Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:25

►Səyyar kitab sərgiləri Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edəcək

İyunun 9-dan 15-dək ənənəvi “Uşaq Kitab Karvanı Şimal bölgəsində” layihəsinə start verilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, 2016-cı il “Multikulturalizm ili”nə həsr olunan layihə bu qurumun dəstəyi, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilir.

“Uşaq Kitab Karvanı Şimal bölgəsində” çərçivəsində təşkil edilən səyyar kitab sərgiləri respublikanın şimal bölgəsini - Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edəcək.

Tədbirin keçirilməsində məqsəd ölkənin şəhər və rayon MKS və filiallarda uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb etmək, uşaqların oxu ehtiyacını təmin etməkdir.

Kitab karvanı keçən yerlərdə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, uşaqların asudə vaxtlarının təşkilində kitabxanaların müsbət imicinin artması hədəf seçilib.

Dördüncü dəfə təşkil edilən kitab karvanına F. Köçərli adına Respublika Uşaq Kitabxanasının nümayəndələri, uşaq yazıçıları- Zahid Xəlil, Gülzar İbrahimova, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi-yazar Füzuli Əsgərli və başqaları qatılacaqlar.

Hər rayon üçün nəzərdə tutulan kitab bağlamasında nəşriyyatların, yazıçıların da hədiyyəsi olmaqla, son illərdə nəşr olunan min nüsxə uşaq ədəbiyyatı nümunəsi rayon kitabxanalarına hədiyyə olunacaq.

Kiçikyaşlı uşaqlar arasında “Nağıl bilicisi” adlı müsabiqə keçiriləcək, qalib “Nağıl bilicisi” medalı ilə təltif olunacaq.

“Uşaq Kitab Karvanı” 2011-ci ildə “Uşaq Kitab Karvanı İpək yolu ilə“ – (Goranboy, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Qazax), 2012-ci ildə “Uşaq Kitab Karvanı - Cənub bölgəsində” - (Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı), 2013-cü ildə isə “Uşaq Kitab Karvanı- Şirvan yolunda” – (Şirvan, Saatlı, Hacıqabul, Sabirabad, İmişli, Beyləqan) adı altında keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG