Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:45

►Sakinlər vətəndaş cəmiyyəti qurumları ilə işçi qrup yaradıblar

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi iyunun 7-də “Bakının tarixi silinir. Vətəndaş cəmiyyəti nə etməlidir?” mövzusunda dəyirmi masa keçirib.

Dəyirmi Masada “Sovetski ” ərazisində evlərin söküntüsü zamanı kütləvi qanun pozuntularının araşdırılması və memarlıq abidələrinin, şəxsi mülkiyyətin toxunulmazlığı üzrə xüsusi işçi qrupun yaradılması qərara alınıb.

Toplantıda həmçinin, iş bölgüsü aparılıb. Əsas diqqətin tarixi memarlıq abidələrinin qorunması və şəxsi mülkiyyət sahiblərinin hüquqlarının müdafiəsinə verilməsi nəzərdə tutulub. Habelə, ekoloji, texnogen təhlükələrin araşdırılması, tarixi irsin və vətəndaş hüquqlarının müdafiəsi işlərini həyata keçirmək düşünülür.

“Bizim qazımızı, suyumuzu, elektrik enerjisini kəsiblər...”

““Sovetski” adlanan geniş ərazidə evlərin sökülməsi 2013-cü ilin yazında qanuni əsas olmadan başlayıb. Vətəndaşların konstitusiyada zəmanət verilmiş hüquqları, şəxsi mülkiyyətin toxunulmazlığı prinsipi kobud şəklidə pozulub. Yüzlərlə tarix və memarlıq abidəsinin dağıdılması ilə müşaiyət olunub”, - deyə “Sovetski” sakini, hazırda hökumətə qarşı məhkəməsi olan Faiq Əliyev bildirib.

Tədbirdə bildiriblər ki, son vaxtlar müqavimət göstərən şəxslərin evlərinin sökülməsi intensivləşib. “Bizim qazımızı, suyumuzu, elektrik enerjisini kəsiblər və evimizdən çıxarmağa çalışırlar”, deyə Gülçöhrə Əliyeva bildirib.

Rəsmi olaraq “Sovetski” ərazisində 10 minə yaxın ünvanın olduğu bildirilmişdi. Bunların əksəriyyəti ötən əsrin əvvəllərində tikilib. 138-ə yaxın bina qanunla mühafizə olunan tarixi-memarlıq binaları siyahısına daxil edilib.

“Heç kim məhkəmə qərarı olmadan...”

“Heç kim məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tamamilə müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız əvvəlcədən onun dəyərinin ədalətli şəkildə ödənilməsi şərtilə yol verilə bilər”, deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.

Hökumət iddia edir ki, “Sovetski” sakinlərinin əksəriyyəti yerli hakimiyyətlə qarşılıqlı razılaşma əsasında kompensasiya alaraq, öz evlərini tərk edib gediblər. Amma “Sovetski”nin qorunması haqqında müraciətin altına artıq minlərlə imza atıldığı bildirilir.

“Sovetski” Bakıda tarixi yaşayış məhəlləsinin qeyri-rəsmi adıdır. Orada yüzdən çox yaşı olan bir çox yaşayış binası, məscidlər, hamamlar, muzeylər, məşhur şəxslərin yaşadığı evlər var. Bu məhəllə həmçinin, “Bayır şəhər” adı ilə məşhurdur.

XS
SM
MD
LG