Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

B.Məmmədov valideynləri ilə görüşməyib


-

«Qiyas İbrahimov və Bayram Məmmədovla görüşdüm, işgəncələrdən sonra səhhətləri tədricən qaydasına düşür».

Hər iki gəncin vəkili Elçin Sadıqov bunu AzadlıqRadiosuna bildirib.

Vəkil istintaqın ləng aparıldığını söyləyib: «Bir aydır ki, gənclər ittiham edilirlər, barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Amma bir dəfə də olsun istintaq hərəkəti aparılmayıb».

E.Sadıqov gənclərə külli miqdarda narkotik saxlamaq ittihamı verildiyini xatırladaraq, iş üzrə ekspertizanın keçirilmədiyini qeyd edib: «Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə əl-barmaq izlərinin götürülməsi, bu narkotik maddənin Q.İbrahimov və B.Məmmədova aid olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsi haqda vəsatət vermişəm. Hələ ki, hər hansı münasibət yoxdur».

Vəkil Q.İbrahimovun valideynləri ilə görüşdüyünü, amma B.Məmmədova hələ də bu imkanın yaradılmadığını söyləyib: «Fikrimcə, qarşıdakı həftədə B.Məmmədov da valideynləri ilə görüşə biləcək».

Bayram Məmmədov və Qiyas İbrahimovun keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazılmasına görə həbs edildiyi güman edilir. Hüquq-mühafizə orqanları isə gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir.

Gənclər barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onlar polis idarəsində işgəncəyə məruz qaldıqlarını bildirsələr də, rəsmilər bu deyilənləri təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG