Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:05

-

«Formula-1» Avropa Qran-pri yarışları, ölkədə bank sektorunun vəziyyəti, problemli kreditlərin artması və üçüncü devalvasiya ehtimalı bu gün medianın aparıcı mövzusudur.

ZAMANIN SÜRƏT PAYTAXTI

«Azərbaycan» qəzeti dövlət başçısı İlham Əliyevin fotosu fonunda «Zamanın sürət paytaxtı» sərlövhəli məqalə dərc edib.

Məqalə bütünlükdə «Formula-1» Avropa Qran-pri yarışlarının Azərbaycanda təşkili və keçirilməsinə həsr edilib.

Müəllif pilotların aparacağı mübarizə, qət ediləcək məsafə və bütünlükdə bu yarışa dünyanın marağından danışır. Sonra isə bu yarışların Azərbaycana gətirə biləcəyi dividentlər sadalanır: ««Dubai Sport», «Bein TV», «Al Jazeera Sport» kimi beynəlxalq nüfuza sahib media qurumları da bu yarışları diqqət mərkəzində saxlayır. Ərəb idman mütəxəssisləri «Formula-1»in Bakı mərhələsini və futbol üzrə Avropa Çempionatını bu yayın 2 ən mötəbər idman hadisəsi kimi qiymətləndirir. Bir sıra Yaxın Şərq ölkələrində sürət yarışları digər idman növlərindən daha çox sevilir. Bu baxımdan ölkəmizdə ilk dəfə keçiriləcək sürət yarışına beynəlxalq maraq yüksəkdir. Göründüyü kimi, bütün dünya böyük həvəslə Avropa Qran-prisinin Bakı mərhələsini səbirsizliklə gözləyir. İndiyə kimi keçirilən beynəlxalq miqyaslı yarışları yüksək səviyyədə keçirən Azərbaycan daha bir nüfuzlu tədbirə ev sahibliyi etməklə növbəti dəfə idman ölkəsi olduğunu nümayiş etdirəcək».

Manat

Manat

ÜÇÜNCÜ DEVALVASİYA

«Azadlıq» qəzeti Dünya Bankı ekspertlərinin manatın üçüncü devalvasiyası ehtimalı ilə bağlı təhlillərini iqtisadçılarla birgə dəyərləndirib. Məqalədə əvvəlcə bankın ekspertlərinin təxminlərinə yer verilir. Həmin təxminlərdə qeyd edilir ki, hökumət orta müddətdə fiskal durumun qarşısını almaqdan ötrü manatın növbəti devalvasiyasına gedə bilər. Qəzet daha sonra da bu təxminlərlə bağlı iqtisadçılardan Samir Əliyevin şərhinə yer verir:

«Uzaq və orta dövrdə manatın ucuzlaşması baş verəcək. Neftin qiymətində yüksək artım olmayacağı üçün manatın devalvasiyası gözləniləndir».

Samir Əliyevin fikrincə, son vaxtlar bankların dollara artan marağı xarici borcları qaytarmaq məcburiyyətindən irəli gəlir: «Yay aylarında manatın məzənnəsində ucuzlaşma gözləmirəm, payıza qədər məzənnə 1.60-dan kənara çıxmayacaq».

Məqalədə mövzu ilə bağlı deputat Vahid Əhmədovun təklifləri ilə də tanış olmaq olar: «Təklif edirəm ki. yumşaq devalvasiya olsun. Birbaşa kəskin devalvasiya olmasın ki, sonradan problem yaranmasın. Amma neftin qiyməti 40 dollardan aşağı düşərsə, manat üçün çox ciddi problem yarana bilər».
V.Əhmədovun fikrincə, hökumət yumşaq devalvasiyaya gedərsə, bunun fəsadları da az olar.

Dollar

Dollar

VAXTI KEÇMİŞ KREDİTLƏR

«Novoye Vremya» qəzetində dərc edilən «Problemləri həll etmək zamanı» sərlövhəli məqalədə isə ölkə banklarının problemlərinə diqqət yetirilir.

Müəllif yazır ki, ölkənin bank sektorunda problemli kreditlərin həcmi artır. Bu vəziyyətlə bağlı beynəlxalq reytinq agentliklərinin bədbin proqnozları tədricən özünü doğrultmaqdadır. Məqalədə ölkə banklarında problemli kreditlərin həcminin 1 milyard 500 milyon manata yaxınlaşdığı və təkcə aprel ayında 54.8 milyon manat artdığı qeyd edilir: «Xatırladaq ki, agentliklər qeyd edirdilər ki, Azərbaycanın bank sektoru ağır durumdadır və yaxın perspektivdə onun sağlamlaşdırılmasına nail olmaq çətindir».

Müəllifin düşüncəsinə görə, bank sektorunda belə durumun yaranması Mərkəzi Bankın səmərəsiz fəaliyyəti ilə bağlıdır: «Problem daha da dərinləşir, Mərkəzi Bank isə problemli kreditlərin artmasını önləmək üçün heç nə etmir. Əgər təkcə bir ayda bu, 54 milyon manat artıbsa, deməli, vəziyyət ciddidir».

Yazıda bildirilir ki, banklar dövlətdən kömək gözləyir, amma dövlət əvvəlki kimi onlara subsidiya vermək durumunda deyil.

Müəllifin fikrincə, bankların birləşməsi bu sahədə qayda yarada bilər. Amma burada da bank sektorunun inhisara alınması kimi təhlükə var. Müəllif yazır ki, inhisar ölkə iqtisadiyyatında möhkəm kök salıb: «Ölkənin iqtisadi vəziyyətinin ağırlaşması narahatlıq doğurur. Neftin qiyməti sabit deyil. Bu qeyri-sabitliyin 2020-ci ilə kimi davam edəcəyi gözlənir. Etiraf edək ki, bizim neft-qazdan başqa xaricə satmağa heç nəyimiz yoxdur. Bu isə o deməkdir ki, vaxtı keçmiş kreditlərin həcminin artması davam edəcək».

Mərkəzi Bank

Mərkəzi Bank

PUL ADI ÇƏKİLƏN HƏR YERDƏ GERİLƏMƏ VAR

«Bizim Yol» qəzeti də ölkədə bankların vəziyyətini təhlil edib. «Pul adı çəkilən hər yerdə geriləmə var» sərlövhəli məqalədə ölkədəki iqtisadi vəziyyət daha «iti» qələmlə təsvir edilir.

Məqalədə deyilir ki, ölkədə kredit qoyuluşu 14 faiz, istehlak kreditləri 1.2 milyard azalıb. Yazıda daha sonra Mərkəzi Bankın hesabatından sitat gətirilir: «İqtisadiyyatın real sektoruna maliyyə yatırımlarında kəskin azalma müşahidə edilir. İstehsal və sənaye sektoruna kredit qoyuluşu 740 milyon manat və ya 37 faiz azalıb. İpoteka kreditləşməsi 2 dəfə aşağı enib».

Məqalədə qeyd edilir ki, əhalinin banklardakı əmanətlərinin 18 faizi geri çəkilib ki, bu da onlara etimadsızlıqdan irəli gəlir: «Milli valyutada saxlanılan əmanətlərin həcmi 4.4 milyard manatdan 1.4 milyard manata enib. Avro və dollarda qoyulan əmanətlər də 1.6 milyard manat azalaraq 6.2 milyard manata düşüb».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG