Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:38

Tələsirdi, həm də evdən tələsdirirdilər


Babək Abbaszadə
Babək Abbaszadə

-

Onunla eyni ildə doğulan Səmayənin oğlu hələ də orda-burda sülənir. İndi də deyirlər İspaniyadadır...

Babək Abbaszadə

MAMED

Tələsirdi, həm də evdən tələsdirirdilər.

5 yaşı olan kimi Mamedi məktəbə qoydular. Proqramı götürə bilmədi. Təzədən müəllim tutdular, 5-ci sinifdə oxuyanda 3-cü, 7-ci sinifdə oxuyanda 5-ci sinfin dərslərini evdə hazırlaşdırırdı.

Şahmat
Şahmat

Şahmata qoydular. Ən çox xoşuna gələn şey piyadanın vəzirə çevrilməyi idi. Mat eləmək elə də maraqli deyildi, bunun üçün gərək axıra kimi oynayasan. Buna da hövsələsi çatmırdı. Gedişləri təzəcə öyrənmişdi.

Müəlliminə hörmət elədilər rayon turnirinə apardı. Bir az oynadı sonra darıxmağa başladı. Gördü ki, piyadalardan birinin qabağı açılıb, başladı qovmağa b4-b5, b5-b6, b6-b... Bir də oyandı ki, rəqibi əlini uzadıb sağollaşır. Baxdı ki, şahı küncə dirəyib boğublar.

Qonşu Tahirin oğlu gözünün odunu almışdı. Atası tez idmana qoydu. Ayıbdı, rayonda filan eşidəllər, biabır olarıq, nəslin adını batırır. Şpaqat açmağı tam öyrənməmişdi. Federasiyada işləyən dayısı düz-qoş elədi Yaponiyaya çempionata göndərdilər. Heç olmasa uşağın gözü açılsın... Osakadan olan bir oğlan vurub mədəsini dağıtdı. Huşunu itirdi, beyninə qan sızdı. Bütün heyət geri döndü ondan başqa. Mamed hələ Yaponiyada müalicə alırdı.

Rəssam olmağa qərar verdi. Gözü divardakı ağac rəsminə sataşdı. Dəhşətə gəldi. İlahi, bu qədər yarpaqların, bu qədər otların hamısını bir-bir çəkməyə gör neçə il vaxt lazımdi. Ürəyi sıxıldı, rəssamlığın başını buraxdı.

Universitetə qoydular. “Narxoz”un əmtəəşünaslığına. Bilmək olmaz, bəlkə SSRİ qayıtdı. Həm sosializmdə iş tapmaq olar, həm də kapitalizmdə.

Nazirlikdə işləyən əmisi söz verdi, ingilis dilini öyrən, gələn il təqaüdlə xaricdə oxumağa göndərim. Fikirləşdi, xaricə getsə gərək birinci kursu orda təzədən oxuya. Yox 1 il itirmək olmazdı. 3 ilim qalıb, birtəhər yola verim getsin.

- Odee aşağı məhlədə qalan Minayənin gədəsi. Getdi o boyda Almaniyada oxudu, gəldi, indi universitetdə dərs keçir, o boyda əziyyətdən sonra, – anası etiraz elədi – biz də deyirdik gələn kimi vəzifəyə gedəcək. Azacıq aşım, ağrımaz başım. Neynəyir eləsin, gözümüzün qabağında olsun. Gedər orda uşağın başına bir iş gələr. Ya da irağ evdən-eşikdən, ləçərin biri yoldan çıxardar, evlənib eləyər. Camaatın içində başıaşağı olarıq. Öz yanımda oxusun, diplomunu alan kimi əlini ilişdirərik bir yerə.

18 yaşı olmuşdu artıq. Başını boş buraxmaq olmazdı. Vaxtında evlən, uşaqlar da tez böyüyüb özlərini çatdırsınlar - atası tez-tez deyirdi.

Hara çatdırsınlar? Nəyə çatdırsınlar? Bunu izah eləyən yox idi. Qəhrəmanımızın başını əvvəlcə bişirdilər, sonra bağladılar. Qiz axtarmağa heç kimdə həvəs yox idi. Bir də onu axtar-araşdır. Hər dəfə gözəllik salonuna gedəndə izlə...

Basıb dayısı qızı ilə evləndirdilər. Guya qıraqdan gətirəndə ağıl verir, gül kimi qızdı, gözümüzün qabağında, əlimizin içində böyüyüb – bunu da anası tez tez deyirdi.

Oğlu oldu. Adını Cəbrayıl qoydular. Amma evdə hamı ona Cəbiş deyirdi. Belə uzun adı axıra qədər deməyə heç kimin vaxtı yox idi, seriallara baxmaqdan.

Kişi gərək evə pul gətirsin, fikirləşirdi. Universitetin də bitməyinə hələ çox var idi. Dekanla danışdı. Dərsə getmirdi, yaxınlıqdakı şadlıq evində ofisiant işləməyə başladı.

Bir dəfə toyda bıçaqlaşma düşdü. Bütün ofisiantları basdılar içəri, Mamed də “чужой похмел” getdi. Atası min bir adama ağız açdı. Bir güclə çıxartdı...

Hərbiyə apardılar. Gedən kimi təklif etdilər. Bir il əsgər olmaqdansa ilyarımlıq zabit ol, ayda da filan qədər maaş. Onsuz da burda pul yığan deyiləm, bundansa tez qayıdıb özümə bir iş tapım. 500 manatdan işləsəm, 200 xərcləsəm, 300 yığsam, eləyir 6 aya 1800 manat – öz-özünə deyirdi – bir ili birtəhər yola verim, getsin. Sərf eləmirdi. İmtina elədi.

Sonra evə zəng elədi, postda durmaq həm çətindir, həm də təhlükəli. Yenə atası gəldi komandiri gördü, “xozvod”da “kaçeqar” qoydurdu. Hərbidən sonra bir il iş axtardı.

8 ildir qazpuluyığan işləyir. 350 manat maaş, arada çak-çuku da olur. Maaşların qalxmağını gözləyir. Söz veriblər gələn il yox, o biri il yanvarın 1-dən artıracaqlar.

Onunla eyni ildə doğulan Səmayənin oğlu hələ də orda-burda sülənir. İndi də deyillər İspaniyadadır. Allah qoymasa nə vaxt ev-eşik sahibi olacaq, nə vaxt evlənəcək, nə vaxt əli çörəyə çatacaq – anası fəxrlə məhlədə danışırdı. Ona kimi biz Cəbişi evləndirəcik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG