turun da yekunlarını gözləmək daha yaxşı olar...

İngiltərə-Rusiya oyununda iğtişaş

İngiltərə-Rusiya oyununda iğtişaş

...VƏ HƏDSİZ ZORAKILIQ

Təəssüf ki, qitənin futbol bayramını korlayan nəsə də var. Çox tez-tez Fransanın ayrı-ayrı şəhərlərinin küçələrində və tribunalarda zorakılıq, qəddarlıq aktları yaşanır. Ruslarla toqquşmada ciddi xəsarət alan ingilis fanat artıq dünyasını dəyişib. Haqq-hesab çürütmək baxımından ruslarla ingilislər daha fəaldır, amma başqaları da onlardan «ibrət götürür». Azarkeşlərin sekuriti səddini asanlıqla aşıb tribunada dalaşması, sektorlara çoxlu pirotexniki vasitənin və yasaq bannerlərin keçirilməsi o anlama gəlir ki, təhlükəsizliyin və qayda-qanunun təmin olunması baxımından təşkilatçılar hansısa boşluqlar buraxıb. Zorakılıq həvəskarlarının ölkədən qovulması, spirtli içkilərin satışına qoyulan qadağa profilaktik tədbirlər olsa da, sanki bir qədər gecikmiş xarakter daşıyır. Hər halda, irəlidə zorakılıq aktları görməyəcəyimizə, hər günün yalnız maraqlı futbol xəbərləri ilə açılacağına ümid edirik. Odur ki, seyrə davam!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG