Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

-

Ölkədə hər il doğuşların sayı artır, ana ölümləri isə, əksinə, azalır.

Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının sədri Sevinc Məmmədova belə deyib.

Onun APA-ya dediyinə görə, bu il ölkədə 160-170 min doğuş qeydə alınıb: «Bu il doğuşlardan yalnız 10-u ölümlə nəticələnib. Ana ölümlərinin sayı ötən illə müqayisədə azdır».

S.Məmmədova qeyd edib ki, Bakıda ana ölümü daha az qeydə alınıb.

«Bakıda çox zaman rayonlardan köçürülən hamilə qadınlar doğuş zamanı ölür. Valideynlərin xəstə övladlarını vaxtında həkim məsləhətxanasına aparmaması, hamiləlik vaxtı rayonlarda gənc anaların müalicə olunmaması nəticəsində fəsadlar yaranır. Onlar Bakıya köçürülür. Əksər hallarda Bakıdakı həkimlər onları bu vəziyyətdən çıxarır. Amma elə ağırlaşmış, xəstəliyin sonuncu mərhələsində qadınlar daxil olur ki, belə hallarda ölümdən qaçmaq mümkün olmur», - S.Məmmədova bildirib.

2015-ci ilin doğuş, habelə doğuş zamanı ölüm halları ilə bağlı statistikası Dövlət Statistika Komitəsinin saytına daxil edilməyib.

2014-cü ilin statistikasına görə, Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə 25 ana vəfat edib.

Bu sahədə araşdırma aparan ekspertlər dövlət statistikasının «yumşaq» olduğunu deyirlər. Onların deməsinə görə, doğuş zamanı baş verən ölümlərin çoxu «ana və uşaq ölümü» kimi qeydə alınmır.

Azərbaycan Britaniyanın «Save the Children» xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq Hesabatının reytinq cədvəlində 179 ölkə arasında 90-cı yerdədir.

Hesabatın əsas parametrlərindən biri ananın doğuş zamanı ölməsi ehtimalıdır. Həmin hesabatdakı rəqəmlərə görə, Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir. Belədə isə, rəsmi açıqlanan rəqəmin reallıqdan azı 8-9 dəfə kiçik olduğu üzə çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG