Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:18

Partiyalar onların «susdurulma» planından danışırlar


Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə
Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə

-

Köçkünlərə dövlət qayğısı, «Siyasi partiyalar haqqında» Qanuna nəzərdə tutulan dəyişikliklər və bankların yeni kredit şərtləri bu gün medianın əsas mövzusudur.

QAÇQIN VƏ KÖÇKÜNLƏRİN BÖYÜK HAMİSİ

«Azərbaycan» qəzeti «Qaçqın və köçkünlərin böyük hamisi» sərlövhəli məqalədə ev-eşiklərindən didərgin düşən insanlara ölkədə yaradılan şəraitdən və bu işdə dövlət başçısı İlham Əliyevin rolundan bəhs edir. Müəllif yazır ki, ölkədə köçkünlərə 94 qəsəbə salınıb və bu zaman 6 milyarddan çox vəsait xərclənib. Yazıda qeyd edilir ki, bu sahədə Azərbaycanda görülən işlər dünyaya örnəkdir: «Azərbaycanın qaçqın və məcburi köçkünlərə münasibətdə yürütdüyü siyasət, bu qəbildən olan insanların sosial problemlərinin həlli istiqamətində atdığı addımlar, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələrin həyata keçirilməsi dünyada ən yaxşı örnəklər sırasında yer alır».

Daha sonra məqalədə bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş vermiş hərbi əməliyyatlar zamanı bir çox insanların evlərinə zərər dəydiyi xatırladılır. Onlara edilən yardım da dövlət başçısının diqqəti kimi dəyərləndirilir. Yazıda dövlət başçısından belə bir sitat da gətirilir: «Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır...».

İlham Əliyev 2015-ci ildə «Dünyada ilin adamı» seçilib
İlham Əliyev 2015-ci ildə «Dünyada ilin adamı» seçilib

AVTORİTARLARIN DOSTU

«Azadlıq» qəzeti dövlət başçısı İlham Əliyevi «Dünyada ilin adamı» elan edən «The Business Year» jurnalı haqqında oxucularına bilgi verməyə çalışıb.
Yazıda daha sonra bu jurnalın budan əvvəl mükafat verdiyi simalardan bəhs edilir. Jurnalın əsasən avtoritar simaları mükafatlandırdığı qeyd edilir. Məqalədə hakimiyyətin bundan təbliğat vasitəsi kimi istifadə etməsi də dəyərləndirilir. Müəllifin düşüncəsinə görə, rəsmi Bakının belə bir reytinq axtarışına çıxması özünə inamsızlığı ilə bağlıdır: «Bir sözlə, dünyada etimad limiti bitmiş hökumət bir jurnalın işığına toplaşıb. Özləri yazdırır, özləri seçir, özləri də təsəlli tapırlar. 2015-ci ildə Azərbaycanda adamların ili qara gəldi, bunlar isə 2016-cı ildə «ilin adamı» dərdinə düşüblər».

Müsavatın mitinqi
Müsavatın mitinqi

HƏDƏFDƏ SİYASİ PARTİYALARDIR?

«Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir və biz də bununla bağlı qanuna dəyişikliklər hazırlamışıq».

Deputat Siyavuş Novruzov «Siyasi partiyalar haqqında» Qanuna dəyişikliklər layihəsini «Yeni Müsavat» qəzetinə belə şərh edib.

S.Novruzov layihənin baxılmaqdan ötrü artıq beynəlxalq təşkilatlara verildiyini də bildirib. Deputat dəyişikliklərin əsasən partiyaların maliyyə hesabatlarına və fəaliyyətlərinə aid olduğunu deyir: «Partiyaların bəzilərinin məlumatlarında maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında 10-la insan çalışır, avtomobilləri, cangüdənləri var. Odur ki, təklif edirik ki, maliyyə hesabatı verməyən partiyalarla bağlı qanuni tədbirlər görülsün».

Məqalədə daha sonra layihəyə partiyaların münasibətləri təqdim edilir. Azərbaycan Demokrat Partiyası nəzərdə tutulan bu dəyişiklikləri müxalifət partiyalarına təzyiq göstərməkdən ötrü bəhanə kimi dəyərləndirir.

Vətəndaş və İnkişaf Partiyasına görə isə, bu, artıq siyasi repressiyanın başlamasıdır Müsavat Partiyasından isə qəzetə deyiblər ki, onsuz da mürtəce olan qanun bundan sonra daha da eybəcərləşəcək.

Azərbaycan Milli İstiqlal Partiyası isə dəyişiklikləri siyasi qüvvələrin sıradan çıxarılmasına hazırlıq sayır.

Müxalifət partiyaları bütünlükdə bunu hakimiyyətin onları susdurmaq istəməsi planı kimi qiymətləndirir.

Rövşən Ağayev
Rövşən Ağayev

410 MANAT MAAŞ ALMIRSANSA, BANKA GETMƏ

«Bizim Yol» qəzeti bəzi bankların manatla kredit verməyə başlamasından bəhs edən yazı dərc edib. Məqalədə qeyd edilir ki, indi manatla kredit götürməyin şərtləri bir xeyli çətinləşdirilib. Müəllif bildirir ki, 410 manatdan az maaş alanlara faktiki kreditlər verilmir.

«Bu o deməkdir ki, əhalinin 77 faizi kredit ala bilməyəcək». Bu fikri «Bizim Yol» qəzetinə bankların yeni kredit şərtlərini dəyərləndirən iqtisadçı Rövşən Ağayev deyib

R.Ağayev qeyd edib ki, bu şərtlərlə əhalinin yalnız kiçik bir hissəsi kredit ala biləcək: «Aydın məsələdir ki, banklar krediti qeyri-leqal əməkhaqqı əsasında yox, rəsmi maaşlara görə verəcək. Dövlət Statistika Komitəsinin son məlumata görə, maaş cədvəlinə qol çəkənlərin 77 faizinin əməkhaqqı 400 manatdan aşağıdır. Deməli, maaşla işləyən insanların ən yaxşı halda 23 faizi kredit əldə edə biləcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG