Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

-

«Trump dəyərlərimizə hücum çəkir»; Almaniyanın Gürcüstanın ümidlərini puça çıxarmağı – 14 iyun Qərb mediasının icmalı.

«Postsovet separatçılığı və liberal ikiüzlülük». «The National Interest» dərgisi Azərbaycanın Çexiya Respublikasındakı səfiri Fərid Şəfiyevin məqaləsini dərc edib. Səfir Qərbin hakim ideologiyası olan liberalizmin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədaləti gözardı etdiyini yazır. Müəllif Azərbaycanın Ermənistanın birbaşa işğalıyla üzləşdiyini, Rusiyanın özünün Çeçenistanda separatçılıqla mübarizə aparmasına baxmayaraq, Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dəstəklədiyini, Krımı isə ilhaq etdiyini vurğulayır. Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açan səfir qeyd edir ki, SSRİ dağılandan sonra erməni millətçiləri taktikanı dəyişib - postsovet Rusiyası və bütün dünyadan liberalların rəğbətini qazanmağa çalışıb. Həyat yoldaşı etnik erməni - Elena Bonner olan Andrey Sakharov kimi sovet liberalları Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər. Vaxtilə kommunist hakimiyyət Azərbaycanı, liberallar isə Ermənistanı dəstəkləyirdi.

«Yaxşı oturuşmuş erməni diasporu Charles Aznavour, Kim Kardashian kimi tanınmışlar, vəkil Amal Clooney vasitəsilə hekayətlərini qlobal mediaya asanlıqla ötürürlər. Azərbaycan diasporu isə gənc və təcrübəsizdir. Bakının lobbiçilik səylərinə «kürü diplomatiyası» adını yapışdırırlar və Qərb liberalları bunu neft dövlətinin hökuməti tərəfindən görülən bir iş kimi rədd edir. Amerika mediası lobbiçiliyə sərf olunan neft pullarından yazır, ancaq Kaliforniyada güclü erməni icmasının rəsmiləri seçdirməyə xərclədiyi milyonları gözardı edir… Ermənilər Qərbdə çoxdan güclü bağlarla kök salıblar, hələ xristian faktorundan danışmayaq. Sonucda, Qərb mediasının oriyentalist qərəzini üstləmək çətin işə çevrilir».

«Bu ilin aprel toqquşmalarında Ermənistan ordusunun itkilərinin yüksək olması onu göstərir ki, Ermənistan Azərbaycan ərazisini işğal edən əsas qüvvədir. BBC və digər xəbər agentlikləri bunu Azərbaycan və «Dağlıq Qarabağ qüvvələri» arasındakı toqquşmalar kimi qələmə verib. Qərb Gürcüstan, Moldova, Ukrayna münaqişələrində bu ölkələrin ərazi bütövlüyünə söykənən həll variantını dəstəkləsə də, Ermənistan-Azərbaycan münaqişəsində riyakar davranaraq fərqli münasibət sərgiləyib, «danışıqlar yoluyla» həll variantı təklif edib ki, bu da Dağlıq Qarabağın Azərbaycandan mümkün ayrılmasını nəzərdə tutur».

Səfir yazır ki, Qərb ölkələri Eritreya, Cənubi Sudan kimi yeni dövlətlərin yaradılmasını dəstəkləsə də, yeni dövlətlər orada yaşayan insanların azadlıqları baxımından durumu heç də yaxşılaşdırmayıb. Suriya münaqişəsindən öncə Almaniyaya ən çox qaçqın Kosovodan gəlirdi.

«Buna baxmayaraq, belə bir mif dolaşır ki, yeni dövlətlərin yaranması insanların indiki dövlət quruluşunda yaşadığı problemləri həll edəcək. İqtisadi çətinliklər və yaxşı idarəçiliyin olmaması etnik gərginliyə təsirini göstərir. Ancaq problemin həllindən ötrü yeni sərhədlər cızılmamalı, mərkəzi hökumətin lazımınca işləməsinə, birlikdə yaşayan müxtəlif etnik qrupların təhlükəsizlik və azadlığını təmin etməsinə şərait yaradılmalıdır. Həll yolu birgəyaşayış və əməkdaşlıqdan keçir – yeni sərhədlər və divarlar ucaltmaqdan deyil. Dünya liberalları qloballaşmış dünyanın belə bir konsepsiyası uğrunda çalışmalıdır», - səfir yazır.

Donald Trump

Donald Trump

TRUMP DƏYƏRLƏRİMİZƏ HÜCUM ÇƏKİR

ABŞ-ın «The Washington Post» qəzeti redaksiya məqaləsində respublikaçılardan prezidentliyə mümkün namizəd Donald Trump-ın müsəlmanların ABŞ-a girişinin əngəllənməsi barədə dediklərini tənqid edir. Floridada 49 nəfərin ölümüylə nəticələnmiş atışmadan sonra Trump Twitter-də yazıb ki, islamçı terrorçuluq barədə dedikləri haqlı olduğunu göstərdi və daha artıq ayıq-sayıqlıq və sərtlik istəyir.

«Təkrarlamağa ehtiyac yoxdur, ancaq cənab Trump bunu vacib edir. Amerikalı müsəlmanların çoxu amerikalı xristianların, yəhudilərin və hinduların əksəriyyəti kimi vətənpərvər, qanunpərəstdirlər. Çoxu Birləşmiş Ştatlar uğrunda təhlükəli səhnələrdə savaşıb və savaşmaqdadır. Trump-ın müsəlmanlar barədə dediklərini ümumiləşdirsək, o, ölkəni nə vaxtsa peşman sonucla üzləşəcəyi təhlükəli yola salmış olacaq: bir əsr öncə çinli mühacirlərə qadağa qoyulmuşdu, 1940-cı illərdə yapon əsilli ABŞ vətəndaşları və qeyri-vətəndaşlarla bağlı reydlər keçirilirdi, on il sonra meksikalı qanunsuz miqrantlar ölkədən çıxarılırdı», - qəzet yazır.

«Cənab Trump fundamental liberal dəyərlərə daha bir həmlə edərək bildirib ki, «The Washington Post» müxbirlərinin onun seçki kampaniyasını işıqlandırmasına imkan verməyəcək. Belə bir niyyəti varsa, təsəvvür edin, prezident səlahiyyətindən necə istifadə edər. Orlando atışmasından öncə təhlilçilər terror hücumunun prezident seçkisinə necə təsir edəcəyi barədə fikir yürüdürdülər. İndi azından, bir cavabı bilirik: cənab Trump rəhbərliyə yararsız olduğunu daha böyük çılpaqlıqla ortaya qoyar», - məqalədə vurğulanır.

Viza

Viza

ALMANİYA GÜRCÜSTANIN ÜMİDİNİ KƏSİR

Berlin gürcülərin Şengen zonasına vizasız səyahəti ilə bağlı Avropa Birliyinin təklifinin qarşısını almağa çalışır. Bu cəhd nəinki Gürcüstanın Avropaya doğru nikbinliyini azaltmış olur, eyni zamanda Almaniyanın postsovet məkanında Avropa lideri kimi nüfuzuna zərbə vurur. Bunu Karneqi Fondunun saytında Jaba Devdariani yazır.

Avropa Komissiyası hələ ötən ilin dekabrında bildirmişdi ki, Gürcüstan tələblərə cavab verir. Avropa Parlamenti də bu mövqeyi siyasi baxımdan dəstəkləmişdi. İyunun 8-də AB səfirlərinin iclasında isə Berlin məsələnin önünə sədd çəkib, bunu Almaniyada gürcü mühacirlərin kriminal bandalara qoşulmasıyla izah edib. Müəllif yazır ki, alman mediasında gürcülərlə bağlı yazılanları gürcülər məqsədyönlü və ədalətsiz sayırlar. Bəzi məqalələrdə Almaniyada əksər oğurluqları gürcülərin törətdiyi iddia olunur. Ancaq «Der Spiegel» jurnalı onlayn versiyasında bu məlumatları korrektə etməli olub, rəsmi statistika qarşısında geri çəkilib. Almaniyadakı gürcü tələbələr isə petisiya keçirib, «Gürcüstan kriminal dövlət deyil» şüarını səsləndiriblər.

Müəllif yazır ki, Gürcüstan Avropanın Şərq qonşuluğunda qərbyönlü siyasətin lakmus testidir. «AB-dəki 3 Baltik ölkəsinin uğurunu keçmiş sovet respublikalarına aid etməyək, çünki Baltiklər vaxtilə Sovet İttifaqında mədəniyyət baxımından avropalı autsayderlər sayılırdılar. Amma vaxtilə korrupsiyada ad çıxarmış Gürcüstanın uğuru ümidin adlı-sanlı dəlil-sübutu sayıla bilər. Tbilisinin uğurları Ukraynada, Ermənistanda, hətta avtoritar Azərbaycanda belə oxşar islahatlara yol açıb», - yazan müəllif Almaniyanın hərəkətlərini Rusiya təbliğatı ilə müqayisə edir. Berlini islahatçıların ümidlərini çiçəkləndirməyə çağırır, onları puça çıxarmağa deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG