Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:15

45 milyardlıq «Cənub Qaz Dəhlizi»nə kredit tapmaq çətinləşir


Angela Merkel | İlham Əliyev
Angela Merkel | İlham Əliyev

-

Azərbaycan-Qərb münasibətləri, TAP layihəsinin üzləşdiyi çətinliklər, ölkəyə ayrılan kreditlərin yubanması və sərinləşdirici içkilərin tərkibi bu gün medianın əsas mövzusudur.

QƏRB AZƏRBAYCANI DƏSTƏKLƏYİR

«Azərbaycan» qəzeti dövlət başçısı İlham Əliyevin bu günlərdə Almaniyaya səfəri fonunda «Angela Merkel: Azərbaycan hakimiyyətinin addımlarını alqışlayırıq» sərlövhəli məqalə dərc edib. Azərbaycanı «Cənubi Qafqazın lider dövləti» adlandıran müəllifin düşüncəsinə görə, Almaniya da bu ölkə ilə əlaqələri dərinləşdirməkdə maraqlıdır.

Məqalədə qeyd edilir ki, Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna görə, Almaniya şirkətləri öncül yer tutur. Almaniyanın Cənubi Qafqazda apardığı ticarətin 80 faizi Azərbaycanın payına düşür. Müəllif «Cənub Qaz Dəhlizi» layihəsini də yaddan çıxarmır: «Azərbaycan yeddi ölkəni əhatə edən «Cənub Qaz Dəhlizi» enerji layihəsinin icrasında mühüm rol oynayır. Almaniya başda olmaqla Avropa Birliyinə üzv dövlətlər də bu layihəni dəstəkləyirlər».

Müəllif ümumilikdə Qərb-Azərbaycan münasibətlərini təhlil edərək bu əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini qeyd edir. Məqalədə deyilir ki, Qərbin dörd əsas ölkəsindən üçü - ABŞ, Böyük Britaniya və Almaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkədəki islahatlara tam dəstək verir.

TAP-ın tikintisi.
TAP-ın tikintisi.

TAP SUAL ALTINA DÜŞÜR?

«Novoye Vremya» qəzetində isə «Kreditləşmə dayandırılıb. Səbəblər məlum deyil» sərlövhəli məqalə çıxıb.

Yazıda bildirilir ki, Asiya İnkişaf Bankı «Cənub Qaz Dəhlizi» layihəsinə kredit ayrılması ilə bağlı müzakirəni avqustun 22-dən sentyabrın 27-nə keçirib. Söhbət 1.5 milyard dollar kreditdən gedir: «Bu məsələnin yubadılmasının səbəbləri göstərilmir. Amma burada geosiyasi, maliyyə və iqtisadi səbəblər ola bilər. Bu qədər vacib məsələ üzrə çoxdan planlaşdırılan iclas əsasız olaraq bir vaxtdan başqa vaxta keçirilə bilməz. Buna ciddi əsaslar olmalıdır».

Müəllifin fikrincə, indiki ağır zamanda bütün tərəflər bu layihə ilə bağlı bütün ağırlığı Azərbaycanın üzərinə qoymaq istəyir.

Məqalədə qeyd edilir ki, layihənin 45 milyard dollar qiymətləndirilməsi onu cəlbedici etmir: «Kifayət qədər məsrəfli layihədir, 45 milyarddan az tələb olunmur. İndiki ağır vaxtda heç kəs öz vəsaitlərini paylamaq fikrində deyil. Azərbaycan isə təkbaşına bunu reallaşdırmaq gücündə deyil».

Azər Mehdiyev
Azər Mehdiyev

KREDİT NİYƏ YUBANIR?

«Yeni Müsavat» qəzeti bu məsələ ilə bağlı iqtisadçı Azər Mehdiyevin şərhinə yer verib.

A.Mehdiyev bunu beynəlxalq qurumların Azərbaycan hökuməti qarşısına qoyduğu demokratikləşmə tələblərinin qulaq ardına vurulması ilə izah edib. İqtisadçının deməsinə görə, tələblərdən biri QHT-lərin fəaliyyətinə real şəraitin yaradılması və bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi idi: «Hələ ki, hökumət tərəfindən bu istiqamətdə ciddi addımların atılmaması səbəbindən kreditin verilməsi ləngiyir. Fikrimcə, əsas səbəblərdən biri budur».

A.Mehdiyev deyib ki, mədən sənayesində şəffaflıq və açıq hökumət tərəfdaşlığı çərçivəsində vətəndaş cəmiyyətinin durumu ilə bağlı qaldırılan məsələlər, hələ də, gündəmdədir: «Hökumətdən tələb edilir ki, ölkədə vətəndaş cəmiyyətinin normal fəaliyyəti üçün şəffaf mühit yaradılsın. Şəffaflıq və hesabatlılığın ilkin şərti müstəqil media və QHT sektorunun olmasıdır».

Monopoliya
Monopoliya

CƏNGƏLLİK QANUNLARININ HÖKM SÜRDÜYÜ ÖLKƏ

«Azadlıq» qəzeti isə dövlət başçısı İlham Əliyevin xarici və azərbaycanlı iş adamlarını ölkəyə sərmayə qoymağa çağırması ilə bağlı silsilə yazıların dərcini davam etdirir.

Müəllif yazır ki, ölkədə biznes mühitinin əlverişli olmasından ötrü rüşvətin, korrupsiyanın, özbaşınalığın kökü kəsilməlidir: «Əks alda, bütün çağırışlar əks effekt verəcək. Fakt budur ki, ölkədəki iş adamları qonşu ölkələrə sərmayə yatırmağı daha məqsədəuyğun sayırlar».

Müəllifin fikrincə, dövlət başçısının qanunun aliliyi haqda bəyanatları gerçəyi əks etdirmir: «MTN-də baş verənlər göstərdi ki, bu ölkədə uzun illər ərzində sahibkarlara divan tutulub, iş adamları müxtəlif vasitələrlə var-yoxdan çıxarılıb. Yəni, sərmayə də, onun sahibi də qorunmayıb. Bütün məmurlar milyarderə çevrilibsə, sərmayənin qorunmasından söhbət belə gedə bilməz. 70-ə qədər işadamı «bandotdel»ə salındı, vaxtından əvvəl ödənişə məcbur edildilər. Cəngəllik qanunlarının hökm sürdüyü ölkədə sərmayə necə qoruna bilər?».

Müəllif yazır ki, ölkə büdcəsindən 6 dəfə çox vəsait ofşorlara daşınıb, hakim ailənin sərvəti haqda beynəlxalq araşdırmalar dərc edilir. Yazı bəzi suallarla tamamlanır: «Sərmayəni mənimsəyən məmurlar cəzalanacaqmı? Məhkəmələr müstəqil fəaliyyət göstərə biləcəkmi? Oğurlanan pullar büdcəyə qaytarılacaqmı?».

İçkilər.
İçkilər.

SƏRİN SU SƏRVƏRİ, ÜRƏYİ YANAN...

«Exo» qəzeti sərinləşdirici içkilərin tərkibini araşdırıb. Mövzu ilə bağlı ekspertlərin fikirlərinə yer verilib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkədə sərinləşdirici içkilərin tərkibi ən problemli məsələlərdəndir. O qeyd edib ki, bu içkilərin keyfiyyətsiz olması haqda hər həftə şikayət alırlar: «İstehlakçılar təkcə qazlı şirin içkilərdən deyil, həm də adi sudan şikayətçidir. Çoxları qiymətlə bağlı zəng edir».

Toksikoloq İsmayıl Əfəndiyev isə bildirib ki, energetik şirin içkilərdə kofein tərkibi yüksəkdir. O, bu içkilərdən mütəmadi istifadəni məsləhət bilmir: «Müəyyən müddətə insan özünü şux hiss edir, amma «dopinq»in təsiri qurtardıqdan sonra gümrahlıq yorğunluqla əvəz edilir. Bu içkilərin müntəzəm qəbul edilməsi ürək-damar sistemində problemlərə səbəb ola bilir. Eyni zamanda bu yuxusuzluq, hədsiz qıcıqlanma, əsəbilik yarada bilər».

Ekspertlər bu suyun hazırlanma texnologiyasından da narazılıqlarını gizlətmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG