Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:17

Lyosa islamofob romanı tənqid edir


Mario Vargas Lyosa
Mario Vargas Lyosa

Fanatik-islamçıların törətdiyi terrorun qurbanları da elə müsəlmanlar özləri olur, buna görə də fanatik-islamçılığı nəsə vahid siyasi-ideoloji islam birliyi kimi təqdim etmək doğru deyil.

-

Michel Houellebecqin 2015-ci ildə Parisdə "Charlie Hebdo" satirik dərgisinə terrorçu hücumla eyni ərəfədə çapdan çıxmış islamofob "İtaətkarlıq" romanı qısa müddətdə Avropada qalmaqal yaradıb və həm də bestsellerə çevrilib.

Anti-utopiya janrında yazılan və Fransada müsəlmanın prezident seçilməsiylə ölkənin sürətlə islamlaşmasından bəhs edən roman, tənqidçilər tərəfindən ksenofobiya və diskriminasiya aşılmaqda ittiham edilib.

Romanı oxuyan nobel mükafatlı Peru yazıçısı Mario Vargas Lyosa İspaniyanın "La Nacion" qəzetinə yazdığı məqalədə onu tənqid edib. "Oxu Zalı" Lyosanın məqaləsini ixtisarla təqdim edir.

Mario Vargas Lyosa

Sena çayı üzərindəki aypara

Michel Houellebecqin müsəlmanların Fransanı öz qayda-qanunlarına tabe etdiyi sonuncu romanı “İtaətkarlıq”, multikulturalizminin inteqrasiya ideyalarını həyata keçirə bilməmiş bir cəmiyyətin qorxu və önyarqıları ifadə edir.
Roman Fransada ümumxalq seçkilərinin keçirilməsi və “müsəlman qardaşları”nın asanlıqla seçkidə qalib gəlməsindən bəhs edir. Tezliklə hakimiyyət başına nə vaxtsa xristian olmuş, sonra dünyəviliyə meyl etmiş, axırda da müsəlmanlığı qəbul etmiş Məhəmməd Ben Abbas gəlir.
Düzdür müsəlmanların hakimiyyətə gəlməsindən ehtiyatlanan millətçilər və ksenofoblar ayağa da qalxırlar, kiçik cinayətlər də törədirlər, sonda vəziyyətlə razılaşmış kimi görünürlər. Əsas odur ki, media bütün baş verənlər qarşısında susqunluğunu qorumağa çalışır. Ölkə islamlaşma qarşısında görünməmiş passivlik göstərir, islamlaşma özünü xüsusilə akademik çevrələrdə daha yaxşı bəlli edir. Bir yandan da Səudiyyə Ərəbistanı Sorbonn univerisitetinə güclü maliyyə buraxır, islamı qəbul etmək istəməyən müəllimlərə yüksək pensiya ilə işdən çıxmaq təklif edilir. Daha qız-oğlan tələbələr eyni sinif otaqlarında oturmur, univerisitetin həyəti hicablı qızlarla dolur. Hələ bir univerisitetin yeni rektoru “İslam haqda on sual” bestsellerinin müəllifi Rediger təyin olunur. Onun kitabı üç milyon nüsxə satılır və iki arvad almağı qanuniləşdirmək üçün nəzəriyyələri sübut etməyə çalışır. Romanda hadisələr Sorbonn univerisitetinin müəllimi Fransuanın dilindən danışılır, o yeddi ilə yazıçı Joris-Karl Huysmans haqqında doktorluq dissertasiyası yazıb və hələ bu XIX əsrdə yaşamış romançıya “Neologizmlərdən baş fırlanma” adlı kitab da həsr edib. Fransua yaşa dolmuş subaydır, ətrafda baş verənlər onu maraqlandırmır, heç vaxt siyasətə qarışmayıb. Ancaq o islamı qəbul etmədiyi üçün univerisitetdən qovulanda və rəfiqəsi Mariam islam qaydaları ilə yaşamaq istəməyib bir çox fransız yəhudisi kimi İsrailə mühacirət edəndə siyasət onun həyatına girməyə başlayır.

"İtaətkarlıq" romanının rusca versiyasının üz qabığı
"İtaətkarlıq" romanının rusca versiyasının üz qabığı

Michel Houellebecqin bu romanını beş-altı səhifə oxuyan kimi “İtaətkarlıq” adının ona necə yaraşdığını anlamaq olur. Əslində isə söhbət nevroz və melanxoliyadan əziyyət çəkən, devrilmiş və məğlub edilmiş xalqdan gedir, bu xalq alçaldığını tam dərk edir, amma buna qarşı barmağını belə tərpətməyə halı yoxdur.


Romanı oxuyanda Fransada belə şeylərin baş verə biləcəyi insanın ağlına batmır. Dünyaya ilk dəfə insan haqqlarını car çəkmiş, inqilabların beşiyi, Marksın yazdığı kimi “səmaya belə hücum çəkən”, dünya ədəbiyyatına bu qədər yazıçı bəxş etmiş, bütün Avropada dəyərlərin dağılması hökm sürəndə belə onunla hesablaşmayan bir ölkənin indi bu qədər cırlaşması sadəcə ağlasığmazdır.


Həqiqətən Fransada bütün Avropa ölkələri arasında müsəlmanlar daha çox yaşayır, ancaq elə burdaca qeyd etməliyik, Fransada müsəlmanlar cəmiyyətə o qədər az inteqrasiya olunublar ki, ara-sıra gərginlik və zorakılıq qığılcımları törədirlər.
Digər tərəfdən, yadda saxlamalıyıq ki, fanatik-islamçıların törətdiyi terrorun qurbanları da elə müsəlmanlar özləri olurlar, buna görə də fanatik-islamçılığı nəsə vahid siyasi-ideoloji islam birliyi kimi göstərmək (Houellebecqin romanında göstərdiyi kimi) doğru deyil.

Parisdə cümə məscidi
Parisdə cümə məscidi

Yenə də Michel Houellebecqin bu qədər yalanın içində itmiş romanında həqiqiqəti təbliğ edən bəzi məqamlar da var. Məhz bu məqamlar oxucu simpatiyasını qazanıb, kitabın dəyərini yüksəldir. Gələcəklə bağlı istənilən bədbin fantaziya isə önyarqıya, ksenofobiyaya və paranoyaya əsaslanır. Gələcəyimizi hansısa qüvvənin təyin etməsi, o qüvvə qarşısında insanın gücsüzlüyü və ona tabe olaraq həyatını onun istədiyi kimi davam etmək məcburiyyətiylə bağlı deyilənlər aldadıcı hissdən başqa bir şey deyil. Azadlığın olmadığı, insanlarınsa kiminsə ssenarisi əsasında hərəkət etdiyi haqda iddialar uydurmadan başqa bir şey deyil. “İtaətkarlığın” müəllifinin yazdığı kimi fatalizm həqiqətən də tarixdən güclü olsaydı biz mağaradan çıxmazdıq. Məhz itaətdən boyun qaçırdığımız üçün tərəqqi mümkün olub. Romanın surətlərinin daim məğlubiyyətlə barışıq yaşaması insan haqda kifayət qədər miskin təsəvvür yaradır. Fransua başına gələnləri taleyi hesab etdiyi üçün onlara boyun əyir. Kitabın sonunda belə hiss yaranır ki, o baş verənlər gizli və qarşısıalınmaz bir nifrət duymasına baxmayaraq, yenidən Sorbonnda işləmək, Huysmansın romanını çapa hazırlamaq və bəlkə də Rediger kimi bir neçə arvad ala bilmək üçün islamı qəbul etməyə hazırlaşır.

XS
SM
MD
LG