Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

-

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunun Şimali Abşeron hövzəsindəki D230 blokunda geoloji-kəşfiyyat işlərinin aparılmasına dair anlaşma memorandumu imzalanıb.

Birgə bəyanatda deyilir ki, memorandum D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlanmasında SOCAR ilə danışıqlar aparmaqdan ötrü BP-yə müstəsna hüquq verir.

Memorandumu Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin regional prezidenti Qordon Birrel imzalayıblar.

“BP Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli böyük layihələrin əsas sərmayədarı və operatoru olub. Şirkətlərimiz arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf edir. Əməkdaşlıq etdiyimiz bütün layihələr üzrə uğurlu nəticələr qazanmışıq. Bu gün yeni bir ofşor layihəsinin əsasını qoyacaq anlaşma memorandumunu imzalayırıq. Bu bizim BP ilə birlikdə uzun illər əməkdaşlığımıza əsas verəcək perspektivlərdən biri olacaq”, - R.Abdullayev bildirib.

Q.Birrel isə deyib ki, bu gün həm Azərbaycan, həm də BP şirkəti üçün əhəmiyyətli gündür.

“Bu, Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləyərək yeni imkanlar axtarmaq sahəsindəki əməkdaşlığımızın davamıdır. Dünyanın digər yerlərində geoloji-kəşfiyyat sahəsindəki geniş təcrübəmizə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyalar üzrə səriştəmizə əsaslanaraq biz bu yeni imkana ümidlə baxırıq .Azərbaycanda neft hasilatının bir çox onilliklər ərzində saxlanılmasına töhfə verməkdə davam edəcəyik”, - o vurğulayıb.

Mayın 24-də prezident İlham Əliyev BP Direktorlar Şurasının sədri Karl-Henrik Svanberqin başçılıq etdiyi və qurumun baş icraçı direktoru Bob Dadlinin də daxil olduğu Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

BP Azəri-Çıraq- Günəşli yatağında 35,8 faiz paya sahibdir.
Şirkət Cənub Qaz Dəhlizi layihəsində də iştirak etmək istəyir.

«Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.

Bu layihədə əsasən Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edir.

«Cənub Qaz Dəhlizi»TANAP və TAP layihələrini özündə birləşdirir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Bu ay təməli qoyulan Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), «Snam S.p.A.» (20 faiz), «Fluxys» (19 faiz), «Enagás» (16 faiz) və «Axpo» (5 faiz).

Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG