Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

-

Dünya Humanitar Sammiti, 12 illik təhsilə keçid, kapital qoyuluşunun azalması, manatın taleyi və hökumətin məzənnə siyasətinin mümkün nəticələri bu gün medianın əsas mövzularıdır.

PREZİDENTDƏN ERMƏNİSTANA SANKSİYA TƏLƏBİ

«Azərbaycan» qəzeti İstanbulda keçirilən Dünya Humanitar Sammitində dövlət başçısı İlham Əliyevin çıxışını təhlil edən bir yazı verib. Məqalədə qeyd edilir ki, Azərbaycan prezidenti dünya birliyini Ermənistana sanksiya tətbiq etməyə çağırıb.

Müəllif prezidentin çıxışındakı əsas məqamları seçərək, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinin, işğal altındakı rayonların boşaldılması haqda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin üzərində dayanır.

Prezidentə istinadən bildirilir ki, bəzi hallarda bunun əksinə, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra olunur. Məqalədə daha sonra oxuyuruq: «Prezident İlham Əliyev tərəfindən son 13 ildə Ermənistana qarşı yürüdülən hücum yönlü informativ-diplomatik savaşın mühüm nəticələri var. Həm Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərlə dünya birliyi məlumatlandırılıb, həm də işğalçı dövlətin beynəlxalq təcridi uğurla gedir. Azərbaycan rəhbəri tərəfindən bu proses Dünya Humanitar Sammitində artıq yeni müstəviyə transfer edildi: Ermənistana qarşı sanksiya tətbiq olunsun!».

Qubad İbadoğlu

Qubad İbadoğlu

ÜDM BİR AZ DA AZALACAQ...

«Yeni Müsavat» qəzeti son günlər manatın dollara nisbətdə cüzi bahalaşmasının mümkün nəticələrini ekspertlərlə araşdırıb. «Dolların «buxovlanması» nə vəd edir?» sərlövhəli məqalədə ekspertlər bu prosesin yekununda manatın kəskin dəyər itirəcəyini proqnozlaşdırırlar.

Ekspert Qubad İbadoğlunun fikrincə, bu, inflyasiyanın aşağı salınmasına təsir etməli idi: «Amma elə olmadı, qiymətlərin artımı müşahidə edilir. Bu təsirlə ölkədə bahalıq baş verir, ərzaq mallarının qiymətləri artır».

Q.İbadoğlu qeyd edib ki, ölkədə biznes mühiti sağlam deyil. Manatın məzənnəsini bazarın tələb-təklif sistemi formalaşdırmır. Ona görə də, ölkəyə investisiya qoyuluşunda tərəddüdlər olacaq: «Alıcılıq qabiliyyəti aşağı düşəcək. Bu baxımdan da aparılan buxovlayıcı siyasət və dövriyyədə manat qıtlığının yaradılması ÜDM-in aşağı düşməsini bir az da sürətləndirəcək. Düşünürəm ki, bu, yanlış siyasətdir. Bu siyasətə yenidən baxılmalıdır. Azərbaycan bu keçidə hazır deyil».

Nemət Əliyev

Nemət Əliyev

KAPİTAL QOYULUŞU 2 MİLYARD AZALIB

«Azadlıq» qəzeti isə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər əsasında tikinti sahəsindəki durumu ekspertlərlə müzakirə edib. Yazıda qeyd edilir ki, bu ilin yanvar-aprel aylarında sement istehsalında 32, armatur istehsalında isə 42 faiz azalma var. Digər tikinti materiallarının istehsalında da geriləmə müşahidə edilir. İqtisadçı Nemət Əliyev istehsaldakı azalmanı qəzetə belə dəyərləndirib: «Ölkədə tikinti sektoru çökür və ortadakı rəqəmlər bir daha bunun təsdiqidir. Ölkədə tikinti sektoru himayədarlıq prinsipi ilə inkişaf edib və bu sahədə normal sahibkarlıq formalaşmayıb .Vəzifəli şəxslər səlahiyyətlərindən istifadə edərək bu sahəni ələ keçirmişdilər, dövlətin tikinti sektoruna maliyyə axınından sui-istifadə edərək həmin vəsaitləri mənimsədilər».

N.Əliyevin fikrincə, neftin dəyərdən düşməsi və gəlirlərin azalması ilə bu sektorun altı üstünə çevrilib.

İqtisadçı daha bir mühüm məsələyə də toxunub. O bildirib ki, ölkəyə kapital yatırımında 2 milyard dolardan çox azalma var. Üstəlik, onun fikrincə, normal biznes mühiti olmadığından sahibkarlar indi hər hansı yatırım qoymaq niyyətində deyillər: «Ölkədə normal iqtisadi mühit olmalıdır ki, azad sahibkarlar əllərindəki maliyyə vəsaitlərini iqtisadiyyata qoymaqdan çəkinməsin. Bu açıqlanan göstəricilər hakimiyyətə xəbərdarlıq olmalıdır. Bu sahədə artıq sözdən işə keçilməlidir. Ən azı sahibkarlığın inkişafına mane olan əngəllər əməli olaraq aradan qaldırılmalıdır».

Məktəb

Məktəb

12 İLLİK TƏHSİLƏ HAZIRIQMI?

«Exo» qəzeti orta məktəb sisteminin təkmilləşdirilməsi və 12 illik tədris modelinə keçidlə bağlı mülahizələrə yer verib. Müəllif yazır: «Bu haqda çoxdan danışılır. Amma bunun zəruriliyinin nədən ibarət olması sualına cavab verilməyib. Rəhbərliyin əsas arqumenti tədrisin Avropa standartlarına keçilməsidir».

Müəllifin düşüncəsinə görə, təhsil sistemindəki bir çox problemləri həll etmədən, təkcə sözdə Avropaya uyğun olmaq adı ilə keçid heç də uğur gətirməyəcək. O, daha sonra bir sıra suallar verir: «Əgər bu, genişhəcmli bilik verməyi nəzərdə tutursa və bu bilik indiki kimi olacaqsa, nəyə lazımdır? Əgər bu, oğlanların ordu məsələsi ilə bağlıdırsa, bu məsələ həllini necə tapacaq?».

Qəzetə danışan ekspertlər isə bildiriblər ki, 12 illik təhsilə keçiddən ötrü islahatlara ehtiyac var.

Bununla belə, ekspertlərdən Etibar Əliyev deyib ki, 12 illik təhsilə keçid orta məktəblərdə sistemi təkmilləşdirmək baxımından əlverişli fürsətdir. Məlahət Mürşüdlünün fikrincə isə, bunun tətbiqinə 3 ilə yaxın vaxt lazım olacaq: «Bunun üçün tədricən proqramlar, dərsliklər dəyişməlidir. İndiki proqram 11 illik sistemi əhatə edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG