Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32

Sakinlər gələcəkdə mənzil yox, indi kompensasiya istəyir


Almaniyada azərbaycanlıların aksiyası.

Almaniyada azərbaycanlıların aksiyası.

-

Dünya azərbaycanlılarının qurultayı, Almaniya Bundestaqının «soyqırımı» qətnaməsi, bankların vəziyyəti və Yasamal sakinləri ilə icra hakimiyyətinin qarşıdurması bu gün medianın aparıcı mövzusudur.

DÜNYA AZƏRBAYCANLILARI TOPLAŞIR

«Azərbaycan» qəzeti bu gün Bakıda başlayan Dünya Azərbaycanlılarının IV qurultayı ilə bağlı məqalə dərc edib. Yazıda qurultayın müzakirə edəcəyi məsələlər haqda informasiya verilir. Müəllif öz baxış bucağından qurultayın əhəmiyyətini belə şərh edir: «Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq Azərbaycanı özünə tarixi vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır».

Məqalədə qeyd edilir ki, belə qurultayların keçirilməsində keçmiş prezident Heydər Əliyevin müstəsna rolu olub: «Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi ideyasını irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb».

Məqalədə H.Əliyevin 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışı da xatırladılır: «Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində fəxarətlə söylədiyi «Fəxr edirəm ki, mən azərbaycanlıyam!» sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir».

Dünya Azərbaycanlılarının 2001-ci ildə I, 2009-cu ildə II, 2013-cü ildə isə III qurultayı keçirilib.

Almaniya parlamenti

Almaniya parlamenti

«SOYQIRIMI»NDAN DANIŞMAĞA HAQQI YOXDUR

«Novoye Vremya» qəzetində Almaniya parlamentinin Osmanlı imperiyası dövründə baş verən erməni qırğınını «soyqırımı» kimi tanıması tənqid edilir.

Məqalədə öncə bu «soyqırımı»nın bir sıra ölkələrdə tanınmasına diqqət çəkilir. Daha sonra Almaniyanın «soyqırımı» qətnaməsinə toxunulur və bu sənəd kəskin pislənilir: «6 milyon nəfər yəhudini milli mənsubiyyətinə görə öldürən, iki dünya müharibəsi törədərək milyonlarla insanın məhvinə səbəb olan Almaniya soyqırımı barədə danışmaq haqqı olan ən son ölkədir».

Müəllif düşünür ki, belə bir sənədin qəbulu Almaniya və Türkiyə münasibətlərinə xələl gətirə bilər: «Aydındır ki, Merkel erməni diasporundan öz şəxsi maraqları üçün istifadə edib, bu isə şəxsi marağı dövlət marağından üstün tutmaqdır. Qaçqınlar məsələsində Türkiyənin güzəştə getməməsi, Avrasiyanın geosiyasi oyunçusu mövqeyi tutması, görünür, səbirləri daşdıran son damla olub».

Müəllifin düşüncəsinə görə, ermənilərin soyqırımı iddiası əsassızdır. Türkiyə bu məsələ ilə bağlı arxivləri açmağa hazırdır.

Nemət Əliyev

Nemət Əliyev

«HÖKUMƏT MANATI O GÜNƏ SALDI Kİ…»

«Azadlıq» qəzeti iqtisadçı Nemət Əliyevlə ölkə banklarının durumunu müzakirə edib. Müzakirədə «Moody’s» beynəlxalq reytinq agentliyinin qarşıdakı 12-18 ay ərzində ölkə banklarının durumunu neqativ dəyərləndirməsi də qeyd edilir. N.Əliyev agentliyin ölkə bankları ilə bağlı proqnozlarını situasiyaya adekvat və real adlandırıb: «Bankların nəinki 2016-cı ildə, hələ xeyli müddət ərzində indiki ağır böhranlı durumdan çıxacağını gözləmək sadəlövhlük olardı».

N.Əliyevin fikrincə, ölkədə azad, rəqabətli mühit yaradılmayınca, banklar normal fəaliyyət göstərə bilməyəcək: «Normal mühit dedikdə, biznes fəaliyyətinə olan maneələrin aradan qaldırılmasını, iş adamları ilə «bandotdel» dilində danışılmamasını, qanunsuz «haqq»ların tələb olunmamasını nəzərdə tuturam. Bu baxımdan, ölkədə investisiyaya əlverişli mühit yoxdur. Belə mühit olmadığına görə, əhalinin də banklara etibarı aşağı düşür. Hökumət manatı o günə saldı ki, xalq milli valyutaya inanmır».

Söküləcək evlər.

Söküləcək evlər.

26 AİLƏ EVLƏRİNİN SÖKÜLMƏSİNİ İSTƏMİR

«Bizim Yol» qəzeti Yasamal rayonu Naxçivani, Murtuza Muxtarov və Cəfər Cabbarlı küçəsində 26 ailəni icra hakimiyyətinin zorla evlərindən çıxarmaq istəməsindən bəhs edir. Sakinlərin bildirməsinə görə, bazar tələblərinə uyğun kompensasiya tələb etsələr də, bundan imtina edilir. Sakin Firəngiz Əsədova qəzetə deyib ki, onları hər cür kommunikasiya ilə təmin edilən bir ərazidən 1 manat belə təzminat ödəmədən zorla çıxarmaq istəyirlər: «Bu terror hadisəsidir. Onların bizdən tələbi ağlasığan deyil. Mən kirayədə yaşamaq istəmirəm. Bizə kompensasiya verilsin. Bəlkə biz ölkədən köçüb gedəcəyik. Niyə illərlə kirayədə yaşamağa məcbur edilərək, hansısa binanın nə vaxtsa başa gələcəyini gözləməliyik?»

Qadınlar qəzetə danışıblar ki, buna etiraz edən ərləri və qardaşlarını həbslə hədələyiblər. Ona görə də, ailələrinin hüquqlarını qadınlar qoruyur. Sakinlər deyirlər ki, rayon icra hakimiyyəti iyunun 5-nə kimi vaxt qoyub və bundan sonra 26 ailənin zorla evlərindən çıxarılacağı gözlənilir.

Nazirlər Kabineti bu il fevralın 25-də qəzalı vəziyyətdə olan və şəhərin müasir görkəminə xələl gətirən binaların sökülməsi ilə bağlı qərar verib. Həmin qərara görə, Yasamal rayonu Naxçıvani küçəsi 25, 27, Murtuza Muxtarov küçəsi 182, Cəfər Cabbarlı küçəsi 37 və 39 ünvanlarındakı binalar sökülərək yerində yeniləri tikilməlidir. Bundan ötrü Yasamal rayon İcra Hakimiyyəti də ötən ayın 6-da qərar verib. Evləri söküləcək sakinlərə də həmin binalarda mənzil veriləcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG