Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:25

Devalvasiya kitabı da vurub, gömrük də bir yandan


Azerbaijan -- Book Fair at Baku State University by "Qanun" Publishing House, 22 September 2015
Azerbaijan -- Book Fair at Baku State University by "Qanun" Publishing House, 22 September 2015

-

Neftin ucuzlaşması, manatın devalvasiyaya Azərbaycanda bir çox sahəyə öz təsirini göstərib, bəs görəsən Azərbaycan naşirləri və kitab satıcıları necə düşünür. Devalvasiya kitab çapına və satışına necə təsir edib?

Zahir Əzəmət
Zahir Əzəmət

“Zero” Nəşriyyatının direktoru Zahir Əzəmət:

“Kitab oxuyanlar adətən kasıb təbəqə olduğuna görə devalvasiyadan sonra alıcılıq qabiliyyəti aşağı düşüb. Durum buna qədər də ağır idi. Onsuz da kitaba bağlı olan insanlar kitab alırdı. Bu tendensiya xüsusən də onların işini çətinləşdirdi. Bütün hallarda dolların qalxmağının mənfi təsiri bütün sahələrdə olduğu kimi kitab bazarında da hiss olundu. Düzdür bizim hazır mətbəəmiz yoxdur, ancaq nəşriyyat rəhbərləri ilə söhbətdə belə aydın oldu ki, xammal azı iki dəfə bahalaşıb. Bu da istər-istəməz kitabın maya dəyərinə təsir edir. Nəticədə kitablar bahalaşır. Artıq kitab mağazaları, nəşriyyatlar müflisləşməyə doğru gedir. Onsuz kitab bazarında vəziyyət daha da ağırlaşıb. Belə demək mümkündürsə, kitab indi reanimasiyadadır. Bunun üçün biz dəfələrlə təkliflərlə çıxış etmişik. Gərək əlavə dəyər vergisi ləğv edilsin, dövlət tərəfindən müəyyən dotasiya ayrılsın, uzun müddətli az faizli kreditlər verilsin. Kitab bazarının dirçəlməyi üçün çox işlər görülməlidir. Heç bir iş görülməyib. Kitab üç-dörd nəfərin vicdanından asılı vəziyyətdə qalıb.

Rasim Qaraca
Rasim Qaraca

“Alatoran” yayınlarının rəhbəri Rasim Qaraca:

“Alatoran” Yayınları kommersiya məqsədli bir quruluş deyil, ona görə də kitab bazarındakı qabarıb-çəkilmələr haqqında söz demək mənə çətindir. Ümumən bizdə kitab oxuyanların alıcılıq gücü aşağıdır. Kitabın aktuallığının qaldırılması isə elə-belə məsələ deyil, bundan ötrü dövlət proqramı olmalı, problem geniş şəkildə analiz edilərək həll olunmalıdır. Xüsusə devalvasiyadan sonra dövlət kitab sektorunu qorumaq üçün müəyyən addımlar atmalı idi.

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:

Dolların qalxmağı Azərbaycanda həyatın bütün sahələrinə təsir etdi. Kitab daha çox itirənlərdən oldu. Çünki kitabın xammalı, hazırlanmasında nə istifadə olunursa hamısı xaricdən gəlir. Ona görə də manatın məzənnəsi düşdükcə, manatın mövqeyi zəiflədikcə kitabın qiyməti bahalaşır. Bu vəziyyətdə biz də məcburuq ki, kitabın qiymətini qaldıraq. Devalvasiya dövründə bir şok yaşandı. Amma indi alıcılıq qabiliyyəti tədricən normallaşır. Ən azından biz oxucularımızı itirməmişik. Bununla belə bağlanan kitab dükanları var. Kirayə haqlarını ödəyə bilmədikləri üçün fəaliyyətlərini dayandırdılar.

Xan Rəsuloğlu
Xan Rəsuloğlu

“Xan xəzinəsi” kitab mağazasının sahibi Xan Rəsuloğlu:

Devalvasiya kitab bazarına ən azı iki dəfə təsir etdi. Oxucular azalıb. Mən özüm ailə başçısıyam. İndi təsəvvür edin ki, meyvəsindən tutmuş ərzağa qədər bahalaşma göz qabağındadır. Belə olanda, nəşriyyat sahibi də məcburdur qiyməti qaldırsın. Onda da alıcı problemi yaranır. Məcbur olub 40,50,60 hətta 90 faizlik endirim edirlər. Bundan sonra dollar qalxmasa, düşünürəm ki, bazar öz-özünə tənzimləyəcək. Dünən 9 manata bazara çıxarılan kitab bu gün 7 manatadır. Baxmayaraq ki, kağızından, yapışqanından tutmuş hər şeyin qiyməti qalxıb. Bu da istər-istəməz kitabın keyfiyyətinə təsir göstərir.

Fərid Kərimov
Fərid Kərimov

“Bakumoz” kitab evinin rəhbəri Fərid Kərimov:

Devalvasiya bütün sahələrə təsir etdiyimi kimi kitab sahəsində də sıxıntılar yaratdı. Xüsusən xaricdən gələn kitablara çox təsir elədi. Məsələn, Türkiyədən əvvəl kitabları 1 tl=0.37 qəpiklə hesablayırdıqsa, indi bu rəqəm 0.51-dir. Bundan əlavə kargolar dollarla işlədiyi üçün artıq 1 kitab üçün Türkiyədən gəlmə qiyməti 2 manatı ötüb keçir. Bizdə kitab sahəsi təzə-təzə canlanmağa başlayırdı, devalvasiya demək olar 50% oxucunu itirməyimizə səbəb oldu. Həqiqətən kitablar xeyli bahalaşdı. ABŞ-dan gətirilən kitablar isə dəhşətli dərəcədə bahalaşdı. Qeyd etdiyim səbəblər oxucuları bəzilərini oxumaqdan çəkindirdi, bəziləri alternativ variantlar axtardı. Müəyyən hissəsi də kitab şəklində oxumağa davam edir. Hal-hazırda gömrükdə də problemlər olduğu üçün, oxucular və biz bir az da çətin vəziyyətə düşmüşük. Gömrük yeni qaydalar tətbiq edib, devalvasiyadan sonra. Rüsumlar çox qaldırılıb. Məsələn, əvvəl kitaba ƏDV yox idi gömrükdə, indi 18% ƏDV qoyulub. +3% gömrük rüsumu. Cəmi 21%. Yol xərci və digər xərclər gəlir 30% yaxın olur. Bu da kitab sahəsinin çöküşü deməkdir. Bu şərtlərlə işləmək çox çətindir.

XS
SM
MD
LG