Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:19

«Ecclestone Xədicəylə görüşsün»


Bernie Ecclestone
Bernie Ecclestone

-

«Formula-1» insan haqları böhranını necə yüngülləşdirə bilər; Amerika rəhbərliyini dəstəkləyənlər; İranda qadınlar saçlarını niyə kəsirlər – 27 may Qərb mediasının icmalı.

«Təxminən bir aydan sonra Azərbaycanın paytaxtı Bakıda «Formula-1» yarışlarının Avropa Qran-prisi keçiriləcək. Belə bir yarışa ilk dəfə ev sahibliyi edən ölkə bacarığını göstərmək üçün dəridən-qabıqdan çıxacaq. «Formula-1» və Avropa Oyunları kimi beynəlxalq idman tədbirləri Azərbaycan prezidenti İlham Əliyevdən ötrü PR strategiyasının bir hissəsidir, ölkəsini müasir, açıq göstərməyə çalışır. Eyni zamanda, ölkədə insan haqlarının durumunun pisləşdiyini, sistemli siyasi istibdadı ört-basdır etməyə çalışır».

Bunu Quartz.com saytında «Human Rights Watch» hüquq-müdafiə təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia yazır.

Müəllif «Formula-1» rəhbəri Bernie Ecclestone-un Azərbaycanda insan haqlarıyla bağlı problem olmamasına dair dediklərini yada salır və qeyd edir ki, «Formula-1» marketinq məsələlərində mediadan asılıdır. Azərbaycanda isə müstəqil media orqanları məhdudlaşdırıcı qanunlar, polis basqınları, cinayət işləri, diffamasiya hallarıyla üzləşir.

G.Gogia AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın mayın 25-də həbsdən buraxılmasına toxunur, beynəlxalq təzyiqin, insan haqları fəallarının buna qatqısı olduğunu qeyd edir.

«Deməli, «Formula-1» də vacib rol oynaya bilər… Bu yarışma qlobal əməliyyatlarda insan haqlarına sayqıya sadiqliyini bəyan edir… Cənab Ecclestone Xədicə İsmayılova, eləcə də həbsdəki ədalət mühakiməsi gözləntisi olmayan digər tanınmış fəallarla görüş istəməlidir. O, hökuməti çağırmalıdır ki, siyasi motivlərlə həbsə atılanları buraxsın, söz azadlığına qarşı repressiv siyasəti, həbsləri və təqibləri dayandırsın, müstəqil qrupların işinə əngəl törədən qanunları ləğv etsin».

«Formula-1» indiyədək Azərbaycanda insan haqları böhranıyla bağlı ağzına su alıb. Ancaq hələ vaxt var, «Formula-1» rəhbərləri səslərini çıxarmalı, ondan yaxşı niyyətlə istifadə etməlidirlər».

ABŞ bayrağı
ABŞ bayrağı

AMERİKA RƏHBƏRLİYİNİ DƏSTƏKLƏYƏNLƏR

«Gallup» sorğu mərkəzi dünyanın 130 ölkəsində və ərazisində ABŞ rəhbərliyinə dəstəklə bağlı hesabat hazırlayıb. Hesabatda 2014 və 2015-ci illərin göstəricilərindəki fərqlər də yer alıb.

Ötən il ABŞ 15 ölkədə çoxluğun dəstəyini qazanıb. Buraya Avropa Birliyinin bəzi üzvləri, eləcə də Fransa, İrlandiya, İtaliya və Böyük Britaniya kimi müttəfiqlər daxildir. Birinci yerdə Kosovo gəlir – artıq ikinci ildir Kosovoda 85% ABŞ rəhbərliyini dəstəkləyir.

Ən pis göstərici Rusiyadadır. Ötən il Rusiyada cəmi 1% ABŞ rəhbərliyinə dəstəyini bildirib. Bu, «Gallup»un son 10 ildə qeydə aldığı ən aşağı göstərici, eləcə də 2014-cü ildəkindən (4%) pis reytinqdir.

Belə durum Ukrayna böhranından sonra Rusiya-ABŞ münasibətlərinin pisləşməsi ilə izah olunur. Bir məsələ də var – rusiyalıların, eləcə də keçmiş sovet ölkələrində yaşayanların çoxu Birləşmiş Ştatları ölkələrinə təhlükə sayır. ABŞ rəhbərliyini ən az dəstəkləyən ölkələr Müstəqil Dövlətlər Birliyi (MDB) üzvləridir. Belarusda cəmi 9, Qazaxıstanda 8% dəstəyini bildirib. Birrəqəmli göstərici bir də Fələstində qeydə alınıb – 9%.

Cənubi Qafqazda ABŞ rəhbərliyinə dəstək təxminən eynidir. Azərbaycanda 43, Gürcüstanda 44, Ermənistanda 42% dəstəyini bildirib.

İranda hicaba etiraz
İranda hicaba etiraz

İRANDA QADINLAR SAÇLARINI NİYƏ KƏSİRLƏR

İranda bəzi qadınlar məcburi hicab qanunlarıyla razılaşmayaraq kişi kimi geyinir və saçlarını da kişisayağı kəsirlər. Son həftələr qısasaçlı iranlı qadınlar fotolarını «Mənim gizli azadlığım» adlı Facebook səhifəsində yerləşdirirlər. Bu səhifəni Nyu-Yorkda yaşayan fəal Masih Alinejad idarə edir.

«The Independent» qəzeti Kajal adlı bir qadınla söhbət edib. İranda yaşayan bu qadın qısa saçın ona bəxş etdiyi azadlıqdan söz açır.

29 yaşlı Kajal deyir ki, hələ uşaqlıqdan özünü güclü hiss etməkdən ötrü oğlan kimi geyinib. Böyüyüncə cəmiyyətdə problemsiz yaşamaq naminə yenə də kişi geyiminə əl atıb.

«İranda qadağan olunan qarışıq, oğlanlı- qızlı bir partidə dostlarımla həbs olunduqdan sonra saçımı kişi kimi kəsdirdim. Saxlanma təcridxanasında oğlan dostumun uzun saçını qısa vurmuşdular. Mən də ona rəğbətimi bildirmək üçün belə elədim».

O, daha sonra belə qısa saçla ailə üzvlərinin evlərinə hicabsız getdiyini söyləyir. Bir gün saçı uzananda da, ona başını bağlamaq lazım gəldiyini deməyiblər.

Bəs əxlaq polisi nə deyir? Kajal danışır ki, bir dəfə polis onu saxlayıb və deyib ki, başını örtsün. O da qayıdıb ki, «yaxşı, sənə görə bunu edərəm, ancaq sən uzaqlaşan kimi çıxaracağam».

Ancaq İranda heç də bütün qadınlar Kajal kimi cəsarətli deyil. O, müxtəlif qadınlardan dəstək mesajları aldığını deyir, qadınlar ailədə, iş yerlərindəki pis münasibətdən gileylənirlər. Amma çoxu, sadəcə, onu arzulayır ki, hicab seçimləri azad olsun.

«Bu sistem qadınlarda bir qorxu hissi yaradıb. Onlar dəyişiklik etməkdənsə, qaçıb canlarını qurtarmağa üstünlük verirlər. Hətta Dubay aeroportunda şərfini düzəldən bir iranlı qadın gördüm. Onlar çox vaxt işlərini, nüfuzlarını itirmək qorxusundan mübarizədən imtina edirlər. Yetərincə gücləri olsa, özlərini maddi baxımdan saxlaya, müstəqil ola bilsələr, bu qaydaya savaş aça bilərlər», - Kajal söyləyir.

XS
SM
MD
LG