Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:18

-
İyunun 8-də Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Vəli Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Vüqar Xasayev bildirib ki, müdafiə tərəfi cinayət işində olan bəzi sənədlərin sürətinin onlara verilməsi və hazırlıq iclasının təxirə salınmasını istəyib.

Lakin məhkəmə vəsatətləri təmin etməyib. Proses iyunun 13-nə təyin edilib.

Sabiq nazirin ifadəsi alınmayıb?

Vüqar Xasayev deyib ki, Vəli Ələsgərovun istintaqı ciddi pozuntularla keçib.Vəkilin bildirməsinə görə, müstəntiqlər sabiq nazirin cinayət işi üzrə istintaqını onun ifadələrini almadan yekunlaşdırıb.

“Vəli Ələsgərov bir neçə dəfə ifadə vermək istəyib. Lakin istintaq onun ifadəsini almayıb. Sonuncu dəfə mayın 24-də də belə olub ”, deyə vəkil bildirib ki, tələm-tələsik işi məhkəməyə göndərib.

V.Xasayev hesab edir ki, kimlərsə Vəli Ələsgərovun ifadə verməsini istəməyib.

“Yəqin, Vəli Ələsgərovun ifadəsi onlara sərf eləmir. Əgər obyektiv araşdırma aparılsaydı istintaq belə tələsik yekunlaşdırılmazdı”- deyən vəkil istintaq materiallarının onlara tam təqdim olunmadığını da qeyd edib.

“Bəzi sənədlər bizə təqdim olunmayıb. Halbuki, onlar vəkillər üçün çox vacibdir”, - deyə vəkil həmin sənədləri əldə edənədək məhkəmənin təxirə salınmasını istədiklərini qeyd edib.

Naxçıvan Milli Təhlükəsizlik naziri V.Ələsgərov 2015-ci ilin dekabrında işini itirib. Naxçıvanda bu nazirliyin bazası əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında barəsində həbs-qətimkan tədbiri seçilib. Martın 29-da həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı il mayın 7-də V.Ələsgərov barəsində yenidən həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı səlahiyyət həddini aşmaq, səlahiyyətdən sui-istifadə, qanunsuz sahibkarlıq və telefon danışıqlarını qanunsuz dinləmə kimi ittihamlar irəli sürülüb.

Vəkilinin bildirməsinə görə, o istintaq prosesində fiziki işgəncələrə və təhqirə məruz qalıb.

Ancaq Azərbaycan və Naxçıvan Muxtar Respublikası hüquq mühafizə orqanları işgəncə iddialarını təkzib edirlər.

V.Ələsgərovun özünün də nazir işləyərkən işgəncələrlə bağlı göstəriş verdiyi iddia olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG