Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:55

-

Senzorlar üç il bu kitabımın çapına qadağa qoydular. Xoşbəxtlikdən Qorbaçov onu oxudu və öz çıxışında xatırladı, ondan sonra çap elədilər. Kitab iki milyon nüsxəlik tirajla yayıldı.

Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç İspaniyanın "El Periodico" qəzetinə müsahibəsində əsərlərindən, onların necə ərsəyə gəldiyindən, sovet cəmiyyətində qadının yerindən danışır.

- Kitablarınızda topladığınız əhvalatları “dua” adlandırırsınız. Bu termin necə yaranıb?

- Rus dilində “dua” sözünün son dərəcə geniş, dərin, dini çərçivələrdən çıxan mənası var. Bu həm yalvarışdı, həm də subyektlə onu əhatə eləyən aləmin bir-birinə qarşılıqlı nüfuz etməsi, bir-birini dərindən dərkidir. Mən həyacanlı, sarsıntı keçirmiş insanlar axtarıram. Onlarla söhbət duaya bərabərdir. Bir qayda olaraq, müsahibim ölümlə sevginin kandarında, keçid vəziyyətində olur və danışmağa, içindəkiləri bayıra fışqırmağa hazırdır. Mən fəlakətlər haqqında yazmıram, onlar mənim kitablarımda sadəcə fon mövzulardır. Əslində mən sevgi haqqında yazıram.

Svetlana Alekseyeviçin müxtəlif dillərə çevrilmiş kitabları

Svetlana Alekseyeviçin müxtəlif dillərə çevrilmiş kitabları

- Sizin əsərlərinizi “səslərin romanları” adlandırırlar. Bu təzə janrdır?

- Mən gördüm ki, ənənəvi janrlar artıq özünü doğrultmur, mənim toxunmaq istədiyim mövzuları əhatə eləmək üçün onlar kifayət deyildi. Ona görə də yeni formalar axtarmağa məcbur qaldım. Mən özüm kənd müəllimlərinin ailəsində böyümüşəm, bizim evdə həmişə çoxlu ədəbiyyat olub. Ancaq qadınların danışdıqları, oxuduğum kitabların hər birindən daha çox təsir eləyib mənə.

- Niyə əsərlərinizdə nəqlçi kimi görünməməyə, həmsöhbətlərinizin monoloqlarını canladırmaqla kifayətlənməyə üstünlük verirsiniz?

- Mənim əsərlərimdə görünmədiyimi söyləmək doğru olmaz. Onlarda mənim düşüncələrim, mənim nöqteyi-nəzərim, mənim dünyanı qavrama tərzim var. Problem ondadır ki, kitablarım üçün seçdiyim əhvalatlar o qədər təfərrüatlı olur ki, artıq özümü onlarla yanaşı qoya, kitaba bir də özümü yerləşdirə bilmirəm. Buna cəhd eləmiş başqa müəlliflər də uğursuz olublar. İki dahi rus yazıçısı - Aleksey Adamovichlə Daniil Granin Leninqradın mühasirəsinə həsr olunmuş “Blokada kitabı”nı çap etdirmişdilər. Orda qohumları bir-birinin ardınca ölən uşağın gündəliyi var. Naməlum qadının yaşadığı otaqdan küftə qoxusu gəlir. Uşaq onun kimliyini öyrənmək istəmir, əvəzində yazır ki, əgər o yeməyin artıqlarını yesəydi, sağ qalardı, amma bunu eləmək istəmir. Və ölür. Müəlliflər isə fəlsəfə açmağa başlayırlar. Bir müəllif kimi mən özümə belə şeyi rəva görmürəm. Özümü o cür faktlarla eyni müstəviyə qoya bilmərəm.

Svetlana Alekseyeviç sovet hakimiyyəti illərində

Svetlana Alekseyeviç sovet hakimiyyəti illərində

- “Sink oğlanlar” əsərinizə görə müttəhimlər kürsüsündə oturanda bəzi analar deyirdilər ki, kitabda yazılanlar onların sözləri deyil. Siz hakim qarşısında müsahibələrin üzərində apardığınız ədəbi işi müdafiə eləməyə məcbur oldunuz. Sizin üçün bütün bu sərhədlər nə deməkdir?

- Mən müsahibənin altına soyad yazıramsa, deməli, dərc olunan hər şey həmin adam tərəfindən deyilib. Mən sadəcə 200-300 səhifəlik hər müsahibədən material seçirəm. Problem ondadır ki, onların hər birinin iki həqiqəti var: doğru hesab elədikləri və əsl həqiqət. Bir dəfə mənə növbəti sink tabut haqqında xəbər vermişdilər. Oğlu orduya aparılmış tənha qadın idi. 9 kvadrat metrlik bir otaqda yaşayırdı. Mən ora çatanda dizin-dizin sürünür, tabutun yanında ulayırdı. Qışqıra-qışqıra deyirdi ki, bu onun oğlu ola bilməz, onun oğlu hündürboyludur, belə balaca tabuta yerləşməz (halbuki cəsədləri geriyə həmişə bütöv halda göndərmirdilər). O gün qadınla söhbət eləmək mümkün olmadı. Bir neçə həftədən sonra mənə danışdı ki, oğlu dülgər imiş, zabitlərin mebellərini təmir eləyirmiş, sonra heç normal güllə atmağı belə öyrətmədən qəflətən Əfqanıstana göndəriblər. Bir neçə ildən sonra ondan soruşanda ki, məhkəməyə niyə gəlib, axı, onun söylədiklərini yazmışam, “Oğlumun qəhrəman olmağını istəyirəm” dedi.

- Nasizmlə mübarizə aparan qadınlara həsr olunmuş “Müharibənin qadın üzü yoxdu” kitabının əsas personajları da qəhrəman idilər..

- Orda da bənzər hadisə olmuşdu. Mən onlardan müsahibə götürəndə rəsmi versiyanı danışmağa başlayırdılar, ancaq bir an gəlirdi ki, elə bil onları silkələyirdilər və artıq başqa dillə həqiqəti danışırdılar. Sonra da bəyan elədilər ki, o vaxt hələ gənc qız olan mənə danışdıqlarının çap üçün olduğunu düşünmürlərmiş: totalitarizmdə keçən həyat insan beynini bu cür işləməyə məcbur eləyir. Senzorlar üç il bu kitabın çapına qadağa qoydular. Xoşbəxtlikdən Gorbachov onu oxudu və öz çıxışında xatırladı, ondan sonra çap elədilər. Kitab iki milyon nüsxəlik tirajla yayıldı. İnsanlar onu çox yaxşı qəbul elədilər, başa düşdülər, lakin kitabın əsas qəhrəmanları yox. O qadınlar kitabın, onların igidliklərini kiçiltdiyini düşündülər. O zaman artıq sovet qəhrəmanının kişi obrazı formalaşmışdı. Və cəmiyyət o qadınları inandırmalıydı ki, onlar eyni zamanda həm qəhrəman ola, həm də qadın qala bilərdilər. Senzuranın, almanlar partizanları tapmasın deyə öz körpəsini boğmağa məcbur olmuş qadınla bağlı əhvalat kimi dəhşətli səhnələri, təcavüzlə bağlı əhvalatları çapa buraxmamasında təəccüblü heç nə yoxdur. Mən özüm də özümü senzura tətbiq eləyirdim...

Svetlana Alekseyeviçin "Çernobıl" kitabı ingiliscə

Svetlana Alekseyeviçin "Çernobıl" kitabı ingiliscə

- Bəs menstruasiya, sevgi münasibətləri barədə hekayətlərə, suda gördüyünün boğulan əsgər olduğunu düşünüb, onu xilas eləməyə çalışan və sudan ağbalıq çıxardan qadın haqqındakı yumoristik əhvalata niyə qadağa qoyulurdu?

- Ağbalıq əhvalatı senzora absurd görünmüşdü. Bir də o vaxt sovet ordusunda qadın paltarlarının olmaması barədə sözləri SSRİ üçün təhqir saymışdı. Qadınlar özləri isə deyirdilər ki: “elə bilirsən, müharibədə ən dəhşətli şey ölməkdir? Yox, ən dəhşətli şey – beş il bu pis kişi tumanlarında gəzmək idi. Biz hər an vətən uğrunda ölməyə hazır idik, ancaq Vətən uğrunda kişi alt paltarında ölməyə yox!”. O qadınların etirafları bu səviyyəyə çatanda başlarına doldurulmuş şablonlardan çıxırdılar.

- O qəhrəman qadınlar sonra niyə unuduldular?

- Çünki avtoritar cəmiyyət – kişi cəmiyyətidir. Çünki müharibədən sonra onların uğrunda mübarizə aparan çox az kişi və qadın vardı, cəbhədən qayıdan qadınlara isə əlavə təhlükə kimi baxırdılar. Bir qadın danışırdı ki, müharibədən sinəsi orden və medallarla dolu qayıdıb, ancaq ertəsi gün anası əlinə bir boxça verib, “sənin bacıların ərə getməlidilər, amma gedə bilmirlər, çünki hamı sənə cəbhə fahişəsi kimi baxır” deyərək evdən qovub. Mən hələ də bu hadisəni xatırlayanda ağlayıram.

- Böyük Vətən Müharibəsində döyüşənlərin ölümə hazırlığı Çernobıldakıların ölümə hazırlığına bənzəyirmi?

- Bu barədə çox düşünmüşəm. Əmin deyiləm. İkinci Dünya Müharibəsində insanlar qüdrətli idealların arxasınca gedirdilər. Xoşlarına gəlsə də, gəlməsə də, onlar Vətən və Stalin uğrunda vuruşurdular. Çernobılda isə qarşılarındakı naməlum bir şey idi. Ora əsgərləri hadisənin ilk həftələrində göndərmişdilər.Mən onlardan “Nəyə atəş açacaqsınız, fizika qanunlarına?” deyə soruşurdum. Onda vəziyyət fərqli idi, amma sistem eyni reaksiyanı verdi: qoşunları toplayıb hücuma göndərdi. Radioaktiv şüalanma ocaqlarından xəstəxanaya gətirilənlərdən sovet ideologiyasına inanıb-inanmadıqlarını soruşurdum. Cavab verirdilər ki, inanmırlar, amma bura torpaqlarını müdafiə eləmək üçün gəliblər. Alman hökuməti yüksək səviyyədə təhlükəli vəziyyətə görə öz mütəxəssislərini Moqilyovdan çıxardanda sovet əsgərləri onlara gülürdülər. Burda da insanın öz həyatını necə qavradığı və onu dövlətlə əlaqədə necə qavradığı aydın görünür. Sovet insanları cismən də, ruhən də öz olkələrinə sadiq idilər.

Sovet lideri Qorbaçov və müasir Rusiya lideri Putin

Sovet lideri Qorbaçov və müasir Rusiya lideri Putin

- Putin kimi insanların varlığını necə izah eləmək olar? Bu o deməkdir ki, milyonlarla insan hələ də eyni cür düşünməyə davam edir?

- Mən bütün kitablarımda, məhz, bundan danışıram. “Qırmızı insanın sonu” kitabını yazanda daima eyni şeyi təkrarlayırdım: “Uşaqlar, demokratiyaya aldanmayın, inqilabı Gorbachov və bizim kimi bir neçə nəfər eləyib, xalqın mentaliteti isə tamamilə fərqlidir”. Putini iblisləşdirmək lazım deyil. Putin – milyonlarla arzunun, ağrının, illüziyanın, tapdanmış, qarət olunmuş, aldadılmış xalqın göz yazlarının təcəssümüdür. Putin – individual yox, kollektiv bir şeydi. O, qırmızı insanın mücəssəməsidir. Ola bilsin ki, bu, yalnız indi belədir - biz qan və ağrı gördüyümüz üçün, məsələn, Ukraynadakı kimi.. Yeri gəlmişkən, siz mənim bütün əsərlərimi oxumusunuz? Nə fikirləşirsiniz, necədilər?

- Sözün əsl mənasında dəhşətli olan əhvalatlar çoxdur. Məncə, siz onları dinləyəndə elə danışanlar qədər çox ağlamısınız.

- Bilirsiniz, bu barədə tez-tez soruşurlar və bu sual məni qıcıqlandırır. Bəs, məsələn, uşaq onkoloqunun işi dahamı asandı? Yazıçı peşəsinin müqəddəsləşdirilməsi xoşuma gəlmir. Bu mənim işimdir, peşəmdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG