Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:12

►Azərbaycanlı rəssamın adı Avropa və Fransada ən yaxşı rəssamların reyestrinə daxil oldu

Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur Payız Salonunun “TOİLE D'OR” ali mükafatını tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, N. Nərimanbəyova “Adajio” diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb.

Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb.

N. Nərimanbəyova artıq bir neçə ildir Azərbaycanı böyük və irimiqyaslı “ART EN CAPITAL” layihəsində təmsil edir.

Bu layihə Parisin əsas sərgi salonunda – Qrand Paledə Fransa Prezidenti Fransua Ollandın himayəsi ilə keçirilir. (Ardı aşağıda)

“ART EN CAPITAL”ın əsas və yeganə mükafatı olan “TOİLE D'OR” 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən qurulub və əsərləri bu salonda göstərilən çoxsaylı rəssamlardan yalnız birinə verilir.

Azərbaycanlı rəssama ilk dəfə təqdim edilən bu mükafata indiyədək müxtəlif ölkələrdən 36 rəssam layiq görülüb.

Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5 minə qədər rəsmlə 2 mindən artıq tanınmış rəssam iştirak edir. Zamanında bu salon Pol Sezan, Pol Qogen, Tuluz-Lotrek, Kamil Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani kimi böyük rəssamlara şöhrət qazandırıb.

Nigar Nərimanbəyova deyib:

“Bu xəbərdən inanılmaz həyəcan keçirirəm! Sevincimin həddi-hüdudu yoxdur. Xoşbəxtəm ki, Azərbaycanı Avropanın dünya miqyaslı sənət meydançalarında ləyaqətlə təmsil edirəm, ölkəm barədə ən yaxşı tənqidçilər və sənətşünaslar söz açır. Bu inanılmaz uğurdur. Artıq azərbaycanlı rəssamın adı Avropa və Fransada ən yaxşı rəssamların reyestrinə daxil oldu. Əlbəttə, bu, həm də yaradıcılığımın çoxsaylı pərəstişkarlarının xidmətidir. Onların sevgi və səmimiyyəti mənə həmişə ilham verir və məni xoşbəxt edir”.

Azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki, Avropa seyrçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edib və onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.

Uzun illərdir Parisdə yaşayan Nigar Nərimanbəyova tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun qızıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG