Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:54

İ.Əliyev AYİB prezidentini qəbul edib


-

Avropa Yenidənqurma və İnkişaf Bankının özəl sektora yönəltdiyi sərmayələr bu sektorun inkişafına əlavə maliyyə imkanları yaradır.

Prezident İlham Əliyev mayın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə deyib.

Ölkə başçısının rəsmi internet saytı bu haqda xəbər verir.

Xəbərə görə, İ.Əliyev Azərbaycanın AYİB-lə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu, bu əməkdaşlığın ölkədə müxtəlif layihələrin həyata keçirilməsinə töhfə olduğunu deyib.

Suma Chakrabarti isə tərəfdaşlığın getdikcə daha da gücləndiyini, son illər özəl sektora, xüsusilə qeyri-neft sektoruna qoyulan sərmayələrin artdığını deyib.

Görüşdə həmçinin, nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı bildirilir.

AYİB-in sərmayələri artacaq

“2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana sərmayələrində ciddi artım olacaq ”.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə görüşündə belə deyib.

Bu haqda palatanın məlumatında bildirilir.

Məlumata görə, cənab Chakrabarti Azərbaycanla münasibətlərə çox önəm verdiklərini, bank sektorunda həyata keçirilən islahatları dəstəklədiklərini bildirib.

Azərbaycan maliyyə sektorunun mövcud durumu, rəhbərlik etdiyi qurumun strategiyası haqda qonağı məlumatlandıran R.Aslanlı da AYİB-lə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə Azərbaycanla AYİB arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə edilib.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Chakrabarti mayın 24-də Azərbaycana gəlib.

Səfərin iki gün davam edəcəyi qeyd olunur. Mayın 25-də cənab Chakrabarti-nin səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcəyi bildirilir.

Müstəqil səslərə hücumlar

Bu səfər ərəfəsində «Human Rights Watch» hüquq-müdafiə təşkilatı bəyanatla çıxış edib. Qurum bildirir ki, Azərbaycan hökumətinin müstəqil səslərə hücumları bankın xartiyası və digər tələblərinə ziddir.

«Avropa Yenidənqurma və İnkişaf Bankı yeganə maliyyə institutudur ki, çoxtərəfli demokratiya və plüralizmin olduğu ölkələri dəstəkləməyə siyasi mandatı var»,- bəyanatda deyilir.

«Human Rights Watch» qeyd edir ki, mayın 20-də Suma Chakrabarti-yə məktub göndərərək onu Bakıda hökumətin insan haqlarına sayqısızlıq məsələsini qaldırmağa çağırıb.

AYİB Azərbaycanda müstəqilliyin ilk dövründən, yəni 1992-ci ildən fəaliyyət göstərir. Bu günə kimi AYİB-in Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına 146 layihəyə çərçivəsində 2.5 milyard ABŞ dolları həcmində investisiya yatırdığı bildirilir.

AYİB-in Azərbaycan üzrə prioritetlərindən biri dinamik fəaliyyət göstərən kiçik və orta müəssisələrə investisiya yatırmaqla qeyri-neft sektorunun inkişafını dəstəkləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG