Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

-

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərova qarşı yeni ittiham irəli sürülüb. Bunu AzadlıqRadiosuna V.Ələsgərovun vəkili Vüqar Xasayev bildirib.

Onun deməsinə görə, V.Ələsgərovla mayın 24-də görüşüb: «Mən Vəli Ələsgərova təqdim olunanda, ona yeni məzmunda ittihamlar verildi. İlk əvvəl Vəli Ələsgərova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü».

Vəkil qeyd edib ki, sabiq nazirin ittihamları ağırlaşdırılıb:

«Mayın 24-də 308.1 maddəni 308.2-yə, 309.1 maddəni 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. V.Ələsgərova telefon danışıqlarını qanunsuz dinləmə - 302.2 maddə ilə də ittiham elan olundu. Amma bu dinləmə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və ya onun ailə üzvlərinə aid deyil. Tamam başqa şəxslə bağlıdır».

Amma V.Xasayev dinlənilən şəxsin kimliyini açıqlamayıb.

Naxçıvan MTN-in sabiq naziri V.Ələsgərov 2015-ci ilin dekabrında işini itirib. Naxçıvanda bu nazirliyin bazası əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında barəsində həbs-qətimkan tədbiri seçilib. Martın 29-da həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı il mayın 7-də V.Ələsgərov barəsində yenidən həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı səlahiyyət həddini aşmaq, səlahiyyətdən sui-istifadə, qanunsuz sahibkarlıq kimi ittihamlar irəli sürülüb.

V.Ələsgərovun 50-dən çox qohumunun işdən çıxarıldığı, əmlaklarının əllərindən alındığı bildirilir. Vəkilinin bildirməsinə görə, o istintaq prosesində fiziki işgəncələrə və təhqirə məruz qalıb.

Ancaq Azərbaycan və Naxçıvan Muxtar Respublikası hüquq mühafizə orqanları işgəncə iddialarını təkzib edirlər.

V.Ələsgərovun özünün də nazir işləyərkən işgəncələrlə bağlı göstəriş verdiyi iddia olunur. Naxçıvan müxalifəti və hüquq müdafiəçiləri daim ondan şikayətlər ediblər.

Ötən ilin oktyabrında Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Nazirliyin bir çox rəhbər şəxsi həbs edilib. Dekabrda isə prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Bu nazirliyin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. O vaxt mətbuat baş verənləri müxtəlif versiyalarla izah edirdi. Ən çox eşidilən versiyalardan birində qeyd edilirdi ki, Milli Təhlükəsizlik Nazirliyi hakimiyyətin ən yüksək pilləsində dayanan şəxslərin qanunsuz dinlənməsini həyata keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG