Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

“Dədə Baba” satirik rok qrupu kimləri 'qamçılayır'?- [Video]


►​“Mən öz ağlımla oxuyacağam,

Polis, həkim, ya da müəllim olacağam,

İşləyəcəyəm, rüşvət götürməyəcəyəm,

Çünki mən azərbaycanlıyam”....

Səhnədə ifa olunan mahnının sözləri tamaşaçıları əməlli-başlı cüşa gətirir.

Ardınca da “yolu yaşıl işıqda keçəcəyəm”, “maşını çox asta sürəcəyəm”, “piyadalara hörmət edəcəyəm”, “küçələrdə söyüş söyməyəcəyəm”, “sifətimdən ancaq nur yağacaq” və səhnədən göndərilən başqa diləklər...

Bu arzuların müəllifi təxminən 6 aydır yaranan “Dədə Baba” adlı qrupdur. Əsasən “pub”larda, gecə klublarında oxuyurlar.

Tamaşaçıları da gənclərdir.

Üç nəfərdən (Orxan Musayev – solist, bass gitara, Tamerlan Babayev – gitara və Əli Nəsirov – zərb) ibarət “Dədə Baba” özünü “satirik rok qrupu” adlandırır.

Sosial mövzulu mahnılar tamaşaçını cəlb edib. (ardı aşağıda)

Qrupun solisti Orxan Musayev deyir ki, daha çox sosial problemləri qaldırdıqları üçün sevilirlər:

“Əsasən, sosial problemlərdən oxuyuruq. Hər dinləyici də bu mahnılarda özünü görür. Həmişə bu mövzuda oxumaq istəyirdim. Birinci konsertdə 50 tamaşaçımız vardı. İzləyicilər çox bəyəndilər. Video çəkib internetdə paylaşdılar. İkinci konsertdə artıq tamaşaçıların sayı 120 oldu. Get-gedə gələnlərin sayı artırdı. Axırıncı konsertə 200 nəfər gəlmişdi. 50 nəfər də bayırda qalmışdı. Konsertin axırına qədər də qaldılar. Ondan sonra yeni, daha geniş yer axtarmağa başladıq”.

Orxan, Tamerlan və Əli qan-tər içində səhnədə mahnılarına davam edirlər:

“Ey, Vətən!

Bu insanlar niyə qaçır səndən?

Niyə deyirlər ki, aldatmısan və daha sevmirsən bizi?”

Musiqinin səsinə qoşulan gənclər sərbəstdirlər, oynayır, qışqırır, “Dədə Baba”nı ruhlandırırlar. Tamaşaçılardan biri Reyhan Aslanova söyləyir ki, qrupun oxuduğu mahnılar gənclərin demək istədiklərini dilə gətirir:

“Günlərin birində gördüm ki, “Dədə Baba”qrupu bizim ətrafımızdadır. Əvvəlcə xarici musiqiləri götürüb azərbaycanca oxuyurdular. Bu yaradıcılıq mənim çox xoşuma gəldi. Bu gün onların konsertindəyəm. Ətrafdakı uşaqlar da həmişə deyirlər ki, “Orxan oxuyur, gedək o “pub”a”. Caz dinləyən yaxınlarım da onlara qulaq asır. Məncə, bu qrup gənclərə bir dəstəkdir”.

“Mövzu boldur”

Qrupun solisti xatırlayır ki, özlərinə rahat, diləyatımlı ad axtarıblar. Mahnılar üçün seçdikləri mövzular isə hamının ətrafında baş verənlərdir:

“Həmişə fikirləşirdim ki, qrupun adı həm yaddaqalan olmalıdır, həm də milli. Bizim mahnılar insanların problemləri haqqında olduğundan onları hamı xoşlayır. Mahnı yazmaq çətin deyil. Şəhərə çıxıb metroya, avtobusa minmək bəs eləyir. Bir mövzuda bir gündə 10-15 mahnı yazmaq olar. Mövzularımız gəncləri düşündürür. Çoxunun içindəsə, elə bil ki, o “yengəlik” deyilən bir şey oturub. Filankəs kimlə görüşür, kim kiminlə yatır. Əslində bu, insanın şəxsi həyatıdır. Heç kimi maraqlandırmamalıdır”. (ardı aşağıda)

Tamaşaçıların dediklərindən:

“Dədə Baba”nın konsertində iştirak edən başqa bir tamaşaçı Pərviz Əzimov deyir ki, qrupun ifasındakı etiraz onu konsertlərə gətirən əsas amildir:

““Pub”a getmişdim, təsadüfən bu qrupu gördüm. Fərqlilikləri ondadır ki, Azərbaycan gəncliyinin çoxdan istədiyi janrı gətirdilər. Bu janr milli mahnılarımızın rok versiyasına transformasiya olunmasıdır. Burda saz musiqisini də görə bilirik. Hər kəsin başa düşəcəyi dildə oxuyurlar. Şəxsən mənim üçün yenilikdir. Həm milli mahnıları rok üslubunda oxuyurlar, həm də sosial problemləri qaldırırlar. Etiraz həm də rokun fəlsəfəsidir. “Dədə Baba” bunu bacarır”.

“Yaxşı qız “facebook”a girməz”

Qrup üzvləri mahnı oxuyanda da tamaşaçılarla ünsiyyəti kəsmir. Əl sallayır, öpüş göndərənləri dəstəkləyir.

“Dədə Baba”nın konsertləri pulsuz da olur, bəzən rəmzi qiymət də qoyurlar. Orxan deyir ki, onlar pula görə oxumurlar, bu cür mahnıların eşidilməsini istəyirlər. Ancaq bəzən səhv də başa düşülürlər:

“Biz ürək üçün oxuyuruq, pul üçün yox. Pul üçün başqa işlərdə işləyirik. Ancaq bəzən mahnılarımız əksinə də başa düşülür. Bir mahnımız var – “Yaxşı qız”.

Yaxşı qız gəzər başıaşağı, yaxşı qız “facebook”a girməz,

Hardadır o igid oğlan, axırıncı puluna telefon alan...

Yaxşı qız evdə oturar, yemək bişirər, evi yığışdırar

İgid oğlan evə qayıdanda doyunca yesin uzansın divanda...

Bu mahnıya görə qızlar bizi söyməyə başladı, oğlanlar dedi “düzdür, qardaş düz oxuyur””.

Tamaşaçı qızlardan Rübabə Əzizova isə qrupu izlədiyini, bütün konsertlərinə getdiyini deyir:

“Tez-tez konsertlərinə gəlirəm. Ən çox mahnıların sözlərindəki sarkazmı bəyənirəm. Sadə və mənalı sözlərdən istifadə edirlər. Onlar bizim demək istədiklərimizi deyirlər, əsas odur, qulaq asanlar başa düşsünlər”.

“Dədə Baba”nın ən böyük arzularından biri çoxlu tamaşaçı qarşısında çıxış etməkdir:

“Arzumuzdan biri Olimpiya Stadionuna tamaşaçı yığmaqdır. Fikirləşirəm ki, görəsən, alınar? Məncə, alınar”.

Məmur özbaşınalıqlarına toxunsalar...

Tamaşaçıların isə qrupdan gözlədikləri başqa mövzular da var. Toğrul Rəsulov qrupun siyasi mövzuda da oxumasını istəyir:

“Bu qrup sosial mövzulara toxunduqlarına görə maraqla qarşılanır. Mən siyasi mövzulara da toxunmalarını istəyirəm. Məmur özbaşınalıqlarına toxunsalar, daha yaxşı olar”.

“Dədə Baba” qrupunun planlarında isə konsertlərin sayını artırıb klip çəkdirmək var. Bir də “dədədən - babadan filan şey görmüşdük”, “bizdə dədə-babadan belə olub” deyimini “bizdə Dədə Babadan rok olub” formasına salmaq.

Qrup “Molotov kotleti” mahnısı ilə davam edir:

Əziz həyat yoldaşım,

Mən sevirəm səni çox.

Ürəyimdəki sevgi hisslərim

Artacaq – qarnım olsa, tox.

Yox, istəmirəm kabab,

Yox, istəmirəm, piti,

Zəhmət olmasa, mənə bişir – Molotov kotleti...

Qeyd: Bir neçə il öncə deputat Siyavuş Novruzovun Milli Məclisdə çıxış edərkən Molotov kokteyli əvəzində “Molotov kotleti” deməsi sosial şəbəkələrdə geniş müzakirələr yaratmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG