Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47

Ədəbiyyat nəzəriyyəsi terminlərimizin vəziyyəti necədir?

-


Azərbaycan dilinin ədəbi terminlərilə əcnəbi dünyanın ədəbi terminləri arasında bir neçə çox ciddi fərq var. Məsələn, biz "romanın qəhrəmanları" deyirik, ingilisdilli dünya "roman xarakterləri" (Bizdə qorxaq da qəhrəman olur bu termin altında).

Biz Xarakter hər qəhrəmana demərik, Xarakterin öz tələbləri var. Halbuki məgər o biri qəhrəmanların xarakterəri yoxdur?! Roman sənəti elə xarakterlər müxtəlifliyindən doğur. Bir romandakı qəhrəmanların əslində hamısı xarakterdir. İngilisdilli dünya bizim "Xarakter" dediyimiz belə xüsusi qəhrəmana "protaqonist" deyir.

Ədəbi tənqdçi Tehran Əlişanoğludan bu haqda mütəxəssis rəyi soruşduq. T.Əlişanoğlu deyir:

Bizdə nəzəri fikir lap çoxdan qarışıb

"Əvvəla, "bizim ədəbi təcrübəmiz" kimi hansı instansiyanı nəzərdə tutursuz - bilmirəm. Bizdə ədəbiyyatşünaslıq terminləri orta məktəblərdən ali məktəblərin filoloji fakültələrinə, magistr pilləsi, sonra da elmi dairələrə qədər fərqlərlə işlənir. "Romanda xarakterlər" əvəzinə, obrazlar, surətlər də işlənir, hamısı da sinonimik və bu halda: personaj (iştirakçı) mənasında. Qəhrəman isə, bu sırada: əsas surət, əsas obraz, əsas personaj sayılır.

M.F.Axundov (1812 –1878)

M.F.Axundov (1812 –1878)

Ayrılıqda isə bu anlayışların hər birini müəyyən çalarla fərqləndirib, yerinə görə işlədirlər. Bütün bunlar bizdə nəzəri fikrin lap çoxdan qarışdığından xəbər verir, halbuki M.F.Axundzadədən sonra bizdə nəzəriyyə heç kifayət qədər formalaşmamış, anlayışlar yerinə oturmamışdı, dürüstləşməmişdi də.

Ona görə Mirzə Fətəlini deyirəm ki, söhbət müasir, Avropa tipli ədəbiyyat strukturundan gedir. Yoxsa ki, M.Füzulinin zirvəsində durduğu divan ədəbiyyatında anlayışlar elmi, dümdürüst, yerində olmuşdur. Bəlkə də M.Fətəlinin əsasını qoyduğu ədəbiyyat sistemini nəzəri olaraq tam mənimsəmədiyimizdəndir ki, ədəbi praktikada da yerimizdə sayırıq.

Bizdə nəzəri anlayışların çoxu Sovet dönəmində rus ədəbiyyatşünaslığından kalka yolu ilə yaranıb. Və "geroy"un müqabilində "qəhrəman" ərsəyə gəlib.

Rus ədəbiyyatında, sosrealizm ədəbiyyatında mündəricə etibarilə də, funksional olaraq da yerində görünür.

Modern ədəbiyyatda isə (bizdə 60-cılardan) etik və estetik məzmunlar arasında təzad yaranır.

Monoqrafiyamda hələ İ.Əfəndiyevin "Körpüsalanlar"ına münasibətdə bu məqama mən diqqət yönəltmiş və: bu halda qəhrəman əvəzinə əsas surət deyilməlidir - yazmışdım.

Xarakter isə bizdə məzmun kateqoriyası sayılır, insan surətlərinin (obrazların), o sıradan qəhrəmanın (əsas surətin, baş obrazın) daxili tutumunu, mündəricəsini ifadə edir və bəli, əsərdə hər bir surətin xarakteri olur (olmalıdır).

Siz deyən mənada qarışıqlıq bəzən pzixologiya elmi ilə ədəbiyyatşünaslıq elminin Xarakterə verdiyi təriflərdən gəlir...

Bütün bu nəzəri cəhdlərdən sonra etiraf edim ki, hər bir ədəbiyyat tarixçisi kimi mən də nəzəriyyədən zəifəm və əslində sırf nəzəriyyəni heç sevmrəm. Əvəzində, Goethe'nin: nəzəriyyə quru ağacdır, dostum, həyat isə yaşıl ağac - deyiminə güvənib, nəzəriyyəni bildiyim kimi işlədirəm :-)".

Günün bütün mövzuları

XS
SM
MD
LG