Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

-

«İnsan itkiləri ilə nəticələnən status-kvonu bu regiona sülh gətirəcək cəhdlərlə əvəz etmək lazımdır». APA bildirir ki, bu açıqlamanı ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristijan Vigenin Azərbaycana iki günlük səfərinin yekunları ilə bağlı yayıb.

Cənab Vigenin deyib ki, ATƏT-in insidentlərin araşdırılması mexanizminin yaradılması və ATƏT-in Dağlıq Qarabağ münaqişəsi zonasında mövcudluğunun genişləndirilməsi barədə razılıq müsbət addımlardır: «Həm Azərbaycanda, həm də Ermənistanda hakimiyyət nümayəndələrini yaxın gələcəkdə bu razılaşmalara əsaslanmağa çağırmışam. Regiondan olan parlamentarilərlə işi davam etdirərək hərtərəfli həll yolu naminə siyasi iradənin gücləndirilməsinə çalışacağam».

Münaqişənin hərbi yolla həllinin olmadığını söyləyən K.Vigenin tərəfləri aqressiv ritorikadan çəkinməyə və sülhə yönəlik konstruktiv addımlar atmağa çağırıb. O, Minsk qrupunun işinə dəstəyini ifadə edib: «Mən Minsk qrupu və həmsədrlərin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini tam dəstəkləyirəm. Yaxın həftələrdə parlament səviyyəsində fikir mübadiləsi aparmaq üçün bəzi konkret təkliflər irəli sürəcəyəm».

Cənab Vigenin qeyd edib ki, ATƏT PA-nın Tbilisidəki illik sessiyasında bu barədə ilkin müzakirələr aparılacaq. O, Azərbaycanda bəzi insanhaqları müdafiəçiləri və müxalif siyasətçilərin həbsdən azad edilməsini yüksək qiymətləndirib.

Qarabağ münaqişəsinin dinc vasitələrlə həllinə ATƏT-in Minsk qrupu həmsədrləri – ABŞ, Fransa və Rusiya vasitəçilik edir. 1996-cı ildən ATƏT-in Minsk qrupu problemin həlli vasitələri təklif edirlər. Bu təkliflər, əsasən, problemin mərhələli və paket həlli variantlarından ibarətdir. Azərbaycan tərəfi daha çox mərhələli həllə, Ermənistan paket həllinə üstünlük verir. Hələlik problemin hansı variantla həlli məsələsində birmənalı mövqe yoxdur.

Qarabağ problemi 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1990-cı illərdən silahlı münaqişəyə dönüb. 1992-93-cü illərdə erməni tərəf Dağlıq Qarabağdan başqa daha 7 rayonu nəzarətinə keçirib. Ermənistan qoşunlarının bu ərazilərin boşatması haqda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olsa da, yerinə yetirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG