Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52

-

28 may – Respublika Günü, hökumətə qarşı hesabat tələbi, təhsildəki aşağı göstəricilər, ölkənin pul-maliyyə siyasətinin tənqidi şənbə günü ölkə mediasının aparıcı mövzularıdır.

MÜSTƏQİLLİK MÜBARİZƏSİ OLMAYIBMI?

«Azərbaycan» qəzeti 28 may - Respublika Günü ilə bağlı keçmiş prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin birgə fotoları fonunda «Tarixin ən möhtəşəm Azərbaycanı» sərlövhəli məqalə dərc edib. Məqalədə Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 1918-1920-ci illərdə siyasi fəaliyyət istiqamətlərinə toxunulur: «Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir».

Daha sonra məqalədə Heydər Əliyevin sovet dönəmində, 1969-cu ildə Azərbaycan rəhbərliyinə gətirildiyi yada salınır. Ölkənin 1920-ci il aprelin sonlarından 1991-ci ilin oktyabrına kimi sovet işğalında olmasına baxmayaraq, müəllif H.Əliyevin ölkə rəhbəri olduğu 1969-82-ci illər haqda fərqli düşünür: «Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünü, haqlı olaraq, ölkəmizin intibahının, gələcək müstəqilliyinin təməlinin qoyulduğu dövr adlandırırlar».

Məqalədə Azərbaycan milli istiqlalı uğrunda mübarizə və bərpa dövrü olan 1988-1992-ci illər üzərindən sükutla keçilir.

1993-2003-cü illər H.Əliyevin prezidentlik dövrü belə qiymətləndirilir: «Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya ətrafında birləşdirdi. Beləliklə, müstəqil Azərbaycan dövləti ulu öndərin şah əsəri kimi dünya birliyində özünün layiqli yerini tutdu».

Məqalədə 2003-cü ildən bu yana İlham Əliyevin prezidentlik fəaliyyəti təhlil edilir və müəllif bu dövrlə bağlı oxuculara aşağıdakı qənaəti təqdim edir: «Prezident İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir».

Nazirlər Kabineti

Nazirlər Kabineti

HÖKUMƏT HESABATI DA OLACAQMI?

«Azadlıq» qəzeti «Bəs, hökumət nə vaxt hesabat verəcək» adlı məqalədə hakimiyyəti maliyyə hesabatı verməyə çağırır. Belə ki, partiyalarla bağlı qanuna nəzərdə tutulan dəyişiklikdə partiyaların ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına maliyyə sənədi təqdim etmələri istənilir. YAP-çı deputat Siyavuş Novruzov bu sənədin dövlət büdcəsindən maliyyələşən və ya maliyyələşməyən bütün partiyaların təqdim etməsinin vacibliyini vurğulayıb.

Məqalədə vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələri haqda 2005-ci ildə qəbul edilən, amma indiyə kimi tətbiq olunmayan qanun yada salınır: «Niyə bu qanun tətbiq edilmir? Niyə məmurlar gəlirləri haqda ictimaiyyətə məlumat vermirlər? Niyə dövlət başçısı İlham Əliyev gəlirlərini açıqlamır? «Panama kağızları» sənədlərində hakim ailənin adı hallanır, niyə bu aktlara münasibət bildirmirlər?».

Müəllif bu mənada hökumətə xitab edir: «23 ildir ki, bu hökumətdən hesabat tələb edirik, nəticə isə sıfırdır. Hökumətin iradəsi varsa, özünə əmindirsə, yuxarıda sadaladığımız korrupsiya faktlarının hesabatını versin və bunu gözləyirik».

İmtahan

İmtahan

NƏTİCƏ AŞAĞI, BƏS SƏBƏB?

«Yeni Müsavat» qəzeti keçən ilki məzunların 10 min nəfərdən çoxunun qəbul imtahanlarında 9-199 bal toplamasını təhsil ekspertləri ilə müzakirə edir.

Ekspert Etibar Əliyevə görə, bu, orta məktəbdə təhsilin keyfiyyəti ilə bağlı məsələdir, amma nəticələr bu qədər də faciəvi olmamalı idi.

Keçmiş təhsil naziri Firudin Cəlilov isə nəticələri belə dəyərləndirir: «Bunlar olduqca dəhşətli göstəricilərdir. Yəni, bizim təhsilin hansı vəziyyətə düşməsini göstərir. Bu, zəncirvarı dövr edir. Savadsız şagirdlər buraxılır, savadsız müəllim yetişir, bu savadsız müəllim də gedib yeni savadsız şagirdlər yetişdirirlər».

Təhsil Şurasının sədri Əkbər Ağayev isə bunun səbəbini təhsil metodu kimi kurikulumda görür və onun fikrincə, ən yaxşı təhsil metodu müəllimin özünün təyin etdiyi metoddur. Ə.Ağayev həmçinin, orta məktəblərdə buraxılış nəticələrinin ürəkaçan olmadığını deyib və səbəbi tətbiq edilən metodda görür: «Kurikulum deyilən bu tələblər toplusunun hazırlanmasında iştirak edənlərin əksəriyyəti pedaqoji prosesi bilmir».

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

BU YOLLA BÖHRAN KEÇMƏZ

«Bizim Yol» qəzeti «Manat qıtlığı yaratmaqla böhran keçməyəcək» sərlövhəli yazıda ekspert Oqtay Haqverdiyevlə ölkənin pul-maliyyə və bank sistemindəki durumu araşdırır.

Ekspert ölkədə manat qıtlığı yaradılmasını Mərkəzi Bankın inflyasiyanın qarşısını almaq və manatı sabit saxlamaq siyasəti hesab edir. Onun sözlərincə, indiki məzənnə manatın əsl məzənnəsi deyil, manat sərbəst buraxıldığı halda da fəsadları ola bilər: «Manat sərbəst buraxılsa, inflyasiya səviyyəsi qalxar, əhalinin həyat səviyyəsi çox aşağı düşər. Bu halda sosial problemlər yaranar».

O.Haqverdiyev indiki durumun yaranmasına səbəb kimi iqtisadiyyatdakı disharmoniyanı göstərir: «Əgər bizim harmonik, rəqabətqabiliyyətli iqtisadiyyatımız olsaydı, indiki acınacaqlı duruma düşməzdik, vəziyyətdən daha yüngül itki ilə çıxardıq. 4 ayın nəticələrinə görə, ölkə iqtisadiyyatı 4.5% azalıb. Bu da iqtisadiyyatın hələ də neftdən asılı olması deməkdir».

Ekspert düzgün olmayan maliyyə siyasətinin ehtiyatları «əritdiyini» deyir və bank sistemində ciddi problemlər yaratdığını bildirir. Onun fikrincə, ilk növbədə bank sistemini problemlərdən xilas etmək lazımdır: «İndi elə vəziyyət yaranıb ki, bank öz problemini həll etməyə çalışır və iqtisadiyyat yaddan çıxıb. Kredit qoyuluşları azaldılır, inflyasiyanın qarısını almaqdan ötrü manat qıtlığı yaradılır. Amma nəzərə almırlar ki, maliyyəni yaradan da elə iqtisadiyyatdır. Odur ki, ölkədə bank sisteminə münasibət dəyişdirilməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG