Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:46

-

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının göstərdikləri elektron xidmətləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə qiymətləndirəcək.

President.az-ın xəbərinə görə, bu, dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” fərmanına dəyişikliklər edilməsi barədə yenifərmanında əksini tapıb.

Dövlət Agentliyinə tapşırılıb ki, “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini həyata keçirsin. Bu parametrlərə xidmət barədə məlumatlandırma, müraciət imkanları, müddəti və vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir.

Dövlət Agentliyi eyni zamanda hər bir xidmət üzrə “ASAN xidmət indeksi”nin Elektron Reyestrdə yerləşdirilməsini təmin etməlidir. Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi qaydalarını müəyyən etməlidir.

İcra hakimiyyəti orqanları öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsinin yaradılmasını bu il oktyabrın 1-dək təmin etməlidir.

Prezident “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” fərmanı 2014-cü il sentyabrın 11-də imzalamışdı.

O, 2012-ci il iyunun 13-də isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib.

İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG