Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:52

NATO-nun birləşdirib ayırdığı Cənubi Qafqaz


NATO
NATO

-

Bu ölkələrin AB-yə vizasız girişi ertələnir; Rusiyada «Disneyland» tikiləcək – 10 iyun Qərb mediasının icmalı.

«ABŞ-ın raketdən müdafiə sistemi, Monteneqronun NATO-ya üzvlüyü, Rusiyanın hərbi iştirakı gücləndirməsi ilə bağlı mübahisələr Cənubi Qafqaz ölkələrinin bu hərbi alyansla yeni yaranan bağlantılarını da kölgələmiş oldu». «The National Interest» dərgisində Eduard Abrahamyan yazır ki, NATO-nu regiona daha da yaxınlaşdıran üç maraqlı addım Qara dəniz regionunda reallıqları dəyişdirə, Rusiyanı daha da aqressivləşdirə bilər.

Gürcüstan bu yaxınlarda NATO ilə birgə təlim keçirib. Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin qızışması fonunda Ermənistan NATO ilə tərəfdaşlığın yeni mərhələsinə daxil olmaq üzrədir, ikitərəfli müdafiə əməkdaşlığı gücləndirilir. Və Gürcüstanın müdafiə naziri Tinatin Khidasheli azərbaycanlı həmkarı Zakir Həsənovla danışıqlarda Azərbaycanı 2017-ci ilin yazında NATO ilə birgə təlimlərdə iştiraka dəvət edib.

Müəllifin fikrincə, hərbi-siyasi proseslərin belə bir ardıcıllığı ilk baxışda əhəmiyyətsiz görünə bilər, ancaq NATO-nu Cənubi Qafqazda daha çox sezilən mövqeyə çəkməklə regionun dinamikasında da həlledici təsir göstərə bilər. Gürcüstan ənənəvi olaraq alyansa can atıb, ancaq Ermənistanla Azərbaycan bu baxımdan daha mürəkkəb mövqe tutub və indi onlar da NATO ilə tərəfdaşlığı gücləndirirlər. Həm də Tbilisi təkcə NATO və ABŞ-la müdafiə əməkdaşlığını sürətləndirmir, eyni zamanda Türkiyə və Azərbaycanla birgə təhlükəsizlik tapşırıqlarını və prioritetləri önə çəkir. Səbəb də aydındır. Türkiyə NATO-nun Gürcüstanın alyansa üzvlüyünü dəstəkləyən azsaylı üzvlərindəndir.

Regional rəqiblər olan Ermənistan və Azərbaycana gəlincə, hər ikisi NATO ilə siyasi və praktik əməkdaşlığa önəm verir. Amma Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın müttəfiqi, Azərbaycan isə 2011-ci ildən Qoşulmayanlar Hərəkatının üzvüdür. NATO ilə əməkdaşlıq hər iki ölkənin müdafiə doktrinalarının formalaşmasında vacib rol oynayıb. Hər iki ölkə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planının (IPAP) dördüncü mərhələsini qəbul edib, Əfqanıstandakı missiyaya qoşulub.

Müəllif yazır ki, Rusiyanın Ukrayna böhranı səbəbindən Qərblə toqquşması Ermənistanı birdən-birə çətin duruma saldı. Yerevan Rusiyanın təzyiqi altında 2013-cü ildə Avropa Birliyi ilə assosiasiya sazişini ertələdi və Avrasiya İqtisadi Birliyinə qoşuldu. Bu arada Moskva Bakını da aramsız silahlandırırdı. Strateji tərəfdaş kimi Rusiyaya alternativ tapa bilməyən Yerevan isə o vaxtdan müasir hərbi avadanlıq əldə etməkdə çətinliklər yaşayıb.

«Ancaq Azərbaycanla son toqquşmalardan sonra Ermənistan siyasətində realizm yarandı, Moskvanın regionda hərbi baxımdan oturuşmaq məqsədilə münaqişənin qızışmasında maraqlı olması ehtimalı gücləndi. Bakıya və Yerevana bir daha aydın oldu ki, Moskva bütün regionda dominantlığını saxlamaq məqsədilə Dağlıq Qarabağ münaqişəsindən alət kimi faydalanmağa çalışır».

Yazıda qeyd olunur ki, prezident İlham Əliyev NATO ilə tərəfdaşlığı Türkiyəylə strateji əməkdaşlıq vasitəsilə sürdürməyə çalışır. Birbaşa NATO-Azərbaycan əməkdaşlığının perspektivlərinə rəğmən, Bakıyla Ankara 2010-cu ilin avqustunda strateji razılaşma imzalayıb. «Ankara-Tbilisi-Bakının strateji yaxınlaşmasına isə azərbaycanlı politoloqlar enerji kommunikasiyaları və infrastruktur təhlükəsizliyini gücləndirməyi hədəfləyən əməliyyat mexanizmi kimi baxırlar, Rusiyanın qarşısına çıxacaq potensial alyans kimi deyil», - müəllif yazır.

Viza
Viza

AB-YƏ VİZASIZ GİRİŞ YUBANIR

«The Wall Street Journal»ın Avropa nəşri yazır ki, Gürcüstan, Kosovo və Ukraynanın Avropa Birliyinə vizasız giriş məsələsi yubanır. Blokun böyük üzvləri məsələnin təsdiqini sentyabra qədər ertələyiblər. Almaniya gürcü bandalarının mütəşəkkil cinayətkarlığından, Fransa isə terror təhlükəsinin yüksək olduğu bir məqamda bu viza sazişlərinin təhlükəsizlik boşluqları yaradacağından narahatdır.

AB rəsmiləri və diplomatları deyirlər ki, üzv dövlətlərin hökumətləri və Avropa Parlamenti sazişləri ən tezi sentyabrda imzalaya bilər. Sazişlər həmin ölkələrin biometrik pasport sahibi olan vətəndaşlarına Şengen (Schengen) zonasında sərbəst səyahət imkanı verəcək. Bircə Böyük Britaniya və İrlandiya Şengenə daxil deyil.

Gürcüstan, Ukrayna, Kosovo və Türkiyəyə vizasız status verilməsini Avropa Komissiyası da tövsiyə edir. Ancaq Türkiyəylə saziş oktyabra qalıb, Ankara o vaxtadək bir sıra öhdəlikləri yerinə yetirməlidir. Digər 3 ölkənin məsələsi sürətləndirilməliydi. Amma çərşənbə günü AB-nin 28 üzvünün səfirləri Gürcüstanı yekdilliklə dəstəkləməyiblər. Berlin komissiyadan xahiş edib ki, AB-dəki gürcü kriminal qrupları barədə hesabat hazırlasın. Bunu qəzetə danışıqların məzmunundan xəbərdar olanlar deyib. Almaniya həmin qrupları ev oğurluqlarında şübhəli bilir.

Diplomatların sözlərincə, bəzi hökumətlər Türkiyənin məsələsi həll olunanadək digər üç ölkəylə bağlı qərarları da ertələməyi düşünür. Bu isə Kiyev, Tbilisi və Priştinada narahatlığı artırıb, rəsmilər yubanmanın əsassız olması barədə bəyanatlar verib.

Disneyland
Disneyland

RUSİYADA «DISNEYLAND» TİKİLƏCƏK

Rusiya prezidenti Vladimir Putin Kaluqa vilayətində «Disneyland»ə bənzər əyləncə parkının salınması planını dəstəkləyib. «The Moscow Times» bunu Kremlin mətbuat xidmətinə istinadla yazır.

Putin-lə görüşən Kaluqa qubernatoru Anatoly Artamonov Kaluqa və Moskva vilayətlərinin sərhədində «Rusiyanın Sehrli Dünyası» adlı əyləncə parkının qurulması təklifini irəli sürüb.

Bu layihənin 4 milyard dollara başa gələcəyi bildirilir. Qubernator deyib ki, kompleksdə müxtəlif seksiyalar – uşaqlar üçün interaktiv və təhsil proqramları; otellər; dünyada ən böyük su parkı və «Rusiya və dünya barədə öyrəniləcək xeyli şey».

Region artıq bir şirkətlə investisiya razılaşması əldə edib və layihəyə 220 hektar torpaq ayırıb.

Bu plan ilk dəfə 2012-ci ildə açıqlanmışdı. O zaman adı fərqliydi və dəyərinin də daha az – 260 milyon dollar olacağı bildirilirdi.

XS
SM
MD
LG