Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu bildirir.

Bu il üçün gözləntilərdə (Global Economic Prospects) deyilir ki, dünya bazarında neftin qiymətinin aşağı olması ehtiyat fonduna və dövlət borcunun az olmasına baxmayaraq, hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir. Hər üç ölkə büdcəsinə yenidən baxıb və neftin qiymətini daha ucuz götürüblər. Bunu contact.az saytı xəbər verir.

Dünya Bankı analitikləri hesab edir ki, hətta Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün manatı devalvasiya etməli olacaq.

Bu fikirlə azərbaycanı ekspertlər razılaşırmı? Son ilyarımda 3-cü devalvasiya olacaqmI? Olacaqsa, necə olacaq?

Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, yaxın vaxtlarda kəskin devalvasiya gözlənilmir.

“Devalvasiya indi əvvəlki kimi kəskin şəkildə olmayacaq. Yəni 35 faizlik, 48 faizlik devalvasiyaya hökumət getməyəcək. Çox güman ki, həftəlik artımlarla manatın dəyərdən salınmasına çalışacaq. Yəni kəskin addımların atılmasından çəkinəcək. Yaxın zamanların, həftələrin və ya ayların yüksək həddi 1 dollar 1 manat 65 qəpik dəyərinə doğru gedəcək. Əvvəlki kimi kəskin şəkildə devalvasiya getməyəcək. Buna iqtisadiyyat dözə bilmir”.

Digər iqtisadçı Samir Əliyev isə bidirir ki, manatın məzənnəsi tələb və təklif əsasında formalaşmalıdır. Ancaq biz bunun əksini görürük. İqtisadçı deyir ki, misalçün dünya bazarında dollar bahalaşanda bizdə ucuzlaşır və ya dünyada neftin qiyməti qalxanda biz də manat bahalaşır.

“Bu hamısı onu göstərir ki, Azərbaycanda manat bazar iqtisadiyyatı əsasında yəni iqtisadi əsaslarla tənzimlənmir. Daha çox Mərkəzi Bankın ciddi müdaxiləsi, inzibati metodları əsasında formalaşır. Dünya Bankının ekspertlərinin hesablamalarında bir çox ölkələr, o cümlədədn Azərbaycanda milli valyutanın kəskin ucuzlaşması məsələsini gündəmə gətiriblər. Hər bir halda manatın məzənnəsi uzunmüddətli və ortamüddətli dövrdə daha çox ucuzlaşma istiqamətində olacaq. Manatın möhkəmlənməsi daha çox qısamüddətli dövr üçündür. Yəni son bir həftəni nəzərə almasaq mart ayından biz manatın bahalaşmasını müşahidə edirdik.

Son bir həftədə biz əks prosesi gördük. İndi FED-in ayın 14 və 15-də iclası olmalıdır. Biz 15-dən sonra biləcəyik ki, uçot dərəcələri qaldırıldı, yoxsa yox. Əgər qaldırılsa bu dünya bazarlarında dolların digər valyutalara münasibətdə bahalaşmasına gətirəcək. Əmtəə bazarlarında isə neftin ucuzlaşması ilə müşayiət olunacaq. Təbii ki, bu manatı təzyiq altında saxlayacaq.

Ancaq mən yay aylarında manatın məzənnəsində kəskin dəyişiklik gözləmirəm. Yaxın dövrdə 1 dollar 1 manat 50 qəpik və ya 1 manat 60 qəpik, ən yuxarı hədd kimi isə 1 manat 65 qəpik intervalında dəyişiklik baş verə bilər. Yəni yay aylarında kəskin devalvasiya gözlənilmir. Payızda isə baş verəcək proseslər bu proqnoza yenidən baxmağa sövq edə bilər”.

Vügar Bayramov

Vügar Bayramov

İqtisadşı ekspert Vüqar Bayramov qeyd edir ki, son günlər dolların dəyəri artır. Onun sözlərinə görə praktik olaraq son bir həftədə manatın dəyər itirməsi müşahidə olunur.

“ Mərkəzi Bank çalışır ki, məzənnəni özünün müəyyənləşdirdiyi koridor daxilində qoruyub saxlasın. O koridor təxminən 1,50-1,65 manat səviyyəsindədir. Amma inzibati metodlarla sözügedən koridorda manatın səviyyəsini qoruyub saxlamaq çətindir. Növbəti devalvasiyanın nə zaman olacağını söyləmək çətindir. Çünki Mərkəzi Bank yenə də inzibati yolla məzənnəni tənzimləyir və yenə də bazardadır. Amma onu proqnozlaşdırmaq mümkündür ki, Mərkəzi Bankın mövcud siyasəti ilə manatın məzənnəsini indiki kursda uzun müddət qoruyub saxlamaq mümkün deyil. Manatın məzənnəsinə bazarın təzyiqi artırılmalıdır.

Eyni zamanda Mərkəzi Bank manata olan inamın artırılması istiqamətində fəaliyyətini genişləndirməlidir. Manata inam Mərkəzi Banka olan inamdır. Son vaxtlar dollara tələb artır. Manata psixoloji təzyiq artmaqdadır. Praktika ondan xəbər verir ki, Mərkəzi Bank məzənnə siyasətinə mümkün qədər tez baxıb, dəyişməlidir. Mərkəzi Bank ümumiyyətlə çalışmalıdır ki, manatın ümumiyyətlə real bazar dəyəri müəyyənləşsin”.

Şərhləri göstər

XS
SM
MD
LG