Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:29

Vəkilə cinayət işi açıldığı deyilir


CM
CM

-

Vəkil Arif Rəsulov barəsində cinayət işinin açıldığı bildirilir.

«Report»un xəbərinə görə, Bakı İstintaq Təcridxanasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevlə görüş zamanı vəkilin üzərinə baxış keçirilib və ondan mobil telefon aşkarlandığı qeyd edilir.

İşlə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ekspertiza təyin edildiyi bildirilir.

Daha sonra A.Rəsulov barəsində CM-nin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsi) maddəsi ilə cinayət işi başlandığı qeyd edilir.

A.Rəsulov 13 saylı hüquq məsləhətxanasının rəhbəridir.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılanda, bu qurum ətrafında bir çox proseslər baş verdi.
General-mayor Teymur Quliyev də daxil olmaqla, nazirliyin bir çox yüksəkçinli əməkdaşı həbs edildi Onlara qarşı vəzifə səlahiyyətlərini aşma, mütəşəkkil dəstə yaratmaq, qanunsuz azadlıqdan məhrum etmə, küllü miqdarda vəsait əldə etmə məqsədi ilə hədə-qorxu gəlmə və başqa maddələr irəli sürüldü.
Dekabr ayında isə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi. Bu nazirliyin bazasında iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

O vaxt ölkə mətbuatında milli təhlükəsizlik nazirinin vurulması və sonrakı həbslərlə bağlı bir neçə versiyalar da səslənmişdi. Həmin versiyaların birində deyilirdi ki, MTN ölkə rəhbərliyinin telefon danışıqlarını gizli şəkildə dinləyib. Başqa bir versiyada isə əmlak uğrunda mübarizədən bəhs edilirdi.

XS
SM
MD
LG