Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:46

Saralmış on yeddinci səhifə


Murad Ahiz
Murad Ahiz

-

Murad Ahiz

Şeirlər

***

Ovuclarında əllərim

sığallanmağa pişik balasıymış

əllərim üşüyür ovucsuzluğa...

gecənin rəngi bir şəhərin işıqlarıdı yoxluğa

bətndən küçəyə doğulanlar

dünyanın uşaqlarıdı

biz, qəlibini hördüyümüz ölkələrin.

Küçələrdə yorğunluğa dolaşır

Yolsuzluğa bulaşmış qadınlar

O qadının qoynuna sığışa bilir bir şəhər

bir qadına qucaq ola bilmir bir şəhərin qolları...

ovutmur, ovutmur, başımı qatmağa

bir şəhərin çoxluğu...

boşdu, boşdu...

İşıq düşən o hissə boşdu şəhərə

qürub deyilsə

Yoxluğun yaşadıqlarımızın

bitmişliyinə ovucdu

əllərim üşüyür ovucsuzluğa...

***

Günəşin tərs üzü gülümsəyişin ağlamsınması

Qışın tutqun buludları qovalayıb gətirir baharı

əski mifoloji mətnləri yaradan başlar

mistik sevdalara bir uzun pərdə çəkmişlər

sevdalar tanrılaşmış, tanrılar insanlaşmış sevdalarında

ovuclarında bir tanrı qurban etmiş ürəyinin səssizliyinə

bir şüşə kvadrata çırpınan div ruhu

xilaskar nağıl qəhramanının əllərində ölməmiş

əslində azadlığı ikiləşdirmiş göyərçin...

ölümün qurtuluşu, qurtuluşun ölüm azadlığı

qızın bəhanə olduğu həqiqətin nağılvariliyinə

diz qoymuş başın dincliyi

qırxıncı qapı qırx günlük yuxu

qırx gün sonra gərdəyə girən

şahzadənin qırxıncı sevdasına baş qoyur

bir qalanı tamamlamağa...

.

bütün qadınların bətnindəki

ürəyində qıvrılıb yatanın özüdü

bütün boylu qadınlar

təbətin yanlış simmetriyası

pozur tanrının qanunlarını

uyuşmur

tanrı da pay umur bəzən

əl açanların əllərindən

uzunların boyundan.

Yazmağa tale umur

Qadının bətnindəkindən

Təbiət siqaret külünə aclıqdı biraz

öz doğduğunu

iki barmaq arasında yandırıb

quylayırıq mədəsinə.

O alnımıza yazır yazılarını

Biz, alnından qopardığımız ağaclara

Vərəq–vərəq

Ev, bir pərdənin tülünə pəncərədi

Gizlənib arxasından görürük başqalarını

Hörümçək toruna necə möhtacsa

Qorunmağa hörürük altında gizləndiklərimizi

Düşən başın qənimidi

Səmadan nə gəlirsə gəlsin...

***

küçələrdə itirdiyin fikirləri

əllərində tapar gözlərin

bu küçə həmin küçənin tinidi

özünü tamamlayır, yollarından doğulub.

Hardasa yolun küçə adı olduğu yerdə qıvrılıb qalmışdı

küskünlükdən yoğrulmuş sözlərin...

Sözlərin,

bir təndir dolusu çörək qoxusu qədər doğmalanmış

tozlanmağa küçə gəzir doğulmağa

dilinlə dodaqlarının həmrəyliyinə qısılıb.

Küçələr- yer kürəsinin söyləyə bilmədiyi cızmaqaralar

əllərindəki cizgilər ürəyində gizlətdiyinin alın yazısıdı...

.

İçki sərsəmliyi

Ana olmuş bir qadının

evlisizliyi qədər tünddü içkilər

başımı ağrıdır

əllərində tikanlı qızılgül var küçənin

ayağında beton səkilər...

o qadının yerişi kökəlib

qollarına həsrət qalan qucaqlama istəyi

qayğı əksikliyidi.

O qız,

o qızsa biraz evlidi

tamamlana bilməyib doğulmağa.

Küçə uzanıb səkilərə şəhərdən keçir.

Zəhirmara qalsın bu içkini

.

Evdən çıxanada o oğlan tipini geyinib aynaya

Ona görə yalan deyir aynalar şahzadələrə

Yanındakı gözləri dolmuş qız

Zorla gülümsəməyə çalışır

Havaya qalxmış ələ...

***

Saralmış on yeddinci səhifə

Aidləşirdi möhürlə

Dövlət kitabxanalarına...

.

Vərəqlər arasına qızılgül qoxusu

Vərəqlər arasına qızılgül rəsmi

Vərəqlər arasına qızılgül qurusu

Vərəqlər arasına barmaqlarından doğulurdu

Uşaqların çoxusu

Cızmaqaraları ilk əlifba.

Uşağa doğmalaşmış kitab

Qarşısına atılmış baş qatmağa

Sevişmə zamanı valideynlərinə

Başıqatılmış fasilə...

Və o uşaqlar heç vaxt böyümədi

Bütün illər uşaqlıqlarının üstünə yığıldı

Baş qatmağa!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG