Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:32

Azərbaycan «sülhsevərlik reytinqi»ndə 134-cüdür


Tacikistan-Əfqanıstan sərhədi.

Tacikistan-Əfqanıstan sərhədi.

-

Dünyanın ən dinc ölkəsi İslandiyadır; Yeni «dəmir pərdə» salınır; Hillary Clinton-un zəfəri və yükü – 8 iyun Qərb mediasının icmalı.

Dünya getdikcə daha təhlükəli olur və cəmi 10 ölkədə münaqişə getmir. Yenicə açıqlanmış 10-cu Qlobal Sülh İndeksində belə deyilir. İndeksi İqtisadiyyat və Sülh İnstitutu hazırlayır.

163 müstəqil dövlətdə sülhün durumu 23 keyfiyyət və kəmiyyət göstəricisinə əsasən dəyərləndirilir. Bu indeks 3 əsas kriteriya – cəmiyyətdə təhlükəsizlik səviyyəsi, yerli və beynəlxalq münaqişələrin miqyası və hərbləşdirmə dərəcəsinə əsasən hazırlanır.

Dünyanın ən dinc ölkəsi İslandiyadır. İslandiyadan sonra Danimarka, Avstriya, Yeni Zelandiya və Portuqaliya gəlir. Ən təhlükəli ölkə isə Suriyadır. Suriyada 5 ildən çoxdur vətəndaş müharibəsi gedir.

Azərbaycan 163 ölkə içində 134-cü, Ermənistan 110-cu, Rusiya 151-ci, Gürcüstan 85-ci yerdə qərarlaşıb. Ukrayna sülh indeksinə görə, 156, İran 133, Əfqanıstan 160-cıdır.

Avropa ən dinc region elan olunub. İlk onluqdakı yeddi ölkə məhz Avropada yerləşir.

İndeksə əsasən, yalnız Botsvana, Çili, Kosta-Rika, Yaponiya, Mavriki, Panama, Qətər, İsveçrə, Uruqvay və Vyetnamda heç bir münaqişə baş vermir.

İqtisadiyyat və Sülh İnstitutunun rəhbəri Steve Killelea «The Independent» qəzetinə deyib ki, dünyanı müharibə şəraitinə sürükləyən Yaxın Şərqdə baş verənlərdir. «Son on ildə Yaxın Şərqi bu indeksdən çıxarsaq, dünyanın mənzərəsi daha dinc görünər. Doğrudan da, Yaxın Şərqin dünyaya təsiri böyükdür».

V.Putin

V.Putin

WP: «YENİ DƏMİR PƏRDƏ SALINIR»

Winston Churchill 1946-cı il martın 5-də Avropa üzərinə «Dəmir pərdə»nin çəkildiyini elan etdi və israrla bildirdi ki, insan azadlığı və hüquqları kimi böyük prinsiplərin müdafiəsindən heç vaxt çəkilməməliyik. ABŞ-ın «The Washington Post» qəzeti redaksiya məqaləsində yazır ki, bu sözlər bu gün də dəyərlidir, çünki avtokratlar və tiranlar irəliləyir.

«Bu gün fərqli bir pərdə çəkilməkdədir. Milyardlarla insan təməl azadlıqlardan məhrum edilir. Söhbət kommunizmdən getmir. Rusiyadan Çinə, Yaxın Şərq və Orta Asiyaya, Latın Amerikasından Afrikayadək despotlar güc və qorxudulma yoluyla idarəçilik qurublar. Son onillikdə həmin liderlər xeyli məharətlə davranıb, liberal demokratik düzənə paralel kainat yaradıblar. Bu quruluşda ali güc dövlətindir, siyasi rəqabət məhv edilib, mülki cəmiyyət sıxışdırılıb, söz, birləşmə, etiqad azadlığı boğulub», - məqalədə deyilir.

Qəzet vurğulayır ki, özəlliklə Rusiya və Çin liderləri sərhədləri xaricində mükəmməl və aldadıcı metodlarla xeyli səmərəli təbliğat aparırlar. Bu taktika yalan və dezinformasiya yayır, çox vaxt ona qarşı dayanmaq da çətindir. Birləşmiş Ştatlar və digər demokratiyalar bu yeni avtoritarizm dalğasına qarşı strategiya hazırlamalıdır.

«Vaxtilə ABŞ-ın maliyyələşdirdiyi radiostansiyalar «Dəmir pərdə» arxasından həqiqət yayırdılar. İndi də Qərb güclü rəqəmsal ötürücü quraşdırmalı, diktatorların torpağındakı milyardlarla əhali ilə əlaqə yaratmalıdır. Adamlar rəqəmsal sərhədləri aşmalı, yeni sosial mediadan yararlanmalıdırlar. Yüzlərlə çinli Böyük Səddi aşaraq «Twitter»də təşkilatlanıb. Niyə? Çünki bu alətlər işləyir, adamların mövqeyini gücləndirir, dövlətə meydan oxuyur».

Qəzet diqqəti ona yönəldir ki, Rusiya və Çin sükanı ələ alıb beynəlxalq medianı zəhərli təbliğatla doldurur, Rusiya RT, Çin «CCTV News» telekanallarından və İnternet trolları ordusundan yararlanır. Qərbin strategiyası böyük dövlət təbliğatını imitasiya edə bilməz və etməməlidir. Əksinə, liberal dəyərlərə və ideallara söykənməlidir.

«Son illər ABŞ hökuməti bu sahədə zəif nümunə göstərir. Hətta bəzən Birləşmiş Ştatların timsalında demokratiyanın gözdən salınması halları da olub. Ancaq bu problemlər həll olunmalıdır, onlardan qaçılmamalıdır. Yeni prezidentlik demokratiyanın müdafiəsi məqsədilə yeni strategiyanın hazırlanmasından ötrü əlverişli məqama çevrilə bilər. Yoxsa azadlıq mövqeyini itirməkdə davam edəcək».

H.Clinton

H.Clinton

HILLARY CLINTON-UN ZƏFƏRİ VƏ YÜKÜ

«The New York Times» qəzeti isə Hillary Clinton-un ABŞ-da praymeriz seçkilərində qələbəsindən, prezidentliyə ilk qadın namizəd olmaqla tarix yazacağından söz açır.

«Noyabrda xanım Clinton-un adının seçki bülleteninə salınması qadınların hüquqları uğrunda mübarizədə daha bir hədəfin əldə olunmasıdır. Partiya mənsubiyyətindən asılı olmayaraq, bu uğuru hamı alqışlamalıdır, çünki hər bir sahədə qadın liderliyinə qapıları açmış olur», - qəzetin redaksiya məqaləsində oxuyuruq.

«İndi xanım Clinton-un qarşısında ağır bir iş durur. Amerika seçicilərinin gənc nəsli ona inanmadığını deyir, onun Vaşinqtonu mübarizə amallarından ayırdığını düşünür. Onlar Bernie Sanders-i müdafiə edirdilər, axı o, hökumətdən hər kəsə tibb xidməti, təhsil, imkanlar tələb edirdi. Onun tərəfdarları seçimlərindən məhrum edildiklərinə görə dilxor olacaqlar».

Qəzet yazır ki, Clinton gənc seçiciləri qazanmağa çalışmalıdır. Sanders-in tərəfdarları evdə otura, heç seçkiyə gəlməyə də bilərlər. Tarix sübut edib ki, respublikaçılar daim seçici fəallığının zəifliyindən qazanıblar.

Məqalədə vurğulanır ki, ümumi seçki kampaniyası Clinton-a səhiyyə xərcləri, təhsil borcları, gəlir bərabərsizliyi kimi məsələlərdə fikirlərini çatdırmaq imkanı verəcək. Respublikaçılardan namizəd Donald Trump düzgün olaraq deyir ki, Clinton aylardır mətbuat konfransı keçirmir. Artıq jurnalistlərlə birbaşa sessiya keçirməyin də vaxtı çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG