Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

-
İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Almaniya vitse-kansleri, iqtisadiyyat və enerji naziri Sigmar Gabriel bu forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.

Forumda çıxış edən İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, iki ölkə arasında fəal siyasi dialoqun aparıldığını deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafından ötrü təhlükəsizlik və sabitlik vacibdir.

Son vaxtlar Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən hadisələrə diqqəti çəkən prezident deyib ki, atəşkəs olduqca kövrəkdir. Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz.
İlham Əliyev bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir. O qeyd edib ki, Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycan 20 il bundan əvvəl yaşayıb.

İlham Əliyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların qoyulmamasından təəssüflənir. Prezident bildirib ki, bu çətin vəziyyətə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. «Son 25 ildə ölkəmizdə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub. Biz Ermənistan ilə atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik», - deyə o qeyd edib.

Daha sonra prezident Azərbaycanın iştirakı ilə gerçəkləşən enerji layihələrindən söz açıb. Onun deməsinə görə, hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. O, ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının və nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu qeyd edib.

«Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik», – deyən İlham Əliyev Azərbaycanda əməkdaşlıqdan ötrü mühüm sahələrin olduğunu vurğulayıb.

Sonra «Knauf» şirkətlər qrupunun icraçı direktoru Manfred Grundke, Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından danışıblar.

İ.Əliyev iyunun 6-da Almaniyaya rəsmi səfərə gedib. Almaniya kansleri Angela Merkel-in bu gün onu qəbul edəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG