Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:37

Məmmədov Bundestaqın qətnaməsini pislədi


Novruz Məmmədov
Novruz Məmmədov

-
«Almaniya Bundestaqının «erməni soyqırımı» ilə bağlı qərarını şərh edərkən əslində fikirləşmək lazımdır ki, bu hadisələr niyə baş verdi? Bunların mahiyyətində nə dayanır? Dünyada bu hadisələrlə əlaqədar atılan addımlar ədalətlidir, ya yox? Düşünürəm ki, burada bizim həmişə dediyimiz ikili standart özünü göstərir».

APA-nın xəbərinə görə, bu sözləri Almaniya parlamentinin «erməni soyqırımı» barədə qərarına münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

O bildirib ki, indiki vəziyyətdə bu cür addımlar beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır: «Bu addımlar sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə heç də xidmət etmir. Bu cür siyasət düzgün deyil. Bu gün prezident İlham Əliyevin çıxışını dinlədiniz. Düşünürəm ki, belə siyasətin təməli 90-cı illərin əvvəllərində ABŞ Konqresində Azərbaycana qarşı 907-ci Düzəlişin qəbul olunması ilə qoyulub. Bu da çox gülünc məsələdir. Azərbaycanın ərazisi işğal olundu. Azərbaycan təcrid olunmuş vəziyyətə düşdü və nəticədə ölkənin əleyhinə bu düzəliş qəbul edildi».

N.Məmmədovun deməsinə görə, 100 il bundan qabaq baş vermiş hadisə ilə əlaqədar tarixçi alimlər ətraflı araşdırma aparmalıdır: «Bununla bağlı Türkiyənin gözəl təklifi var. Bu addımı atmaq lazımdır. Elmi araşdırmalar aparıb, dəqiqləşdirdikdən sonra qərar qəbul edilməlidir. Yoxsa, indi bütün prosesləri siyasiləşdirmək düzgün addım deyil. Bunu heç Türkiyə də qəbul etməyəcək».

Almaniya parlamenti iyunun 2-də Osmanlı imperiyası dövründə baş verən erməni qırğınını «soyqırımı» kimi tanıyan qətnamə qəbul edib.

5-səhifəlik sənəd «1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırımına məruz qalması»nı anmağa çağırır.

XS
SM
MD
LG