Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:29

►“Bank Standard”la bağlı öhdəlik yerinə yetirilmədi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank Standard”la bağlı öhdəliyini yerinə yetirə bilməyib.

Palatanın bu banka tətbiq etdiyi moratorium başa çatsa da, bütün əmanətçiləri öz ödənişlərini alması mümkün olmayacaq.

Qurumun iyunun 2-də açlıqladığı məlumatda deyilir ki, “Bank Standard” yalnız min manatadək olan xırda əmanətlərin ödənişinə başlayacaq.

Daha öncə - Palatanın banka inzibatçı təyinatına dair qərarında bir ay içində dövlət dəstəyinin həcmi tam müəyyənləşdikdən sonra əmanətçilərin öz depozitlərindən yararlana biləcəyi bildirilmişdi. Eyni zamanda bütün fiziki və hüquqi şəxslərə əmanət ödənməsinə moratorium qoyulmuşdu.

“Bu addım daha çox başqatmaqdır”

Samir Əliyev

Samir Əliyev

Palatanın vəd edilən vaxtda öhdəliyini yerinə yetirməməsi problemin ciddiliyindən xəbər verir. İqtisadçı ekspert Samir Əliyev də xatırladır ki, qurum iyunun 3-dək “Bank Standard”a dövlət dəstəyinin tam həcmini müəyyənləşdirməli və ardından fiziki və hüquqi şəxslərə ödənişlər bərpa olunmalı idi:

“Ancaq vaxt-vədə çatanda, qoyulan tapşırığın yerinə yetirilmədiyi üzə çıxdı. Hələ ki, fiziki şəxslərin min manatadək məbləğdə xırda əmanətlərinin ödənişinə razılıq verilib. Halbuki bir aydan sonra bütün ödənişlərin bərpa ediləcəyi deyilmişdi. Şübhəsiz ki, xırda məbləğli əmanətçilərin sayı çox deyil. Bu addım daha çox başqatmaqdır”.

“İndi əsas sual budur: Zərəri kimin hesabına ödəyəcəklər?”

Ekspertin qənaətinə görə, Palatanın nəticələri açıqlamaması bankın durumunun çox ağır olmasını bir daha sübut edir:

“Məlum olan budur ki, banka tələb olunan dəstəyin həcmi bir neçə on milyonla ölçülmür. Zərərin həcmi bir neçə yüz milyona çatır. İndi əsas sual budur: Zərəri kimin hesabına ödəyəcəklər: Dövlətin, Mərkəzi Bankın, yoxsa əhalinin?”

Əkrəm Həsənov

Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov “Bank Standard”ı "sağlamlaşdırılma" işinin kökündən düzgün qurulmadığını düşünür:

“Qanuna əsasən, Nazirlər Kabinetinin qərarı olmalı, həmin qərarda tədbirlər planı təsdiqlənməli və dövlətin sağlamlaşdırmaya nə qədər pul xərcləyəcəyi də göstərilməli idi. Bunların heç birini görmədik. Yalnız dedilər ki, məhkəmə qərarı var və həmin qərara əsasən, əmanətlər bir ay qaytarılmayacaq. O məhkəmə qərarını da görmədik".

“Görünən odur ki, əsas məqsəd, sadəcə, əmanətləri qaytarmamaqdır”

Ekspertin sözlərinə görə, min manatadək əmanətlərin qaytarılmasına dair də məhkəmə qərarı olmalıdır:

“Bir ay ötdü, indi deyirlər ki, yalnız min manatadək əmanətləri qaytarırlar. Nəyə əsasən? Bu barədə məhkəmə qərarı hanı? Yeri gəlmişkən, ödənişlərin dayandırılması (moratorium) barədə məhkəmə qərarı Nazirlər Kabinetinin qeyd etdiyim qərarına əsaslanmalı idi. Amma ortada heç nə yoxdur. Görünən odur ki, əsas məqsəd, sadəcə, əmanətləri qaytarmamaqdır. Amma heç buna da qanuni don geyindirməyi bacarmırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG