Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

Avropa Məhkəməsinin qərarları icra edilmir


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

-

Azərbaycan hökuməti jurnalistlərlə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarları icra etmir. Söhbət hərbçi jurnalist Üzeyir Cəfərov və «Azadlıq» qəzetinin Fransaya mühacirət etmiş əməkdaşı Aqil Xəlilin işlərindən gedir.

Avropa Məhkəməsi Ü.Cəfərovun hüquqlarının pozuntusunu 2015-ci ilin yanvarında tanıyıb. A.Xəlilin işi üzrə qərar isə ötən ilin oktyabrında qəbul olunub.

Ü.Cəfərovun bildirdiyinə görə, Avropa Məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra Beynəlxalq Bankın Binəqədi filialında qərar üzrə vəsaitin ödənilməsindən ötrü hesab açıb. Bununla bağlı vəkilləri vasitəsilə bir neçə dəfə Avropa Məhkəməsi Yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəliyini bilgiləndirib. Ancaq bir ildən artıq vaxt ötməsinə baxmayaraq, qərarın icrası ilə bağlı hər hansı effektiv addım atılmayıb.

Ü.Cəfərov deyir ki, qərarın icrası ilə bağlı onu iki dəfə Yasamal rayon Polis İdarəsinə çağırıblar. İdarədə hüquqlarının pozuntusu ilə bağlı jurnalistin ifadəsi alınıb: «Başqa heç bir addım atılmayıb, o cümlədən təzminat hissəsi icra edilməyib».

Jurnalist Aqil Xəlilin işi ilə bağlı durum nisbətən fərqlidir. Hökumət məhkəmə qərarında nəzərdə tutulan təzminatın bir hissəsini ona ödəyib. Ancaq jurnalistin hüquqlarının pozuntusunun aradan qaldırılması ilə bağlı hər hansı addım atılmadığı deyilir.

VƏKİL: «HÖKUMƏT SƏHVLƏRİNİ DÜZƏLTMİR»

Onların vəkili Rəşid Hacılı «Turan»a açıqlamasında deyib ki, hər iki işdə hökumət Avropa Məhkəməsi qərarlarını hər yolla icra etməkdən boyun qaçırmağa çalışır.

«Bu işlərdə hökumət pozuntulara yol verib. Aqil Xəlil işində hökumət hətta bütün pozuntuları tanıdığını etiraf da edib. Ancaq hökumət öz səhvlərini aradan qaldırmır», - deyə vəkil bildirib.

Qərarların icrasına Avropa Şurası Nazirlər Komitəsinin nəzarət etdiyini bildirən R.Hacılı deyib ki, vəkillər icraya nail olmaqdan ötrü gərəkli hüquqi prosedurları həyata keçirməkdədirlər.

Hökumət vaxtaşırı Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı problemin olmadığını bəyan edir.

Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bir müddət əvvəl qərarların icrasında ciddi problemlərin olmadığını açıqlamışdı. Onun deməsinə görə, təzminatların ödənilməsində isə heç problem yoxdur.

Avropa Məhkəməsi Ü.Cəfərovun şikayəti ilə bağlı qərarını ötən ilin yanvarında qəbul edib. Həmin qərarda hərbi jurnalistin işgəncəyə məruz qaldığı təsdiq edilib. Qərara görə, hökumət jurnalistə 14 min 400 avro təzminat ödəməlidir.

A.Xəlilin işi ilə bağlı Avropa Məhkəməsinin qərarı isə ötən ilin oktyabrında qəbul edilib. Məhkəmə öz qərarında jurnalistin yaşamaq, azadlıq, toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, ifadə azadlığı, səmərəli hüquqi müdafiə vasitələri və hərəkət etmək azadlığı hüquqlarının pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət A.Xəlilə 28 min avro təzminat ödəməlidir.

Avropa Məhkəməsinin qərarları qəbul edildikdən 3 ay sonra icra edilməlidir. İcra yubandıqda, hökumət hər günə görə əlavə faiz ödəməlidir.

Ancaq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Azərbaycanda icra edilməməsi ilə bağlı şikayətlər tək bu iki işlə bitmir. Həm REAL Hərəkatının lideri İlqar Məmmədovun, həm də keçmiş səhiyyə naziri Əli İnsanovun Avropa İnsan Hüquqları Məhkəməsinin haqlarında verdikləri qərardan sonra azadlığa çıxacağı gözlənilir. Ancaq onlar hələ də həbsdədir.

XS
SM
MD
LG