Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:15

-

PA ATONNAN, NƏ AĞIR YATDI BU OĞLAN, ÖLÜBƏ?

Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə!

Nə də tərpənməyir üstündəki yorğan, ölübə!

Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,

Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,

Ölülər yatmağıdır, yox buna payan, ölübə!

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,

Bədənində donuşub, laxtalanıb qan, ölübə!

Cumuxub canına bitlər, birələr, hiss edəmir,

Çalsa əqrəb də hənuz eyləməz amman, ölübə!

Hansı bir doktora ərz etdim onun illətini,

Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!

Nə masaj ilə, nə məsnui-tənəffüslə bunun

Və nə dağ ilə olur dərdinə dərman, ölübə!

Bunu hətta düşünüb cümlə müsəlman uşağı

Нər vilayətdə deyirlər: pa atonnan, ölübə!

Məzəli lap bu ki, bir parə urus damaları

Qoşulub bunlara derlər ki: müsəlman ölübə!

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,

Tapmasan çarəsini sən də de ordan: ölübə!

Günün bütün mövzuları

XS
SM
MD
LG