Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:43

-

Diaspor təşkilatlarının fəaliyyəti, siyasi partiyaların maliyyə hesabatı, təhsil kreditləri və manatın taleyi bu gün medianın əsas mövzularıdır.

AZƏRBAYCANLILARIN GÜVƏN YERİ

«Azərbaycan» qəzetində dərc edilən «Dünya azərbaycanlılarının güvənc yeri» sərlövhəli məqalədə diaspor təşkilatlarının formalaşması prosesində Heydər Əliyev və indiki prezident İlham Əliyevin rolundan bəhs edilir. Müəllif bu işdə keçmiş prezident H.Əliyevin rolunu belə yada salır: «Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. O, xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb. Müxtəlif xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirib, onların problem və qayğıları ilə yaxından maraqlanıb. Diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub».

Müəllif yazır ki, Azərbaycan diasporu mütəşəkkil qüvvəyə çevrilib və bu, indiki prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır: «Ümumiyyətlə, prezident İlham Əliyevin ötən 13 ildə azərbaycanlıların diaspor hərəkatının gücləndirilməsi naminə həyata keçirdiyi fəaliyyət sistemli səciyyə daşıyıb».

Manat

Manat

MANATIN TALEYİ

«Bizim Yol» qəzeti ölkədə xarici valyutaya tələbatın artmasını və ABŞ Federal Ehtiyat Sisteminin (FES) dolların uçot dərəcəsini qaldıracağı halda bunun manata mümkün təsirlərini müzakirəyə çıxarıb .

İqtisadçı Natiq Cəfərli dolların uçot dərəcəsinin qalxacağı halda manatın məzənnəsində dəyişiklər olacağını istisna etmir: «Artıq müəyyən işartılar da var. Belə ki, manatın dollara nisbəti 1.50 civarına qalxıb, baxmayaraq ki, bir müddət öncə bu nisbət 1.49 həddində idi».

Amma o, kəskin devalvasiya gözləmir: «Kəskin devalvasiyanın ehtimalı çox aşağıdır. Manatın dollara nisbətən məzənnəsinin pik həddi 1.64-1.65 ola bilər».

N.Cəfərlinin fikrincə, dollara tələbatın artması xarici ticarət dövriyyəsində müəyyən artımla bağlı ola bilər. O, bankların xarici maliyyə təşkilatları ilə öhdəliklərinin qapadılmasından ötrü dollar alışını artırmasını da səbəb kimi qeyd edir.

Samir Əliyev

Samir Əliyev

TƏHSİL KREDİTLƏRİ SUALLAR DOĞURUR

«Azadlıq» qəzetində ekspert Samir Əliyevlə təhsil haqlarının ödənməsi sahəsindəki durum müzakirə edilib. Məqalədə qeyd edilir ki, bu günlərdə 25-ə qədər universitet təhsil haqları ilə bağlı fond təsis edib. İmkansız ailələrdən olan tələbələrə kreditlərin veriləcəyi açıqlanıb. S.Əliyev isə şərtlərin məqbul olmayacağını düşünür: «Kredit şərtləri o qədər də asan olmayacaq. Bütün dünyada təhsil kreditləri yüngül şərtlərlə verilir. Təhsil kreditləri iki cür olur: sırf təhsil haqqı, bir də təhsil aldığın müddətdə yaşayış və zəruri xərclər üçün ayrılan kreditlər var. Ümid etmək istəyirik ki, gələcəkdə Azərbaycanda da bu şərtlər yüngülləşəcək».

Ekspertin bu məsələ ilə bağlı xeyli sualları var: «Kreditin manatla verilməsi yaxşıdır, amma devalvasiya nəzərə alınacaqmı? Devalvasiyaya uyğun faizlər artırılacaqmı? Eyni zamanda pulun mənbəyi də sual doğurur. Bu vəsaitin haradan ayrılacağı, hansı bankın cüzi faizlərə razılaşacağı sual doğurur. Məhz bu məqamlar bu mexanizmin nə dərəcədə dayanıqlı olmasını müəyyən edəcək».

Müsavatın mitinqi

Müsavatın mitinqi

SİYASİ PARTİYALARA ŞƏFFAFLIQ TƏLƏBİ

«Novoye Vremya» qəzetində isə Avropa Şurası və Mərkəzi Seçki Komissiyasının birgə keçirdiyi «Siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdimatı» seminarı fonunda ölkədə fəaliyyət göstərən partiyaların durumu dəyərləndirilib.

Məqalədə belə tədbirlərin keçirilməsi dəstəklənir. Amma qeyd edilir ki, şəffaflıq məsələsi təkcə siyasi partiyalarla məhdudlaşmamalıdır.

Müəllif yazır ki, ölkədə 55 partiya qeydiyyatdan keçib. Amma bu siyasi qurumların çoxunun ölkə həyatında heç bir rolu yoxdur. Müəllifin düşüncəsinə görə, partiyaların çoxunun bu hala düşməsinə səbəb maliyyə mənbələrinin olmamasıdır: «Qanuna əsasən, Azərbaycanda dövlət büdcəsindən yalnız parlamentdə təmsil edilən partiyalar maliyyələşirlər. Bu isə hakim partiya və ona yaxın «cib» partiyalarının dairəsi deməkdir. Milli Məclisdə, sadəcə, başqa partiya yoxdur. Digər tərəfdənsə maliyyə hesabatı istisnasız olaraq bütün partiyalardan tələb edilməlidir. Çünki bu məsələdə şəffaflıq və açıqlıq hələ də Azərbaycanda hökmranlıq edən korrupsiyaya müqavimət deməkdir».

Yazıda qeyd edilir ki, ölkədə qeydiyyatı olan partiyalar sağlam siyasi mübarizə aparmaq istəmirlər. Buna səy göstərən partiyalar isə ayrı-seçkiliyə məruz qalırlar.

Müəllif yazır ki, bu məsələdən öncə partiyalara münasibətdə ayrı-seçkilik və təzyiqlər araşdırılmalı, aradan qaldırılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG