Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

►“Təhqirlərlə dolu və tamamilə əsassız olan qətnamələrin qəbul edilməsi Azərbaycanın bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub”

“Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib”.

Prezident İlham Əliyev Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edərkən belə deyib. Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Ölkə başçısı vurğulayıb ki, “təhqirlərlə dolu və tamamilə əsassız olan qətnamələrin qəbul edilməsi Azərbaycanın bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub”.

İ.Əliyev deyib ki, bu qurumun ən yüksək rütbəli şəxsləri anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edirlər. Onların səsləndirdiyi təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub.

“Bu cür münasibətlərin nəticəsi olaraq indiyədək Azərbaycan parlamentində bu qurumla əməkdaşlıq üzrə işçi qrupu yaradılmayıb” - deyən ölkə başçısı Avropa Parlamentində Azərbaycana ədalətlə yanaşan deputatların da olduğunu qeyd edib.

Ölkə başçısı Avropa Birliyi Şurasının prezidenti Donald Tuskun ötən il Azərbaycana uğurlu səfər etdiyini bildirib.

“Bu ilin fevralında Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin ölkəmizə səfəri əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edib. Hazırda bu əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Avropa Birliyinə üzv olan bir çox dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, ya da qəbul edilib. Eyni zamanda, Azərbaycan Avropa Şurasında öz fəaliyyətini uğurla davam etdirir. Avropa Şurası da Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir”, - İ.Əliyev bildirib.

President.az-ın xəbərinə görə, N.Nikolai isə Azərbaycan ilə yaranmış vəziyyətin dəyişməkdə olduğunu deyib. O, Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin bərpa olunması istəyini ifadə edib.

Ötən il sentyabrında Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul edilib. Orada İlham Əliyev və ailə üzviləri ilə bağlı korrupsiya hallarının araşdırılması məsələsi qaldırılırdı.

«Şərq Tərəfdaşlığı» isə Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Proqramının əsası 2009-cu ildə Praqada qoyulub. O, Avropa Birliyi ilə sözügedən altı tərəfdaş ölkənin münasibətlərinin gücləndirilməsinə xidmət edir.

Azərbaycan rəsmiləri isə son illər bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Azərbaycan ötən ilin mayında Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» sammitinin yekun Riqa bəyannaməsinə qoşulub.

Amma iclasda qeyd olundu ki, Azərbaycanın yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtləri var.

Müxalifət hakimiyyətin bu mövqeyini siyasi və iqtisadi islahatlardan qaçmaq kimi yozur.

Günün bütün mövzuları

XS
SM
MD
LG