Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:14

Azərbaycan sürətlə borclanır


İ.Əliyev mebel fabrikinin açılışında.
İ.Əliyev mebel fabrikinin açılışında.

-

Sahibkarlığın inkişafına yaradılan şərait, ölkədən kapital axını, dövlət borclarının artması və Ermənistan müdafiə nazirinin işğal altındakı ərazilərə səfəri bu gün medianın aparıcı mövzusudur.

PREZİDENTİN YENİ İSLAHATLAR KURSUNUN İSTİQAMƏTİ

«Azərbaycan» qəzetində «Prezidentin yeni islahatlar kursunun mühüm istiqaməti» sərlövhəli məqalədə ölkədə sahibkarlığın inkişaf etdirilməsi haqda danışılır. Müəllifin düşüncəsinə görə, sahibkarlığın inkişafı hakimiyyətin qarşısına qoyduğu məqsədlər arasında prioritet təşkil edir: «Müasir dövrdə sahibkarlığın inkişafında institusional dəstək mexanizmlərinin yaradılması mühüm rol oynayır. Bu baxımdan, zəruri infrastruktura çıxış imkanının təmin olunması və daha əlverişli şəraitin yaradılması üçün sənaye parklarını, məhəllələrini xüsusi vurğulamaq lazımdır. Sənaye parklarında müxtəlif güzəştlər tətbiq edilir, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün infrastruktur yaradılır. İşin səmərəli təşkilindən ötrü müxtəlif xidmətlərin göstərilməsi, güzəştli kreditlərin verilməsi kimi tədbirlər nəzərdə tutulur».

Daha sonra məqalədə iş adamlarının yaradılan əlverişli biznes mühitinin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə inam ifadə edilir: «Heç şübhəsiz ki, Azərbaycan sahibkarları dövlət başçısının hərtərəfli qayğısına bundan sonra da qeyri-neft sektorunun inkişafında, əhalinin iş yerləri ilə təmin olunmasında, ölkəmizin ixrac potensialının artmasında və sosial layihələrin icrasında daha fəal iştirakla cavab verəcəklər. Yaradılmış əlverişli şəraitdən geniş istifadə edərək bütün səylərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edəcəklər».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

QEYRİ-SİVİL BİZNES ORTAMI

«Exo» qəzeti isə iqtisadçı Oqtay Haqverdiyevlə ölkədən kapital axınının səbəblərini müzakirə edir. «Azərbaycan» qəzetindən fərqli olaraq, buna səbəb kimi isə ölkədə iş adamlarının sıxışdırılması göstərilir. Yazıda Azərbaycan vətəndaşlarının Türkiyəyə kapital yatırmasının həcminin ilbəil artdığı qeyd edilir. O.Haqverdiyevin düşüncəsinə görə, yerli iş adamlarının Türkiyə iqtisadiyyatına kapital qoymağa üstünlük vermələri Azərbaycanda qeyri-sivil biznes mühitinin mövcud olmasından irəli gəlir. Ekspert deyir ki, iş adamları məmurların təzyiqlərinə məruz qaldıqlarından xaricdə biznes qurmağa üstünlük verirlər:

«Nə qədər ki Azərbaycanda belə şərait mövcuddur, 5-10 milyon dollar həcmində kapitalı olan orta iş adamları da bizneslərinin inkişafı üçün başqa məkan axtaracaqlar. Azərbaycandan fərqli olaraq Türkiyədə qanunlar müəyyən qədər işləyir».

O.Haqverdiyev yaxın 20 ildə bu vəziyyətin dəyişəcəyinə ümid bəsləmir. Onun deməsinə görə, Türkiyədə biznes quran Azərbaycan vətəndaşlarının sayı minlərlədir, bunların arasında kiçik, orta, iri biznes sahibləri var. Ölkədən Türkiyəyə axan kapitalın həcmi isə 100 milyonlarla ölçülür.

O.Haqverdiyev deyir ki, 2015-ci ildə Azərbaycandan Gürcüstan iqtisadiyyatına 542 milyon dollar sərmayə yatırılıb. Gürcüstana xaricdən yatırılan pullara görə, azərbaycanlılar ilk yeri tutur.

Natiq Cəfərli
Natiq Cəfərli

BORC SÜRƏTLƏ ARTIR

«Yeni Müsavat» qəzeti dövlət borcunun getdikcə artmasına diqqət çəkir. İqtisadçı Natiq Cəfərli qəzetə deyib ki, bir neçə il öncə Azərbaycan bəzi iri layihələrdə üzərinə böyük öhdəliklər götürüb: «Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində bir çox xərcləri öz üzərinə götürməklə avropalı tərəfdarları ilə danışıqlarda üstünlük əldə etmək istəyirdi. Digər tərəfdən, o zaman neftin dəyəri yüksək idi».

N.Cəfərli deyir ki, Azərbaycan TANAP-da 57, TAP-da isə 20 faiz payı maliyyələşdirməlidir: «Ümumi öhdəlik 16-17 milyard dollara yaxındır, yaxın 2-3 ildə bu qədər vəsait qoyulmalıdır. Ölkənin digər problemləri də var. Azərbaycan hökuməti indiki dövrdə borclanmaya getməklə bu problemləri həll etməyi düşünürdü. Amma 8-9 il öncə xarici borc bütün ÜDM-nin 8 faizinə bərabər idi. İndi isə dövlət borcları da nəzərə alınmaqla, bu rəqəm 55-60 faizə çatır. Bu, olduqca təhlükəli yoldur».

Seyran Ohanian Qarabağda.
Seyran Ohanian Qarabağda.

AZƏRBAYCANIN ƏN BÖYÜK GÜZƏŞTİ

«Novoye Vremya» qəzeti isə Ermənistan müdafiə naziri Seyran Ohanian-ın Azərbaycanın işğal altında olan ərazilərə səfərini təhlil edib. Yazıda bu, Azərbaycana qarşı növbəti təxribat kimi dəyərləndirilir.

Müəllif yazır ki, Qarabağ probleminin dinc vasitələrlə həllini tələb edən beynəlxalq vasitəçilər bu səfərə susqun qalmamalıdır.

Məqalədə qeyd edilir ki, Ermənistan tərəfi yenə də ikibaşlı oyun oynayır. ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin hərbi həll yolunun olmaması haqda bəyanatları isə səmərə vermir: «Görünür, dünya gücləri nəyin bahasına olursa olsun qarşıya qoyulan məqsədi və status-kvonu qoruyub saxlamaq istəyir».

Müəllifin düşüncəsinə görə, sözdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də, əslində, Dağlıq Qarabağın statusunun tanınması tələb edilir: «Heç bir tərəf öz ərazilərinin 20 il işğalda qalmasına dözməzdi. Bax, bu, Azərbaycanın ən böyük güzəştidir. Bu fakt göstərir ki, kim məsələnin dinc vasitələrlə həllində maraqlıdır. Nə qədər ki dünya Ermənistan rəhbərliyini beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etməyib, onlar kiminsə musiqisini, kiminsə torpaqlarını oğurlamaqda davam edəcəklər».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG