Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53

-

«The Business Year» jurnalının prezident İlham Əliyevi ilin adamı elan etməsi, Amnistiya Aktı, bank sektorunun vəziyyəti və Hesablama Palatasının hesabatında milyonların «uyğunsuz» xərclənməsinə aid faktlar bu gün medianın əsas mövzularıdır.

DÜNYADA İLIN ADAMI

«Azərbaycan» qəzeti «Dünyada ilin adamı» sərlövhəli məqalə dərc edib. Yazıda prezident İlham Əliyevi «The Business Year» jurnalının ilin adamı elan etməsindən danışılır. Müəllif bu hadisəni dəyərləndirərkən yazır ki, Azərbaycanda iqtisadi inkişaf, modernləşmə İ.Əliyevin rəhbərliyi ilə reallaşıb. Yazıda həmçinin, beynəlxalq əhəmiyyətli bir neçə enerji layihəsinin reallaşması da İ.Əliyevin iradəsinin nəticəsi kimi təqdim edilir: «Qlobal layihələrinin gerçəkləşdirilməsi, beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın xüsusi rolunun artırılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin, əhalinin həyat şəraitinin yüksəldilməsi kimi məsələlər prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas hədəfləri olmuşdur. Bütün bunlar beynəlxalq ictimaiyyətin, o cümlədən nüfuzlu «The Business Year» jurnalının diqqətindən yayınmayıb. Belə ki, jurnal ötən il ərzində Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən layihələrini, beynəlxalq idman tədbirlərini, ən əsası prezident İlham Əliyevin fəaliyyətini dərindən təhlil edib. Hər bir məsələyə obyektiv yanaşan jurnal prezident İlham Əliyevi 2015-ci ildə «Dünyada ilin adamı» seçib».

Mehriban Əliyeva

Mehriban Əliyeva

HUMANİZMİN «H»SI

«Azadlıq» qəzeti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu günlərdə Milli Məclisdə qəbul edilən Amnistiya Aktını «Hakimiyyətin mövsümi humanizmi» sərlövhəli məqalədə tənqid edib. Yazıda aktın vicdan və siyasi məhbus sayılan bir çox şəxslərdən yan keçməsi təhlil edilir: «Yəni, 3500 adamın azadlığını nəzərdə tutan amnistiyaya siyasi məhbuslar düşməyəcək. Maddələr elə seçilib ki, dünyanın «vicdan məhbusu» kimi tanıdığı, günahsızlığı sübut olunmuş adamlara şamil edilmir».

Müəllifin düşüncəsinə görə, bu addımla da hakimiyyət növbəti dəfə fundamental dəyərlərə münasibətini ortaya qoyub: «Hökumət özünü humanist kimi göstərməyə çalışsa da, bu amnistiya aktı düşmənçiliyi, hikkəni açıq şəkildə göstərir. Həqiqi humanizm ayda, ildə bir dəfə əfv fərmanı imzalamaq, amnistiya təşəbbüsü ilə çıxış etmək deyil. Həqiqi humanizm ədalətli olmaq, ədalətlə idarə etmək, məhkəmələrə müstəqillik vermək, qanunları kağız parçasına çevirməməkdir. Həqiqət budur ki, bu ölkədə hələ ki, humanizmin «h»sı gözə dəymir, ədalətsizlik isə göz deşir».

Dollar

Dollar

HESABLAMA PALATASININ HESABATINDA NƏLƏR VAR?

«Bizim Yol» qəzetində isə Hesablama Palatasının yoxlamalarının nəticəsində hazırlanan hesabatdakı bəzi məqamlar təhlil edilib. Yazıda hesabata istinadən qeyd edilir ki, Palatanın araşdırmasında tikinti sahəsində 400 milyon manatlıq «uyğunsuzluq» aşkarlanıb : «Amortizasiya xərcləri artıq hesablanır, əsas vəsaitlərin qalıqları balansdan silinir. Bəzi hesablar isə balansa salınmadan birbaşa silinir, hesabatlarda əksini tapmayan xərclər üzə çıxır».
Yazıda daha sonra qeyd edilir ki, bütün bunların nəticəsində bu sektorda, nə az, nə çox, 400 milyon manatlıq «uyğunsuzluq» ortaya çıxıb. Müəllif yazır ki, hesabatda əks edilən rəqəmlərdən biri də 30 milyona yaxın vəsaitin dövlət qurumlarında səmərəsiz istifadə edilməsidir. Yazının sonunda da oxuyuruq: «Palatanın hesabatında «nöqsan» deyərək yumşaltmağa çalışdığı satınalmalar, əməkhaqqı ödənişi, təmir-tikinti işləri üzrə pozuntuların bir hissəsi yoxlanılan qurumların əksəriyyətində müəyyən edilib. Yəni, üç gündür ki, sadalayıb bitirə bilmədiyimiz maliyyə pozuntuları dövlət qurumlarının demək olar ki, hamısında var».

Suma Chakrabarti

Suma Chakrabarti

GƏLƏCƏK NƏSİLLƏRƏ SAXLANACAQ BORC

«Novoye Vremya» qəzeti Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti-nin Bakıya səfəri fonunda Azərbaycan iqtisadiyyatının problemlərini müzakirə edib.

Məqalədə S.Chakrabarti-nın hökumət nümayəndələri ilə görüşdə ölkədə bank sisteminin normal fəaliyyətinə şərait yaradılması mövqeyi xüsusi qeyd edilir. Müəllif ondan sitat da gətirir: «Bank sistemində dəyişiklik olmayana qədər iqtisadi artımın olması mümkün deyil. İqtisadiyyatda artım o zaman mümkün ola bilir ki, bank sisteminin kredit vermək gücü olsun».

Müəllif SOCAR-ın İsveçrədə ofisini bağlamasını nəzərə çatdıraraq, bunu maliyyə sahəsində problemlər ilə əlaqələndirir. Məqalədə qeyd edilir ki, ölkə iqtisadiyyatının dirçəldilməsindən ötrü ciddi kapital qoyuluşuna ehtiyac var. Azərbaycan isə öz gücünə böhrandan çıxmaq gücündə deyil. Müəllifin fikrincə, indi hakimiyyət dünya maliyyə institutlarından kreditlər cəlb etmək yolu ilə iqtisadiyyatı canlandırmaq niyyətindədir: «Hakimiyyət xilas yolu kimi kreditləşməni görür, amma bunlar qaytarılmalıdır. Yəni, Azərbaycan hökuməti islahatlar əvəzinə gələcək nəsilləri düşünmədən, sadəcə, kredit almaq yolunu seçdi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG