Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:32

►Rövşən Ağayev: Buraya həm qanuni, həm də qanunsuz tikilən evlər daxildir

“Azərbaycanda şəhər yerlərində 300, kəndlərdə isə azı 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var”.

İqtisadçı ekspert Rövşən Ağayev belə deyir.

R.Ağayev öz “facebook” səhifəsində Azərbaycandakı mənzillərin sayı ilə bağlı statistikanı açıqlayıb.

“Rəsmi statistikaya görə, ölkədə 1.9 milyon mənzil var. Bunun 1.1 milyon vahidi şəhər yerlərinin, 800 mini isə kənd məskənlərinin payına düşür. Rəsmi statistikada yalnız uçota alınan mənzillər qeyd edilir”.

İqtisadçı rəsmi rəqəmlərin reallığı əks etdirmədiyini vurğulayır.

“Bunu (sənədli və sənədsiz) dəqiqləşdirmək üçün ən yaxşı mənbə elektrik enerjisi ilə təmin olunmuş mənzillərin sayıdır. Çünki içməli su və təbii qazdan fərqli olaraq, bütün mənzillər elektriklə təmin ediliblər” - deyən ekspert bildirir ki, hazırda Azərbaycanda elektrik enerjisi verilən mənzillərin sayı 2.4 milyondur.

“Bu o deməkdir ki, ölkədəki mənzillərin təxminən 500 mini (21 faizi) rəsmi qeydiyyatda deyil. Bu sıraya həm qanuni sənədlər əsasında (ən azından mənzil tikintisi hüququ verən torpaq sahəsi mövcuddur) tikilən, amma mülkiyyət sənədi almayan mənzillər, həm də qanunsuz tikililər daxildir”.

Ekspert 2.4 milyon mənzilin təxminən 1.4 milyonunun şəhərlərin, 1 milyonunun isə kəndlərin payına düşdüyünü bildirir.

“Bu fakt onu göstərir ki, şəhər yerlərində 300 min, kəndlərdə isə 200 min vahid mənzilin sənədləşdirilməsinə ehtiyac var”, R.Ağayev bildirir.

Qanunsuz evlərin, digər tikililərin sayı barədə dəqiq rəsmi bilgi verilmir.

Prezident İlham Əliyev öz çıxışlarında bir neçə dəfə bu məsələyə toxunub.

“Qanunsuz tikililər Bakıda əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur ki, tikilir. Biz bu qanunsuz tikililərlə əlbəttə ki, gərək mübarizə aparaq ”, ölkə başçısı bunu ötən il keçirilən müşavirələrdən birində demişdi.

Prezident ötən ilin əvvəlində sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı fərman da verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG