Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:01

Seymur Baycan. Qədir necə inqilabçı oldu


Seymur Baycan
Seymur Baycan

-

Əgər bir insan bir insanı başa düşmək istəyirsə, mutləq başa düşəcək

Seymur Baycan

QƏDİR NECƏ İNQİLABÇI OLDU

Heç kimə sirr deyil ki, ötən əsrin əvvəllərində baş verən inqilabi hərəkatda camaatımız çox passiv iştirak edib. Bunun da ən əsas səbəbi camatımızın savadsız olması idi. Savadsız və siyasiləşməmiş camaat inqilabi hərakatda necə iştirak edə bilərdi?!

Biz hərc-mərclikdən, kiminsə dağlara çəkilib qacaqlıq etməsindən, kol-kos arxasında gizlənib quldurluqla məşğul olmasından danışmırıq. İnqilabi hərakatdan, şüurlu sinifi mübarizədən danışmaqdayıq. Düzdü, təsəlli ücün Bünyad Sərdarovun, Xanlar Səfərəliyevin, Həmid Sultanovun, Əliheydər Qarayevin, nəhayət, Nəriman Nərimanovun adını çəkə bilərik, amma baş verən hadisələrin fonunda bu adlar çox az görünür.

Təsəlli sözünü ona görə işlətmədim ki, camaatımızın ucdantutma kommunist, bolşevik olmamasına, hamının inqilabı hərakatda iştirak etməməsinə bərk təəssüflənirəm. Xeyr, sadəcə bir camaatın siyasi proseslərdən kənarda qalması, siyasi proseslərdə iştirak etməməsi ümumilikdə götürəndə çox pis haldır.

Bakıda fəhlə tətillərinin təşkili, inqilabi vərəqələrin yayılması, ümumiyyətlə, fəhlələr arasında inqilabi işin aparılması daha çox başqa xalqların nümayəndələrindən olan inqilabçılar tərəfindən həyata keçirilirdi.

Çox araşdırma aparmağa ehtiyac yoxdu. 26 Bakı Komissarlarının siyahısına baxsaq, vəziyyətlə çox aydın görünər. Əgər siz ərinməyib 26 Bakı Komissarlarının siyahısına baxsanız orda cəmi iki müsəlman adına rast gələrsiniz.

Əyalətlərdə isə vəziyyət daha acınacaqlı idi. Əgər Bakının özündə camaatımız inqilabi işlərdə çox passiv iştirak edibsə, əyalətlərdə vəziyyətin necə ola biləcəyini özünüz təsəvvür edin. Orada adamlar dünyada nə baş verdiyindən tam xəbərsiz bir şəkildə gündüz naxıra, axşam axura gedirdilər.

...Sovet hökuməti Azərbaycan sovet yazıçılarına sifariş vermişdi. Hər şeydən əvvəl Azərbaycan sovet yazıçıları Qızıl Ordunun Azərbaycana gəlişini ədəbiyyatda, yazılan əsərlərdə legitimləşdirməli idilər. Azərbaycan sovet yazıçılarının yazdıqları əsərlərdə göstərilməli idi ki, Qızıl Ordu elə durduğu yerdə ölkəyə gəlməyib, ordunun ölkəyə gəlişini şərtləndirən çoxlu ciddi səbəblər olubdur.

Əvvəla, Qızıl Ordunun xilaskar bir ordu olduğu əsərlərdə öz bədii həllini tapmalı idi.

Hər şeydən əvvəl yazılmalı idi ki, sovet hökuməti qurulmazdan əvvəl bəylər, xanlar, ağalar, xozeyinlər camaata zülm edirdilər. Ağa, bəy, xan, xozeyin ürəkləri nə vaxt istəsə, gözünə pis görünən kəndlini, fəhləni ürəyi istəyən formada cəzalandıra bilərdi. Məsələn, tutub qulağın kəsərdi, evin uçurardı, ağaca bağlayıb döyərdi, lümlüt soyundurub qışın ortasında çölün düzünə buraxardı, quyuya tullayardı ...

Yazılmalı idi ki, mollalar, axundlar camaatın avamlığından istifadə edib adamları soyub-talayırdılar. Qadınların heç bir hüququ yox idi. Qadınları əşya kimi alıb-satırdılar. Camaat acından köpük qusurdu, uşaqlar cın-cındır içində gəzirdilər. Cəhalət, mövhumat tüğyan edirdi. Adamlar ən adi xəstəliklərdən qarışqa kimi qırılırdılar.

Bu yazılanların da çoxu həqiqətən baş vermişdi. Müəlliflərdən bəziləri isə bu zülmü öz gözləriylə görməklə bərabər, həm də özləri də zülmə məruz qalmışdılar.

Əli Vəliyev
Əli Vəliyev

Məsələn, Azərbaycan sovet yazıçısı Əli Vəliyev sovet hökuməti qurulmazdan əvvəl muzdur olmuşdur.

Deməli, Qızıl Ordu gəldi və adamları zülmdən qurtardı. Məktəb, xəstəxana, uşaq baxçası açdı. Kasıbların da balaları oxuyub savad aldılar. Fəhlələr və kəndlilər isə özlərin adam kimi hiss etməyə başladılar. Bərabərlik yarandı. Əsərlərdə Lenin yetimlərin, kasıbların, yazıqların hamisi, mənəvi atası kimi təqdim edilirdi.

Bu əsərlər yüksək tirajlarla nəşr olunurdu. Dərsliklərə salınırdı. Filmlər çəkilirdi. Teatrlarda tamaşalar göstərilirdi. Bu əsərlərin müəlliflərinə orden, medal, vəzifə verirdilər. Sovet hökümətinin nəhəng inzibati resursları bu əsərlərin adamlara ən müxtəlif formalarda çatdırılması istiqamətində tam gücüylə işləyirdi.

Bəs camatımızın inqilabi hərəkatda iştirakı Azərbaycan sovet yazıçılarının əsərlərində öz bədii həllini necə tapırdı? Onu da qeyd edək ki, bu geniş ədəbi əməliyyat təkcə Azərbaycanda aparılmırdı, başqa sovet respublikalarında, məsələn, Orta Asiya respublikalarında da yazıçılar bu cürə xeyli əsərlər yazıblar. Əsərlərin süjetləri isə aşağı-yuxarı eyni idi.

Əsas süjet belə qurulurdu:

Məsələn, tutaq ki, bəy, ağa, xan əsərin qəhramanı Qədirin (ad şərtidi) yaxın zənən qohumlarından birinə sataşır. Qədir, bəyin bu namussuz hərəkətinə dözmür, bəyi öldürüb qaçır şəhərə. Orda Qədir bir müddət gizlənir. Sonra işə düzəlir. Bir gün necə olursa, bir inqilabçıyla tanış olur. Beləliklə, Qədir inqilabi hərəkata qoşulur. Başqalarını da bu işə cəlb edir. Günlərin bir günü kəndlərinə inqilabçı kimi qayıdıb ədaləti bərpa edir.

Ya da bəy, xan, ağa Qədirin atasın günün günorta çağı camaatın gözü qarşısında təhqir edir. Ona görə ki, Qədirgilin keçisi gözdən yayınıb bəyin bostanına giribdir. Ya da Qədirin çoban atasın yuxu tutub, canavar gəlib bəyin qoyunlarını parçalayıb.

Qədir atasının təhqir olunmasına dözmür. Çünki o bir az diribaş, söz götürməyən gəncdir. Başqaları kimi tamam mağmun deyildir. Qədir bəyə deyir ki, a bəy, ağsaqqal kişini camaatın gözü qarşısında söymək sənə yaraşmır, ayıbdır.

Bəy Qədirin bu sözlərindən daha da qəzəblənir. Deyir ki, ə, qoduq oğlu qoduq, sən kimsən mənə ağıl verirsən. Söhbət böyüyür. Acıqlı başda ağıl olmaz. Bəy Qədirin sifətinə qamçıyla möhkəm zərbə vurur. Qədir özün ələ ala bilmir, bəyi yerə yıxıb boğur. Ya da bəyin öz xəncərini bəyin qarnına soxur.

Qərəz, adam durduğu yerdə zibilə düşür. Qədiri həbs edirlər. Təbii ki, məhkəmədə Qədir çox böyük haqsızlıqlarla üzləşir.

Fürsət düşmüşkən, müəlliflər əsərin bu yerində çar məmurlarının necə rəhmsiz, qəddar olduqlarını, adamlıqdan çıxdıqlarını, bütün insani sifətlərini itirdiklərini geniş təsvir edirlər. Göstərirlər ki, kəndlinin heç bir hüququ yox idi, yazıq, avam kəndlilərlə ağalar və bəylər istədikləri kimi rəftar edə bilərdilər. Məhkəmələr sifarişli hökmlər çıxarırdılar.

Bu kimi təsvirlərin daha ağrılı və təsirli yazılması əlbəttə ki, müəllifin səviyyəsindən, istedadından asılı idi. Camaatımız demişkən, Səməd Vurğun da partiyadan yazıb, amma baxın görün, necə gözəl yazıbdır!

Ozan dili yüyrək olar. Qədir düşür həbsxanaya. Burda da hər cürə haqsızlıqlar tüğyan etməkdədi. Qədir baxır görür ki, həbsxana doludu haqsız yerə həbs olunmuş adamlarla.

Qədir həbsxanada Stepan Petroviçlə (ad şərtidi) tanış olur. Stepan Petroviç inqilabçıdır. Onu inqilabi fəaliyyətinə görə həbs edib, həbsxanaya atıblar. Qədirlə Stepan Petroviçin arasında yavaş-yavaş ünsiyyət yaranır və bu ünsiyyət şişərək dosluq münasibətlərinə çevrilir. Qədirin dürüstlüyü, bir qədər də sadəlövhlüyü Stepan Petroviçin xoşuna gəlir. Stepan Petroviçin də gözəl xüsusiyyətləri öz növbəsində Qədiri heyran etməkdədir.

Qədir başına gələnləri Stepan Petroviçə danışır. Stepan Petroviç Qədirin başına gələnləri eşidəndə bərk qəzəblənir. Sual oluna bilər, bəs bu iki adam hansı dildə danışırlar, bir-birinin dilini bilmədikləri halda, onlar necə söhbət edirlər? Necə dərdləşirlər? Bir çox hallarda onların necə, hansı dildə danışdıqlarına müəlliflər heç bir aydınlıq gətirmirlər. Guya elə belə də olmalıdı, onlar dil maneəsi olmadan, rahat-rahat danışmalıdırlar.

Nisbətən insaflı və nisbətən məsuliyyətli müəlliflər isə dil məsələsinə ötəri olsa da aydınlıq gətirirlər. Yazırlar ki, Stepan Petroviç bir müddət müsəlmanların arasında yaşamışdı və müsəlmanların dilin çox yaxşı öyrənmişdi. O səviyyədə öyrənmişdi ki, arada hətta Nizamidən, Ömər Xəyyamdan, Firdovsidən, Əlişir Nəvaidən şeirlər də deyir. Yazının müəllif kimi məsələyə müdaxilə etsəm, öz tərəfimdən onu deyə bilərəm ki, bir-birnin dilini bilməyən adamların ünsiyyətə girməsinə o qədər də təcüblənmək lazım deyil.

Əgər bir insan bir insanı başa düşmək istəyirsə, mutləq başa düşəcək. Bir insan digər insanı başa düşmək istəyirsə, hətta pis bildiyi dil də ona bəs edər. Bir insan başqa insanı başa düşmək istəmirsə, hətta mükəmməl bildiyi dil də bir işə yaramayacaq. Söhbət bu qədər sadədir.

Qayıdaq həbsxanaya. Həbsxanadı, bekarçılıqdı. Vaxt boldur. Stepan Petroviç başlayır Qədirə yazıb oxumaq öyrətməyə. Məlum olur ki, Qədir qabiliyyətli gəncdir. Deyilənləri çox tez qavrayır. Qədir qısa müddətdə oxuma-yazma öyrənir. Bəsirət gözü açılır. O başa düşür ki, bu vaxta qədər zülmətdə yaşayıb. Oxumağı və yazmağı bilmək, insanın savadlı olması necə də böyük xoşbəxtlik imiş. Stepan Petroviç Qədirə oxumağı və yazmağı öyrətməklə işini bitmiş hesab etmir. O Qədiri Belinskinin, Çernışevskinin, Leninin və dəxi bu kimi şəxsiyyətlərin fikirləri ilə tanış edir.

O, Qədiri başa salır ki, bir bəyi, bir xanı öldürməklə heç nəyi dəyişmək olmaz. Bütün sistem kökündən dəyişməlidir. Biz gərək kəndliləri, fəhlələri hərtərəfli başa salaq. Onları savadlandıraq. Gözlərini açaq. Bax, o zaman bəylərə, ağalara qarşı kütləvi etirazlar təşkil edə bilərik. Bax, o zaman sistemi kökündən dəyişməyə gücümüz yaranar. Niyə kəndlilər bütün günü işləməlidir, ağlar və bəylər isə kəndlilərin zəhməti hesabına kef çəkməlidirlər? Nəyə görə kəndlilər və kəndlilərin ailələri acından öldükləri halda, bəylər və ağalar harınlıqdan qudurmalıdırlar, atlarına kişmiş yedizdirməlidirlər?

Biz ağaların, bəylərin hakimiyyətini devirib, onların mal-dövlətini müsadirə edib, aclara, yetimlərə, kəndlilərə paylamalıyıq. Torpaq kəndliyə verilməlidir. Hamı bərabər olmalıdır. Çoxlu məktəblər, xəstəxanalar açılmalıdır.

Stepan Petroviçin dilindən səslənən bu fikirlər Qədirə çox cəlbedici görünür. O, özünün atasının, anasının, bacısının, yaxınlarının, kəndlilərin faciəsini dərk edir. Beləliklə, Qədir inqilabçı olur. Bir gün onlar həbsxanadan qaçırlar. Öz inqilabı fəaliyyətlərin başqa yerdə davam etdirirlər.

Qədir Stepan Petroviçin vasitəsilə inqilabçılar arasında özünə çoxlu dost tapır. Çox əhvalatlar baş verir. Hamısın yazsaq, həm yazının müəllifinin başı ağrıyar həm də yazını oxuyanların. Sevincli günlər də olur, kədərli günlər də. Həyat belədi. Araya məhəbbət də girir. Qədir sevir. Baxmayın, bu da olmalıdı. Həyatın bir hissəsidi. Həm də məhəbbətsiz roman çox quru alınar.

Dostlardan biri xain gülləsinə tuş gəlir. Qurban da mütləq olmalıdı. Qurbansız nə inqilab? Çəkilən əziyyətlər, verilən qurbanlar, aparılan iş, yayılan inqilabi vərəqələr bir gün öz nəticəsin göstərir.

Qərəz, günlərin bir günü inqilab baş verir. Günəş doğur və bu günəşin gur şüaları qaranlıqları yox edir.

Bəzi əsərlərdə qəhrəmanlar günəşin doğuşunu görürlər, bəzi əsərlərdə isə qəhraman ideya uğrunda ölür, ədalətin zəfər çalmasını görmür. Amma qəhrəman ölsə də, onun arzuları həyata keçir. Kim necə istəyir, elə də yazır. Qəhrəmanı yaşatmaq və öldürmək müəllifin özündən asılıdır. Qarşıya qoyulmuş əsas məqsəd odur ki, günəş doğsun, qaranlıqlar yox olsun, ədalət zəfər çalsın!

meydan.tv

XS
SM
MD
LG