Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

B.Ivanishvili: «Sabiq baş nazir sözümə qulaq asmırdı»


Bidzina Ivanishvili
Bidzina Ivanishvili

-

Gürcüstanın sabiq baş naziri, «Gürcü Arzusu» koalisiyasının təsisçisi, işadamı Bidzina Ivanishvili-nin AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsi.

- Siz artıq çoxdandır rəsmi olaraq siyasi vəzifə tutmursunuz. Ancaq hələ də ölkənin siyasi həyatına təsir imkanlarını saxlayırsınız. Sizcə, böyük maliyyə resurslarının və siyasi rıçaqların bir adamın əlində cəmlənməsi təhlükəli deyilmi?

-- Düşünmürəm ki, mənim əlimdə böyük hakimiyyət cəmlənib. Məncə, burda «təhlükə» sözünü işlətmək yersizdir. Siz yalan maşını olan «Rustavi 2»də deyilənlərə inanmasanız, mənim fəaliyyətimdə ölkə əleyhinə yönəlmiş bircə hərəkət belə tapa bilməzsiniz. Bütün ömrüm boyu nəinki qanuna tabe olmuşam, həm də vicdanımın səsinə qulaq asmışam.

- Söhbət sizin şəxsiyyətinizdən getmir. 2012-ci ildə «Gürcü Arzusu»na bir və ya bir neçə insanın üzərində qurulmuş bir hakimiyyət verildi. Nə hakimiyyət bölgüsü, nə də güclü demokratik institutlar vardı. Doğrudur, Qərb ölkələrində də varlı adamlar ölkənin siyasi həyatında fəal iştirak edirlər. Amma orada demokratik institutlar da güclüdür, üstəlik, milyarderlərin sayı da çoxdur. Gürcüstanda isə sizin kimi zəngin tək sizsiniz. «Təhlükə» deyəndə, bunu nəzərdə tuturduq.

-- Gəlin xatırlayaq, 2012-ci ildə bizə necə bir ölkə miras qalmışdı. Hakimiyyət bir adamın əlində cəmlənmiş, ölkə bir adamın fikri ilə idarə olunurdu. «Elitar korrupsiya» adlandırdığımız korrupsiya vardı. Bir komanda nəinki ölkəni idarə edir, həm də biznesə zor tətbiq edərək bütün var-dövləti öz üzvləri arasında bölüşdürürdü. İnsan hüquqlarına riayət göstəricisi sıfırdan da aşağı idi. Kimi istəyirdilər həbs edir, azadlıqdan məhrum edir, sonra türmədə işgəncə verir, öldürürdülər. İnsanlar qorxudan küçəyə çıxa bilmirdi. İndi siz hakimiyyətin mənim əlimdə cəmlənməsinin təhlükəsindən danışırsınız. Mənim gücüm ondadır ki, insanlar mənə inanır, sözümə dəyər verirlər. Hakimiyyətim bundan ibarətdir.

- Bəs siyasi vəzifə tutmaya-tutmaya, siyasi qərarların qəbulunda iştirak etmək, sizcə, problem deyil? Siyasi qərarların hakimiyyət daxilində yox, kənarda verilməsi konstitusiyadan kənara çıxmaq demək deyil?

-- Mənim nə polisim, nə də ordum var. Malik olduğum yalnız şəxsiyyətim və xalqın etimadıdır.

- Çoxlarının fikrincə, ölkədə baş nazirlər sizin istəyinizlə dəyişir. Ən həlledici anlarda qərarı məhz siz verirsiniz. İnsanlar bilmir ki, onlar qarşısında hesabat verməli olan şəxs kimdir.

-- Sabiq baş nazir çox vaxt heç mənim sözümə qulaq asmırdı. İndiki baş nazir əvvəlkindən də prinsipialdır. Heç kim düşünməsin ki, mən dəstəyi qaldırıb, baş nazirə hansısa məsələdə göstəriş verirəm. Garibashvili-nin vaxtında da belə olmayıb. O, çox bacarıqlı kadr idi və ölkəni əla idarə edirdi. Kvirikashvili də həmçinin. Bəli, onlar bəzi məsələlərdə zəng edib məndən məsləhət ala bilərlər – burda pis bir şey yoxdur. Belə şeylər bütün dünyada olur.

- Baş nazirin dəyişməsi Sizin qərarınız olub?

-- Mənim iştirakım olub, doğrudur. Amma kiməsə polis, yaxud ordu gücü ilə təsir etməmişəm.

- Siz dəfələrlə bildirmisiniz ki, Gürcüstanın xarici siyasət kursu birmənalı şəkildə avroatlantika kursu olmalıdır. Xalqa son məktubunuzda yazmısınız: «Qərbə istiqamətlənmək qonşu ölkələrin maraqlarını nəzərə almamaq demək deyil. Gürcüstanın ən güclü qonşusu Rusiyadır və o, Gürcüstanın avroatlantika kursunu bəyənmir». Gürcüstan bir-birinə zidd olan bu iki məqsədə necə nail ola bilər axı?

-- Bu, çox mürəkkəb məsələdir. Biz mütləq NATO-nun üzvü olmalıyıq. Mütləq Avropa İttifaqına daxil olmalıyıq. Bunun üçün demokratik təsisatları səbirlə gücləndirməli, iqtisadiyyatı dirçəltməli və o zamanı gözləməliyik ki, Rusiya Gürcüstanın NATO və Aİ üzvü olması vaxtının yetişdiyini dərk etsin. Biz bu zamanı səbirlə gözləməliyik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG