Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:19

-

Mayın 25-də Ali Məhkəmə keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin şikayətini təmin etməyib. O, qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.

Bu barədə Azadlıq Radiosuna keçmiş nazirin vəkili Əfqan Məmmədov məlumat verib.

Vəkilin deməsinə görə, onlar Ali Məhkəmədən N.Quliyevə bəraət verilməsini xahiş ediblər.

Bundan öncə N.Quliyev irəli sürülən ittihamları rədd edərək onları uydurma, prosesin özünü isə sifarişli adlandırıb.

N.Quliyev 2014-cü il avqustun 8-də Novxanı qəsəbəsində həbs edilib. İstintaqın iddiasına görə, onun bağında avtomat və əl qumbarası, şəxsi avtomobilində isə tapança tapılıb.

N.Quliyevin həbsindən sonra tanınmış kinodramaturq, müxalif mövqeli Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bildirib ki, keçmiş nazir 2013-cü il prezident seçkiləri öncəsi ona məsləhətlər verdiyinə görə təqib olunur.

R. İbrahimbəyov qeyd edib ki, N.Quliyev ona göstərdiyi dəstəyə görə cəzalanıb.

1993-1995-ci illərdə N.Quliyev xarici iqtisadi əlaqələr naziri postunu tutub, sonra ölkəni tərk edib.

90-cı illərin sonlarından 2000-ci ilin əvvəlinə kimi Acariya prezidenti Aslan Abaşidze ilə birlikdə çalışıb. Abaşidze istefa verdikdən sonra Azərbaycan və Türkiyədə bizneslə məşğul olub.

2005-ci ilin oktyabrında N.Quliyev digər yüksək vəzifəli şəxslərlə birlikdə dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunub.Lakin iki həftədən sonra azad edilib.

Hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda onun da adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG